PDF Oxu

Sosial

  • 17

Seçkinin taleyini seçicilər həll edir

Seçkinin taleyini seçicilər həll edir
Dünən Yeni Azərbaycan Partiyasının 53 saylı Quba-Qusar seçki dairəsindən namizədi Yevda Sasunoviç Abramovun təşviqatı ilə əlaqədar Qusarın Kuzun Qışlaq, Cağar Qışlaq, Zindan Muruq Qışlaq, Atlıxan, Avaran qışlaq kəndlərində keçirilən görüşlərdə 820 seçici iştirak edib.
Tədbirlərdə çıxış edən deputatlığa namizəd Yevda Sasunoviç Abramov bildirib ki, seçicilər kimi seçəcəkləri barədə ciddi götür-qoy etməli və sonra səs verməlidirlər: "Ümid edirəm ki, sizin səsinizi qazanmaqla 53 saylı Quba-Qusar seçki dairəsinin seçicilərini ikinci dəfə Milli Məclisdə layiqincə təmsil edəcəyəm. Bütün seçiciləri 7 noyabr parlament seçkilərində fəal şəkildə iştirak etməyə çağırıram. Parlament seçkilərində hər bir seçicinin səsi həlledicidir. Seçicilərdən seçki günü böyük fəallıq gözləyirəm. Bu fəallıq arzuolunandır, zəruridir. Çünki seçkinin taleyini məhz seçicilər həll edir. İnanıram ki, seçicilərin seçimi bu dəfə də doğru, ədalətli olacaq, onlar məhz "Güclü dövlət, yüksək rifah" naminə seçim edəcəklər".
Y.Abramov qeyd edib ki, hazırda Azərbaycanda keçiriləcək parlament seçkilərinə həm ölkə ictimaiyyəti, həm də beynəlxalq qurumlar böyük maraq göstərir: "7 noyabr parlament seçkilərinə, ümumilikdə, böyük diqqət, maraq var. Azərbaycanda keçiriləcək növbəti seçkilər həm ölkə ictimaiyyətinin, həm də nüfuzlu beynəlxalq qurumların diqqət mərkəzindədir. Bu, çox təqdirəlayiq, müsbət haldır. Bütün bunlar Azərbaycanın regionda, ən nüfuzlu, ən demokratik dövlət olmasından irəli gəlir".
Keçirilən görüşlərdə seçicilər millət vəkili kimi, Yevda Abramovun ötən beşillik fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Yerli sakinlər yenidən millət vəkili seçiləcəyi təqdirdə, Y.Abramovdan səmərəli, uğurlu fəaliyyət gözlədiklərini söyləyiblər. Seçisilər deputatlığa namizəd Y.Abramovla onları maraqlandıran məsələlərlə əlaqədar fikir mübadiləsi aparıblar, öz qayğılarını, arzularını dilə gətiriblər.
Görüşlərdə çıxış edən seçicilər Milli Məclis üzvlüyünə namizəd Yevda Abramov barədə müsbət fikirlər, xoş sözlər söyləyiblər, onu yaxşı tanıdıqlarını bildiriblər, beş il millət vəkili olaraq, fəaliyyət göstərən bir insan kimi, onun haqqında yüksək fikirdə olduqlarını vurğulayıblar. Seçicilər bu səbəbdən deputatlığa namizəd Yevda Abramova böyük hörmət bəslədiklərini qeyd ediblər, noyabrın 7-də keçiriləcək parlament seçkilərində məhz onu dəstəkləyəcəklərini bildiriblər.
Deputatlığa namizəd Yevda Abramovun təbliğat-təşviqat xarakterli görüşləri davam edir.

Digər xəbərlər