Dünən Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədi Tahir Süleyman oğlu Süleymanovun təşviqatı ilə əlaqədar görüşlər davam etdirilib.
Belə ki, deputatlığa namizəd Tahir Süleymanov təbliğat-təşviqat kampaniyası çərçivəsində Əmirxanlı kənd kitabxanasının binasında Əmirxanlı, Vələsli, Qazbabalı kənd sakinləri və səhiyyə işçiləri ilə görüşüb. Bu görüşlərdə, ümumilikdə, 330 seçici iştirak edib.
Keçirilən görüşlərdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deputatlığa namizəd Tahir Süleymanovun həyat və fəaliyyəti barədə məlumat verib. M.Balabəyov T.Süleymanovun təbliğat-təşviqat kampaniyasının Şabranda müvəffəqiyyətlə davam etdiyini söyləyib: "Seçicilər Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanovun fəaliyyətinə böyük ümidlə yanaşır, millət vəkili seçiləcəyi təqdirdə, onun şabranlıları maraqlandıran məsələlərin həllində fəal iştirak edəcəyinə inanırlar. Şabran sakinləri 7 noyabr parlament seçkilərində məhz Tahir Süleymanova səs verəcəklər. Çünki T.Süleymanov ötən beş il ərzində, millət vəkili kimi, ona göstərilən etimadı layiqincə doğrulda bilib. Odur ki, deputatlığa namizəd Tahir Süleymanov yenidən Milli Məclisin üzvü seçilməyə layiqdir".
M.Balabəyov Yeni Azərbaycan Partiyasını təmsil edən əksər namizədlərin parlament seçkilərində böyük uğur qazanacağına əmin olduğunu bildirib: "Yeni Azərbaycan Partiyası xalqa güvənən, qüdrətli siyasi təşkilat kimi xalqın böyük etibarını, rəğbətini qazanıb və ona bəslənilən ümidləri yüksək səviyyədə doğruldub. Bütün bunlar partiyanın nüfuzu, populyarlığı, siyasi qüvvə kimi xalqın, dövlətin maraqlarını dolğun şəkildə ifadə etməsi ilə əlaqədardır. Parlament seçkilərində seçicilərin mütləq əksəriyyəti məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək. Partiyamız azad, şəffaf, demokratik rəqabət şəratində seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanmağa qadir olduğunu dəfələrlə sübut edib".
Keçirilən görüşlərdə geniş və məzmunlu çıxış edən Milli Məclis üzvlüyünə namizəd T.Süleymanov yenidən millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə seçicilərə geniş məlumat verib: "Biz Yeni Azərbaycan Partiyası ilə yüksək rifaha, tərəqqiyə doğru irəliləyirik. Yeni Azərbaycan Partiyası yarandığı gündən milli dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın yüksək sosial rifahı naminə fəaliyyət göstərir. Bu mənada, Yeni Azərbaycan Partiyasının amalı məhz "Güclü dövlət, yüksək rifah"dır. Yeni Azərbaycan Partiyasının müstəqil, demokratik və çiçəklənən Azərbaycanın qurulmasında mühüm rolu var. Odur ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində növbəti dəfə böyük, inamlı qələbə qazanacağına əminəm".
Keçirilən görüşlərdə seçicilər deputatlığa namizəd Tahir Süleymanova öz təkliflərini, fikirlərini çatdırıblar, onu yenidən millət vəkili kimi görmək istədiklərini bildiriblər. Seçicilər görüşlərdə onları maraqlandıran və qayğılandıran məsələləri qaldırıblar.
Deputatlığa namizəd Tahir Süleymanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir.