Davamlı inkişafın qarantı Yeni Azərbaycan Partiyasıdır
Dünən Yeni Azərbaycan Partiyasının 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Nizami Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Zəlimxan və Dağ Kəsəmən kəndlərində seçicilərlə növbəti görüşü keçirilib. Zəlimxan kəndinin seçicilərinin iştirakı ilə keçirilən görüşdə YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov çıxış edərək, noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkiləri barədə seçiciləri məlumatlandıraraq, YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa Nizami Cəfərovun namizədliyinin irəli sürdüyünü bildirib. YAP-ın regionun ən aparıcı siyasi təşkilatı olmasından danışan R.Tatarov 7 noyabr parlament seçkilərinə vahid seçki platforması ilə getdiyini söyləyib. Təşkilat sədri ağstafalıların, hər zaman olduğu kimi, budəfəki seçkilərdə də YAP-ın namizədlərini dəstəkləyəcəklərinə əmin olduğunu bildirdi.
YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi Nizami Cəfərov da seçicilər qarşısında çıxış edərək, onları noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə aktiv olmağa çağırdı. N.Cəfərov bu vaxta qədər keçirilən seçkilərdə Zəlimxan kəndindən olan seçicilərin YAP-ın namizədinə dəstək verdiklərini bildirərək, budəfəki seçkilərdə də onu dəstəkləyəcəklərinə inandığını bildirdi. N.Cəfərov seçicilərin YAP-ın namizədinə səs verməklə, həm də Azərbaycan dövlətçiliyinə səs verdiklərini bildirib. Görüşdə seçicilər onları maraqlandıran məsələlərin həlli ilə bağlı fikirlərini açıqlayıblar.
Dünən YAP-ın Ağstafa rayon təşkilatının rəhbərliyi ilə YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Nizami Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində daha bir görüş rayonun Dağ Kəsəmən kəndində keçirilib. 300 nəfərdən çox seçicinin iştirakı ilə keçirilən görüşdə YAP Ağstafa rayon təşkilatının sədri R. Tatarov, 108 saylı Ağstafa seçki dairəsindən YAP-ın deputatlığa namizədi N.Cəfərov və rayon ictimaiyyətinin nümayəndələri çıxış edib. Görüşdə seçiciləri maraqlandıran bir sıra suallara cavab verilib. Dağ Kəsəməndən olan seçicilər kənddəki bəzi sosial problemlərin həlli ilə bağlı məsələ qaldırıblar. YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Nizami Cəfərov seçicilər qarşısında çıxışında noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçicilərin ən layiqli namizədə səs verməkdə müstəqil olduqlarını bildirərək, onları aktiv olmağa çağırıb. Deputatlığa namizəd çıxışı zamanı öz platforması ilə bağlı da seçiciləri tanış edib. Ağstafa əhalisinin onu yaxından tanıdığını bildirən deputatlığa namizəd budəfəki seçkilərdə seçicilərin etimadını qazanarsa, onların problemlərinin həllinə yaxından kömək etməyə çalışacağını, bununla bağlı əlaqədar təşkilatlar qarşısında məsələ qaldıracağını bildirib.
Görüşdə iştirak edən seçicilər bu vaxta qədər keçirilən bütün seçkilərdə YAP-ın namizədini dəstəklədiklərini bildirərək, 7 noyabr parlament seçkilərində də seçki məntəqələrinə gələrək, YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi N.Cəfərova səs verəcəklərini bildiriblər.
YAP-ın Ağstafa rayon təşkilatı tərəfindən partiyanın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi N.Cəfərovun təbliğat - təşviqat tədbirləri davam edir.