Ən layiqli namizədə səs verəcəyik
Dünən 7 noyabr parlament seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əli Səftər oğlu Əliyevlə Nabran, Seyidli kəndləri seçicilərinin görüşü keçirilib.
Keçirilən görüşlərdə giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edib. Seçicilərdən Nəzakət İsgəndərova, Əhməd Qurbanəliyev, Səhladar Nəsibov, Sabir Daşdəmirov və başqaları görüşlərdə çıxış edərək, parlament seçkilərində deputatlığa namizəd İlham Əliyevə səs verəcəklərini bildiriblər.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev görüşlərdə Milli Məclis üzvlüyünə namizəd İlham Əliyev barədə seçicilərə ətraflı məlumat verib. N.Ağayev bildirib ki, Xaçmaz sakinləri Milli Məclis üzvlüyünə namizəd İlham Əliyevi yaxışı tanıyırlar və onun fəaliyyətinə, potensialına yaxından bələddirlər: "Seçicilərin deputatlığa namizəd İlham Əliyevin keçirdiyi görüşlərdə fəal iştirakı buna əyani sübutdur. İnanırıq ki, o, millət vəkili seçilərək, xaçmazlıları Milli Məclisdə ləyaqətlə təmsil edəcək".
Deputatlığa namizəd İlham Əliyev görüşdə bildirib ki, seçicilərin belə fəallığı onu çox sevindirir: "Seçicilərin qaldırdıqları məsələlər, verdikləri suallar çox böyük, prinsipial əhəmiyyət kəsb edir. Burada səslənən fikirlərdən aydın görünür ki, onlar Milli Məclis deputatlığına namizədin bacarığına, qabiliyyətinə, şəxsi keyfiyyətlərinə xüsusi diqqət yetirirlər. Bu baxımdan, seçicilərin fikri, rəyi, münasibəti bizim üçün olduqca vacibdir".
İ.Əliyev görüşdə seçicilərin yüksək fəallığından razı qaldığını bildirib: "Hazırda seçicilərin fəallığı çox böyük əhəmiyyət kəsb edir. Xüsusən, seçki günü hər bir seçici seçkidə fəal iştirak etməlidir. Çünki istənilən seçkinin taleyini, bu mənada, kimin millət vəkili seçiləcəyini də məhz seçicilər həll edir. İnanıram ki, seçicilərin dəstəyi sayəsində bu seçkilərdə qələbə qazana biləcəyəm".
Milli Məclis üzvlüyünə namizəd İlham Əliyev görüşdə seçicilərin qaldırdığı məsələlərə də münasibət bildirib. Deputatlığa namizəd İlham Əliyev çıxışı əsnasında seçicilərə keçirilən görüşlərdə fəal iştiraklarına görə, təşəkkür edib. Seçicilər namizədin çıxışını böyük maraqla dinləyiblər. Onlar Milli Məclis üzvlüyünə namizəd İlham Əliyevin onların etimadını doğruldacağına əmin olduqlarını, 56 saylı Xaçmaz kənd seçki dairəsində məhz Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.
Seçicilər görüşdə deputatlığa namizəd İlham Əliyev haqqında fikirlərini bildiriblər, bir seçici kimi onları qayğılandıran məsələlərdən danışıblar. Onlar namizədin seçki platforması ilə yaxından tanış olduqlarını və onu bəyəndiklərini vurğulayıblar. Seçicilər daha sonra qeyd ediblər ki, deputatlığa namizəd İ.Əliyevə inanır, millət vəkili seçiləcəyi təqdirdə, onun üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyinə böyük ümid bəsləyirlər.Deputatlığa namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası müvəffəqiyyətlə davam edir.