Seçicilər inkişafa və demokratiyaya səs verəcək
deputatlığa namizədliyi irəli sürülmüş, partiyanın İcra katibinin müavini Mübariz Qurbanlının Şəmkirin Abbaslı kəndində seçicilərlə görüşü keçirilib
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 100 saylı Şəmkir -Daşkəsən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş, partiyanın İcra katibinin müavini Mübariz Qurbanlı Şəmkirin Abbaslı kəndində seçicilərlə növbəti görüşünü keçirib.
Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ölkəmizin həyatında xüsusi əhəmiyyətə malik olan noyabrın 7-də keçiriləcək parlament seçkilərindən danışdı. Bildirdi ki, Azərbaycanda keçirilən hər bir seçki prosesi demokratik prinsiplərə, sivil dəyərlərə söykənir. YAP tərəfindən parlament üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin birmənalı şəkildə cəmiyyətin dəstəyilə əhatə olunduğunu bildirən F.Vəliyev şəmkirlilərin dövlət və dövlətçiliyimiz naminə həmişə böyük fəallıq nümayiş etdirdiyini vurğuladı.
YAP İcra katibinin müavini, deputatlığa namizəd Mübariz Qurbanlı şəmkirlilərlə hər bir görüşün onun üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycan özünün inkişaf strategiyası ilə bütün dünyaya örnək olur. YAP İcra katibinin müavini dövlətimizin gücünün və qüdrətinin günü-gündən artdığını bildirərək, Azərbaycanda mükəmməl demokratik seçki ənənələrinin formalaşdığını seçicilərin diqqətinə çatdırdı. Bildirdi ki, bu gün Azərbaycan cəmiyyəti ölkədə gedən böyük inkişafdan yararlanaraq, daha mütərəqqi ideyaların təmin edilməsində maraqlı mövqedən çıxış edir: "Azərbaycan özünün malik olduğu resurslardan istifadə edərək, öz gücünü günü-gündən artırmaqdadır. Bu gün güclü təməllər üzərində öz qüdrətini daha da artıran dövlətçiliyimiz dünya miqyasında aparıcı mövqeyə malikdir". M.Qurbanlı Yeni Azərbaycan Partiyasının hər zaman xalqa, dövlətə ləyaqətlə xidmət etdiyini və əmin olduğunu bildirdi ki, seçicilər 7 noyabr parlament seçkilərinə gedərək, ən layiqli namizədə səs verəcəklər.
Seçicilər adından çıxış edən Abbaslı kənd sakinləri Yeni Azərbaycan Partiyasının xalq tərəfindən böyük dəstəyə malik olduğunu və 7 noyabr parlament seçkilərində YAP-ın deputatlığa namizədi, partiyanın İcra katibinin müavini Mübariz Qurbanlıya dəstək olacaqlarını bildirdilər.