PDF Oxu

Sosial

  • 11

Zəngilanın işğalından 17 il ötür

Zəngilanın işğalından 17 il ötür
1993-cü il oktyabrın 29-da Zəngilan rayonu işğal edildi və bu, Azərbaycanın ermənilər tərəfindən işğal edilən sonuncu rayonu oldu. Qeyd edək ki, işğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 18 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki-peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
Əlverişli coğrafi mövqeyə malik Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 700 kv km-dən, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb.
Zəngilan birinci Qarabağ müharibəsində 188 şəhid verib və bu günədək rayonun 44 sakini itkin düşüb. Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Bundan sonra rayon özünümüdafiə dəstələrinin ümidinə qalıb. Lakin özünümüdafiə dəstələri də erməni silahlı birləşmələrinin hücumlarının qarşısını ala bilməyiblər. Amma Zəngilana erməni qüvvələrinin daxil olacağını rayon camaatı bilib. Buna görə də, rayon sakinləri dərələrdə gecələyib. Erməni tankları 4 tərəfdən rayona hücuma keçərək, 2-ci Xocalı faciəsini törətmək istəsə də, bu, baş tutmayıb. Əhali cəld tərpənərək, özünü Araz çayına atıb və İran ərazisinə keçib. Bununla da, zəngilanlılar gözlənilən soyqırımdan yaxa qurtara biliblər.
YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov qəzetimizə açıqlama verərək, bildirdi ki, ərazisi işğal altında qalan, əhalisi respublikamızın 43 rayonunda məskunlaşan zəngilanlı məcburi köçkünlərin mövcud problemlərinin həll edilməsinə daim qayğı göstərilir: "Lakin ata-baba yerlərinə həsrət hələ də qalmaqdadır. Qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsi, onların problemlərinin həlli Ümummilli Liderimiz Heydər Əliyevin daim diqqət mərkəzində idi. Son illər isə Ulu Öndərin bu siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir".
Ə.Hüseynov doğma yurddan ayrı düşməyin çox ağır olduğunu da söylədi: "1993-cü ilin oktyabrın 29-da erməni tankları 4 tərəfdən hücum edərək, Zəngilanı ələ keçirib. Əlverişli coğrafi mövqeyə və mühüm strateji əhəmiyyətə malik Zəngilanın ərazisi 707 kvadratkilometr, əhalisi isə 35,6 min nəfər olub. Qeyd edək ki, Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonu olub. Ermənilər bu rayonun ərazisində kütləvi yanğınlar törədib, çoxillik qoz, çinar, və şam ağaclarını qırıb. 1993-cü il oktyabrın 29-da işğal olunan Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatlar - 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6 min 618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçu-çay mərmərləşmiş əhəngdaşı və digər təbii ehtiyyatlar istismar edilib. Bu gün belə zəngin sərvətə malik olan Zəngilansızlığa dözmək çox ağırdır. Doğma yurd yerindən məcburiyyət qarşısında baş götürüb gedəndə isə dözülməz müsibətli anlar yaşayırsan. Məşəqqətli vaxtda əgər xalqımızın Ümummilli Lideri Heydər Əliyev İran İslam Respublikasının rəhbərləri ilə danışıqlar aparıb, Araz çayının suyunun azaldılmasına nail olmasaydı, zəngilanlıların böyük əksəriyyəti bu gün yaşamazdı. Xocalı soyqırımından da böyük faciə baş verərdi. Torpaqlarımız təcavüzə məruz qaldıqdan sonra da, Ümummilli Liderimiz Heydər Əliyev qaçqınlara və məcburi köçkünlərə hədsiz həssaslıqla yanaşdı, qayğı göstərdi".
Söhbət etdiyimiz Zəngilan sakinləri də, birmənalı şəkildə, qeyd etdilər ki, zəngilanlılar qəlbən torpağa bağlı adamlardır. Dövlətə sədaqətdə də həmişə seçiliblər: "Möhtərəm Prezident İlham Əliyevin apardığı xarici və daxili siyasəti ürəkdən bəyənirik, gündəlik qayğısına görə minnətdarıq. İnanırıq ki, dövlət başçısının apardığı xarici və daxili siyasət məcburi köçkünləri arzuladıqları günə çatdıracaq, biz tezliklə ata-baba yurdumuza qayıdacağıq".

Digər xəbərlər