Əmircan seçiciləri akademik Ağacan Abiyevə səs verəcəklər
Dünən YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Ağacan Qulam oğlu Abiyevin rayonun Əmircan qəsəbəsinin təhsil işçiləri ilə növbəti görüşü keçirilib.
200-ə yaxın seçicinin iştirak etdiyi görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov parlament seçkiləri ilə bağlı məlumat verərək, 1993-cü ildən bu günə qədər Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirildiyini söylədi. 7 noyabrda da parlament seçkilərinin şəffaf və demokratik keçiriləcəyini vurğulayan F.Rəsulov hüquqi-demokratik dövlət quruculuğu prosesində seçkilərin əhəmiyyətindən danışdı: "Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi ənənəsi qoyulmuşdur. 1993-cü ildən bu günə kimi keçirilən bütün seçkilərdə xalqın seçimi Yeni Azərbaycan Partiyasının siyasi-ideoloji kursunun dəstəklənməsi olub. Bu, nöqteyi-nəzərdən də, əminliklə demək olar ki, noyabrın 7-də keçiriləcək parlament seçkilərində də xalqın seçimi dəyişməyəcək. İnanıram ki, bütün suraxanılılar sosial-iqtisadi inkişafın davam etdirilməsi, demokratik proseslərin sürətləndirilməsi üçün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və ölkə Prezidenti İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən şəxsləri dəstəkləyəcəklər".
YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Ağacan Qulam oğlu Abiyev çıxışına onunla görüşə gəlmiş bütün seçicilərə təşəkkürünü bildirməklə başladı. O, daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışdı. Akademikin sözlərinə görə, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun Azərbaycana çox böyük uğurlar qazandırdığını söylədi: "Bu uğurları mən çalışdığım sahələrdə də aydın görmək mümkündür. Bilirsiniz ki, son illərdə ölkəmizin elmi potensialını gücləndirmək, təhsilin, idmanın səviyyəsini yüksəltmək üçün mühüm islahatlar həyata keçirilib. Eyni inkişafı idmanın bütün sahələrinin dirçəlməsində də görürük. Bu sahənin inkişafı üçün cənab Prezidentin rəhbərliyi ilə çox böyük addımlar atılıb. Bu işlərin həyata keçirilməsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın rolu danılmazdır. Təbii ki, bütün bu inkişafın əldə olunmasında, dövlətçiliyimizin möhkəmlənməsində Azərbaycanın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının xidməti və rolu inkarolunmazdır. Ona görə də, 7 noyabr parlament seçkilərində seçicilərimiz məntəqələrə gedərək, daim Azərbaycan dövlətçiliyinə, xalqımıza sədaqətlə xidmət edən, dövlətçiliyimizin inkişafının keşiyində dayanan Yeni Azərbaycan Partiyasının bütün namizədlərinə səs verməyə çağırıram".
Görüşdə çıxış edən seçicilər də Ağacan Abiyevin rayonun daha da inkişaf etdirilməsi üçün gördüyü işlər haqqında danışdılar, onu yenidən millət vəkili görmək istədiklərini və 7 noyabr seçkilərində yalnız YAP-ın namizədinə səs verəcəklərini söylədilər.