Qələbə Yeni Azərbaycanındır
Dünən - oktyabrın 28-də Yeni Azərbaycan Partiyasının 53 saylı Quba-Qusar seçki dairəsindən deputatlığa namizədi Yevda Sasunoviç Abramovun təşviqatı ilə əlaqədar Giləzi, Afurca, Çiçi, Təngəaltı, Səbətlər kəndlərində seçicilərlə görüşləri keçirilib. Görüşlərdə 700 seçici iştirak edib.
Keçirilən görüşlərdə namizədin səlahiyyətli nümayəndəsi, YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev giriş sözü ilə çıxış edərək, Milli Məclis üzvlüyünə namizəd Yevda Sasunoviç Abramovun həyatı və fəaliyyəti barədə danışıb, Milli Məclis üzvlüyünə namizəd kimi, potensialına, nüfuzuna və müsbət şəxsi keyfiyyətlərinə görə, rəqiblərini əhəmiyyətli dərəcədə üstələdiyini qeyd edib. Görüşlərdə iştirak edən seçicilər Milli Məclis üzvlüyünə namizəd Yevda Abramovu yaxşı tanıdıqlarını bildiriblər. Onlar deputatlığa namizəd Yevda Abramova böyük hörmət bəslədiklərini, noyabrın 7-də keçiriləcək parlament seçkilərində məhz onu dəstəkləyəcəklərini söyləyiblər.
Ədalət Nəbiyev çıxışı əsnasında bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqın böyük dəstəyinə güvənir: "Partiyamız indiyədək iştirak etdiyi bütün seçkilərdə inamlı qələbə qazanıb. Xalqa, Azərbaycan dövlətçiliyinə xidmət Yeni Azərbaycan Partiyasının başlıca amalı, qayəsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyasının milli, müstəqil dövlətçiliyimizin formalaşmasında, möhkəmlənməsində mühüm rolu var. YAP hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Xalqın sosial rifahının yüksəldilməsi həmişə Yeni Azərbaycan Partiyasının ali məqsədlərindən biri olub. Partiyamızın bu gün ölkədə və regionda aparıcı, alternativsiz siyasi qüvvəyə çevrilməsinin sirri də məhz bundadır.".
Ədalət Nəbiyev çıxışında 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını söyləyib. Qeyd edib ki, bu mühüm prosesdə seçicilərin fəal iştirakı zəruridir: "Qubalıların Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə dəstək olacağını əminliklə söyləmək olar. İnanıram ki, Quba sakinləri "Güclü dövlət, yüksək rifah" naminə seçkilərdə ən layiqli namizədlərə səs verəcəklər. Qubanın kəndlərində keçirilən görüşlərdə seçicilərin böyük fəallığı belə söyləməyə əsas verir".
Ə.Nəbiyev onu da qeyd edib ki, partiyanın rayon təşkilatı ölkədə keçirilən bütün seçkilərə ciddi şəkildə, qələbə əzmi ilə hazırlaşır: "Yeni Azərbaycan Partiyası 7 noyabr parlament seçkilərinə yeni texnologiya ilə, layiqli namizədlərlə, ən başlıcası isə, Ümummilli Lider Heydər Əliyev ideyaları ilə gedir. Partiyamız "Güclü dövlət, yüksək rifah" şüarını rəhbər tutaraq, namizədlərin təbliğatını fəal şəkildə həyata keçirir. Seçicilərin YAP namizədlərinin təşviqatında fəal iştirakı göstərir ki, biz bu seçkidə mütləq səs çoxluğu ilə qələbə qazanacağıq".
Ə.Nəbiyev görüşdə iştirak edən seçicilərin Yeni Azərbaycan Partiyasının namizədi Yevda Sasunoviç Abramova səs verməyə çağırıb. O, seçicilərin deputatlığa namizəd Yevda Abramova səs verəcəklərinə inandığını söyləyib.
Görüşlərdə çıxış edən deputatlığa namizəd Yevda Sasunoviç Abramov sakinlərin təşviqat kampaniyasında kütləvi iştirakından razı qaldığını söyləyib. O, seçicilərə təbliğat-təşviqat kampaniyasında onu fəal şəkildə dəstəklədiklərinə görə, öz minnətdarlığını bildirib. Deputatlığa namizəd Yevda Abramov qeyd edib ki, bu seçkidə hər bir seçicidən yüksək dəstək gözləyir. O bildirib ki, seçicilər kimi seçəcəkləri barədə ciddi götür-qoy etməli və sonra səs verməlidirlər: "Bütün seçiciləri 7 noyabr seçkilərində fəal şəkildə iştirak etməyə çağırıram. Çünki parlament seçkilərində hər bir seçicinin səsi həlledicidir. İnanıram ki, sizin səsinizi qazanmaqla Quba rayonunun ikinci dəfə Milli Məclisdə layiqincə təmsil edə biləcəyəm. Əminəm ki, seçicilər, doğru, düzgün, ədalətli seçim edəcəklər".
Y.Abramov vurğulayıb ki, bu gün Azərbaycanda keçirilən parlament seçkilərinə diqqət, maraq olduqca böyükdür: "Bu, Azərbaycanın regionda, ən nüfuzlu, ən demokratik dövlət olmasından irəli gəlir. Bütün bunlar Azərbaycanda baş verən sürətli, dinamik inkişafın nəticəsidir".
Görüşlərdə seçicilərdən C.Hacıyev, M.Ələsgərov və başqaları çıxış edib. Seçicilər keçirilən görüşlərdə millət vəkili kimi, Yevda Abramovun ötən beşillik fəaliyyətindən razı qaldıqlarını bildiriblar. Onlar deputatlığa namizəd Y.Abramovla seçiciləri maraqlandıran məsələlərlə əlaqədar fikir mübadiləsi aparıblar, öz qayğılarını, arzularını dilə gətiriblər. Yerli sakinlər yenidən millət vəkili seçiləcəyi təqdirdə, ondan hər zaman olduğu kimi, səmərəli, uğurlu fəaliyyət gözlədiklərini söyləyiblər.