PDF Oxu

Sosial

  • 9

YAP-ın qələbəsi tərəqqi və inkişafın davamlı olmasını təmin edəcək

YAP-ın qələbəsi tərəqqi və inkişafın davamlı olmasını təmin edəcək
7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Belə görüşlərdən birini də dünən seçicilərlə hakim Yeni Azərbaycan Partiyasının 103 saylı Gədəbəy seçki dairəsindən namizədi Sevinc Əmirəhməd qızı Hüseynova Dəyəqarabulaq kəndində keçirdi.
Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri, namizədin səlahiyyətli nümayəndəsi Ramazan Muradov bildirib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, növbəti parlament seçkilərində iştirak etmək üçün namizədliyin irəli sürülməsi müddəti başa çatıb. Rayonda iki seçki dairəsi yerləşir və Yeni Azərbaycan Partiyası bu dairələr üzrə öz namizədlərini irəli sürüb. Belə ki, partiyanın İdarə Heyətinin qərarına əsasən, 103 saylı Gədəbəy seçki dairəsindən Sevinc Əmirəhməd qızı Hüseynovanın, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən isə Rafiq Musa oğlu Məmmədhəsənovun millət vəkilliyinə namizədliyi YAP tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, bu namizədlər ictimai-siyasi fəaliyyətləri və şəxsi keyfiyyətləri ilə ictimaiyyət arasında böyük hörmət və nüfuz qazanıblar. Gədəbəyin inkişaf və tərəqqi yolunda inamlı addımlar atmasında YAP fəallarının da böyük rolunun olduğunu söyləyən təşkilat sədrinin sözlərinə görə, bütün çətinlikləri və maneələri mətinliklə, cəsarətlə dəf edən partiya üzvləri daha bir sınaq qarşısındadırlar: "2010-cu il noyabr ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası öz namizədləri ilə bu seçkilərə "Güclü dövlət, yüksək rifah" şüarı ilə qatılıb. Məlum həqiqətdir ki, möhtərəm Prezidentimiz Azərbaycanın güclü və qüdrətli dövlət olması, insanların rifah halının yüksəlməsi, firavan, xoşbəxt həyat sürməsi naminə yorulmaq bilmədən çalışır. Yeganə məqsədimiz ölkə başçısının fəaliyyətini yekdilliklə dəstəkləmək və YAP-ın qələbəsinə nail olmaqdır. Ona görə, sizlərin hər birinizi YAP-ın layiqli namizədi Sevinc Əmirəhməd qızı Hüseynovaya səs verməyə çağırıram".
200 nəfərə qədər seçicinin iştirakı ilə keçirilən görüşdə çıxış edən namizədin seçki qərargahının üzvü Namiq Rüstəmov Azərbaycanın qısa bir zaman ərzində qazandığı nailiyyətlərdən, əldə olunan uğurlardan danışaraq, həyata keçirilən layihələrin müsbət nəticəsi ətrafında fikirlərini bildirib. N.Rüstəmov, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında 7 noyabrda parlamentə növbəti seçkilərin mühüm əhəmiyyət daşıdığını söyləyib və taleyüklü tədbirdə seçicilərin üzərinə düşən vəzifələrdən bəhs edib. Bildirib ki, parlament seçkilərində, respublikamızın hər yerində, o cümlədən, Gədəbəydə də seçicilərin böyük fəallıq nümayiş etdirməsi heç kəsdə şübhə doğurmur. Bu baxımdan da, gədəbəylilərin, birmənalı olaraq, Yeni Azərbaycan Partiyasının irəli sürmüş olduğu namizədə dəstək olacağını əminliklə söyləmək olar.
Görüşdə çıxış edən 103 saylı Gədəbəy seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Sevinc Əmirəhməd qızı Hüseynova seçicilərin belə mütəşəkkilliklə iştirak etdiklərinə görə, onlara minnətdarlıq edib və öz platforması barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Milli Məclisə, ölkənin ali qanunvericilik orqanına seçkilər Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biridir. Bu seçkilər ölkədə həyata keçirilən siyasi strategiyaya xalqın münasibətini əks etdirərək, gələcək inkişaf xəttinin formalaşmasına istiqamət verəcək. Sevinc Hüseynova əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə sabitlik və əmin-amanlıq yaradılıb, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməli qoyulub, insan hüquq və azadlıqları təmin edilib. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında yeni çalarlar əlavə olunaraq davam etdirilir. Qısa vaxtda yüz minlərlə yeni iş yerlərinin açılması, əmək haqlarının, təqaüd və müavinətlərin dəfələrlə artırılması, ölkəmizdə ildən-ilə geniş vüsət alan quruculuq-abadlıq işləri və infrastruktur layihələri hər bir vətəndaşın həyat səviyyəsini yüksəldib. Azərbaycan bütün sosial-iqtisadi göstəricilərə görə, regionun lider dövlətinə çevrilib.
S.Hüseynova parlament seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlər sırasında qadınların xüsusi yerinin olmasını müsbət qiymətləndirib. Noyabrın 7-də keçiriləcək parlament seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş qadınların da böyük ictimai dəstəklə əhatə olunacağına əminliyini ifadə edən S.Hüseynova, seçicilərin seçki hüquqlarından istifadə edərək, ən layiqli namizədlərə səs verəcəklərinə əminliyini bildirib.
Sonda çıxış edən Dəyəqarabulaq kənd sakinləri vurğuladılar ki, Azərbaycanın xoşbəxt gələcəyi naminə seçkilərdə fəal olacaq, dövlətimizin daha da qüdrətlənməsini, hər bir Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasını təmin edən hakim partiyanın namizədini dəstəkləyəcəklər.

Digər xəbərlər