Hər bir səs gələcəyimiz üçün önəmlidir
Dünən Yeni Azərbaycan Partiyasının 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədi Sevinc Həbib qızı Fətəliyevanın Suraxanı rayonu Hövsan qəsəbəsi, 12/13 məhəllə, 24 saylı binanın həyətində seçicilərilə növbəti görüşü keçirildi. YAP tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən Sevinc Həbib qızı Fətəliyeva sakinlərin evlərinə gedərək, onlarla görüşdü, problemləri ilə maraqlandı. Namizədlə görüşən sakinlər bir daha bildirdilər ki, yalnız Yeni Azərbaycan Partiyasını tanıyır və bu partiyanın namizədlərinə inanırlar. Ona görə də, noyabrın 7-də keçiriləcək seçkilərdə ancaq və ancaq Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Sonra namizədlə görüş açıq havada oldu. Görüşdə YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov çıxış edərək, noyabrın 7-də səsvermə günü seçiciləri düzgün seçim etməyə səslədi: "İnanıram ki, bu gün Azərbaycanımızın uğurlu gələcəyini düşünən hər bir seçici Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməklə, düzgün seçim etmiş olacaq. Çünki bu seçim uğurlu, xeyirli və faydalı bir seçimdir".
Seçkilərdə müxtəlif partiyalar və fərdi namizədlərin iştirak etdiyini söyləyən F.Rəsulov parlament seçkiləri ilə bağlı öz namizədlərini irəli sürdüyünü vurğuladı. Bildirdi ki, YAP hər bir seçkidə iştirak edərkən, həmişə daha layiqli namizədləri irəli sürüb. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən F.Rəsulov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından ətraflı bəhs etdi. Onun sözlərinə görə, 2005-ci ildən indiyə qədər Azərbaycan böyük inkişaf yolu keçib və bu, hər birimizin gözü qarşısında baş verib: "Bu müddət ərzində iqtisadiyyatımızın yüksəlməsi nəticəsində insanların əmək haqları, pensiyalar artıb və regionlarımızda böyük yeniliklər baş verib. Bu gün xalqımızın yaşayış səviyyəsi xeyli dəyişib. Bütün bu görülən işlərin hamısı insanların rifahının yüksəlməsinə xidmət edir".
Görüşdə namizədin vəkilləri Zəkiyyə Musayeva, Hikmət Babayev çıxış edərək, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının bu gün xeyli güclənərək, ətrafında 520 mindən çox üzvü birləşdirdiyini söylədilər. Bildirdilər ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə partiyamız inkişafının yeni mərhələsinə qədəm qoyub: "Bu inkişaf gələcəkdə daha böyük vüsət alacaq. İnkişaf prosesində partiyamızın fəalları da yaxından iştirak edir. Çünki YAP xalqın partiyasıdır. Həmçinin Suraxanı rayonunun sakinləri öz dövlətini sevən, ona sadiq olan insanlardır. Ona görə də, rayonumuzun seçiciləri seçki günü elliklə seçkilərdə iştirak edəcək və partiyamızın irəli sürdüyü namizədi dəstəkləyəcəklər".
Sonra deputatlığa namizəd Sevinc Fətəliyeva seçiciləri qarşısında geniş çıxış etdi. Deputatlığa namizəd YAP-ın siyasi nüfuzundan, partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasından, sosial rifah siyasətinin uğurlarından ətraflı danışdı. S.Fətəliyeva YAP-ın bu seçkilərə vahid iqtisadi-siyasi platforma ilə getdiyindən ətraflı danışaraq, bildirdi ki, "Yeni Azərbaycan Partiyası vəd vermir, YAP real iş görür. Bunu bizim partiyanın 19 illik tarixi sübut edir".
Daha sonra seçicilər onları maraqlandıran məsələlərlə bağlı deputatlığa namizəd Sevinc Fətəliyevaya müraciətlər edib, suallar verdilər.