Seçicilər Yeni Azərbaycan Partiyasına dəstək nümayiş etdirirlər
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş Bakı Slavyan Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Sahibə Qafarova Şəmkir rayonunun bir neçə məhəlləsində və rayonun Yeni Həyat kəndində seçicilərlə növbəti görüşlərini keçirib.
Görüşdə YAP Şəmkir rayon seçki qərargahının üzvü Məcid Şıxlinski şəmkirlilərin, hər seçkidə olduğu kimi, bu dəfə də böyük aktivlik nümayiş etdirdiklərini bildirdi. YAP tərəfindən namizədliyi irəli sürülmüş professor Sahibə Qafarovanın həyat və fəaliyyəti barəsində seçicilərə dolğun məlumat verən M.Şıxlinski noyabrın 7-də seçiciləri YAP-ın namizədinə dəstək olmağa səslədi. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasət Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir. Ona görə də, YAP-ın namizədlərinin də cəmiyyət tərəfindən dəstəklənməsinin dövlətimizin apardığı siyasi kursa ən layiqli qiymət kimi dəyərləndirildiyini bildirən M.Şıxlinski parlament seçkilərində "Güclü dövlət, yüksək rifah" prinsipinin qalib gələcəyinə əminliyini ifadə etdi.
YAP tərəfindən parlament seçkilərində namizədliyi irəli sürülmüş S.Qafarova şəmkirlilərin hər birinin ayrı-ayrılıqda Yeni Azərbaycan Partiyasına inamının olduğunu və bu güclü partiyanın parlament seçkilərində böyük tarixi qələbə qazanacağına ümid etdiyini bildirdi. Professor S.Qafarova ölkəmizdə aparılan hərtərəfli sosial-iqtisadi proqramlardan və bunların nəticəsində yeni-yeni infrastruktur layihələrinin reallaşmasından, bölgələrdə yaradılmış şəraitdən, insanların həyat tərzinin günü-gündən daha da yüksəlişindən bəhs etdi. Bildirdi ki, bu gün Azərbaycan cəmiyyəti onu əhatə edən bu inkişafı öz həyatlarında hiss edərək, daha mütərəqqi ideyalara yiyələnmək üçün səy göstərir. "Bu isə birmənalı şəkildə bizi əhatə edən cəmiyyətin inkişafını labüd edir" deyən filologiya elmləri doktoru S.Qafarova dövlətimizin də bu istiqamətdə atmış olduğu addımların mahiyyəti barəsində seçicilərə geniş bilgilər verdi. İnkişafda olan dövlətçiliyimizin öz gücünün daha da artırıldığını və bunun müqabilində beynəlxalq arenada da nüfuzunu genişləndirdiyini söyləyən BSU-nun prorektoru S.Qafarova ölkəmizin seçki təcrübəsində öz təsbitini tapmış demokratik prinsiplərə də toxundu. Şəmkir ictimaiyyəti adından çıxış edən seçicilər noyabrın 7-də keçiriləcək parlament seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş professor Qafarova Sahibə Əli qızına dəstək olacaqlarını vurğulayıblar.