Göygöldə Yeni Azərbaycan Partiyasının təbliğat və təşviqat kampaniyası davam edir
Dünən 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Milli Məclisə YAP tərəfindən namizədliyi irəli sürülmüş Məmmədov İlham Müseyib oğlu seçicilərlə növbəti görüşlərini keçirib.
Görüşlər Göygöl rayonunun Yalqışlaq, Yeni Qızılca, Qızılca, Haçaqaya kəndlərində keçirilib. Seçicilərlə görüşün əhəmiyyəti barəsində məlumat verən YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev noyabrın 7-də ölkəmizdə keçiriləcək parlament seçkilərində göygöllülərin, həmişə olduğu kimi, bu dəfə də böyük aktivlik nümayiş etdirəcəklərinə əminliyini ifadə etdi. Bildirdi ki, bu gün ölkəmiz böyük sürətlə inkişaf edir və vətəndaşlarımızın sosial həyat səviyyəsi daha da yüksəlir. Bütün bunların kökündə isə "Güclü dövlət, yüksək rifah" prinsipinin dayandığını bildirən T.Əliyev Yeni Azərbaycan Partiyası tərəfindən parlament seçkilərində şüar kimi irəli sürülən bu devizin ölkəmizin qüdrətinin daha da artmasına, vətəndaşlarımızın həyat tərzinin yüksəlişinin təmin edilməsinə xidmət etdiyini bildirdi.
YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Məmmədov da seçicilərlə görüşməkdən böyük məmnunluq hissi keçirdiyini bildirdi. "Azərbaycan Respublikasının daha da güclənməsi və inkişafı üçün hər bir YAP üzvünün var qüvvəsi ilə çalışdığı hər kəsə məlumdur. Bu baxımdan da seçicilərin birmənalı şəkildə, YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə dəstək olacaqlarına əminliyini ifadə edən İ.Məmmədov parlament seçkilərinin tam demokratik və şəffaf şəraitdə keçəcəyini bildirdi.
Tədbirdə çıxış edən digər natiqlər də, noyabrın 7-də keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin böyük dəstək qazanacağına əminliklərini ifadə etdilər.