Azad və demokratik seçkilərə doğru
Dünən 30 saylı Suraxanı birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Fətəliyevanın Günəşli qəsəbəsi, Samir Səfərov küçəsi, 7 saylı binanın seçiciləri ilə görüşü keçirilib.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilir. Son 7 il respublikamızın iqtisadi, siyasi, sosial, elmi və humanitar həyatı mühüm tarixi hadisələrlə zəngin olub. Ölkə həyatının bütün sahələrində, eyni zamanda, daxili və xarici siyasətdə, ictimai bölmədə böyük nailiyyətlər əldə olunub. Dövlətimizin başçısının mahir və çevik idarəetmə qabiliyyəti, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, mükəmməl iqtisadi strategiyası nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası qeydə alınmaqdadır.
YAP Suraxanı rayon təşkilatının sədri V.Seyidov, həmçinin, Milli Məclisə namizəd Sevinc Həbib qızı Fətəliyevanın həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov ölkəmizin inkişafından, əldə olunan uğurlardan bəhs edib. F.Rəsulov bildirib ki, son illərdə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsi xalqın iqtidara olan inamını daha da möhkəmləndirib. Xalqımızın istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş üfüqlər açıb. Bütün qazanılan bu nailiyyətlər ölkə Prezidentinə və Onun apardığı uğurlu siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, bütövlükdə, Azərbaycan xalqı, ictimaiyyəti tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir. Məhz bu səbəbdəndir ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərirlər.
Seçicilərlə keçirilən görüşdə çıxış edən 30 saylı Suraxanı birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Fətəliyeva bildirib ki, YAP-ın Seçki Proqramında göstərilən sahələrə daha çox diqqət yetirəcək. S.Fətəliyeva daha sonra deputat seçiləcəyi təqdirdə, görəcəyi işlər barəsində geniş məlumat verib: "Partiyamız öz sıralarında, həm də namizədləri siyahısında cəmiyyətdə kifayət qədər nüfuza, intellektual potensiala malik olan və Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi istiqamətində çox önəmli işlər görmüş nümayəndələri birləşdirir. Bu faktor vətəndaşların YAP-a olan inamını daha da artırır. Mən sizi əmin edirəm ki, əgər Milli Məclis üzvlüyünə seçilərəmsə, sizləri ləyaqətlə təmsil edəcəyəm. Bütün problemlərinizin həllinə çalışmaq, kömək etmək bir suraxanılı kimi mənim borcumdur".
300 nəfərdən çox seçicinin iştirak etdiyi görüşdə namizədin vəkilləri Zəkiyyə Musayeva, Anar Həsənov, səlahiyyətli nümayəndələri Hikmət Babayev, Əhməd Kazımov çıxışlarında diqqəti Sevinc Fətəliyevanın bioqrafiyasına yönəldiblər. Odur ki, Suraxanı seçiciləri noyabrın 7-də YAP-ın millət vəkilliyinə namizədi Sevinc Həbib qızı Fətəliyevaya səs verməlidirlər".
Görüşdə çıxış edən seçicilər də bildiriblər ki, onlar artıq öz seçimini ediblər. Onlar üçün başlıca amil ölkəmizin inkişafı və sabitliyin möhkəmlənməsidir. Ona görə də, onlar hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.