PDF Oxu

Sosial

  • 12

“Regionlarda gedən işlər bizi qane edir”

“Regionlarda gedən işlər bizi qane edir”
"Mən regionlara tez-tez gedirəm, vəziyyətlə tanış oluram və görürəm ki, həm abadlıq-quruculuq sahəsində, həm də sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində ildən-ilə çox mühüm addımlar atılır". Nazirlər Kabinetinin Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı belə deyib. Hər il olduğu kimi, bu il də Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi uğurla davam edib. İlin əvvəlindən bəri Azərbaycanda 56 min yeni iş yeri açılıb.
2003-cü ildən sonra Azərbaycanda 900 minə yaxın iş yeri açılıb. Bu da özlüyündə onu göstərir ki, işsizlik kimi çox çətin və ağır problem Azərbaycanda tədricən öz həllini tapır. Bu gün Azərbaycanda işləmək istəyən vətəndaşlar əksər hallarda işlə təmin oluna bilərlər.
Nəzərə alsaq ki, Azərbaycanda böyük tikinti layihələri icra edilir, Azərbaycan dövləti tərəfindən sahibkarlığın inkişafına həm kreditlər hesabına böyük dəstək verilir, həm başqa imtiyazlar göstərilir, əlbəttə, bu amillər də işsizliyin aradan qaldırılması üçün öz rolunu oynayacaq. Çünki bu gün məşğulluq məsələlərinin həlli üçün özəl sektor artıq ön plana çıxıb. Bu da, ilk növbədə, dövlətin özəl sektora olan diqqəti və dəstəyinin nəticəsidir.
Hökumətin iclasında Prezident İlham Əliyev vurğulayıb ki, iş yerlərinin 70 faizi özəl sektorda yaranıb. "Əgər dövlət tərəfindən kreditlər verilməsəydi, sahibkarlığa qayğı göstərilməsəydi, 2004-cü ildə regional inkişaf proqramı qəbul edilməsəydi, əlbəttə ki, bu gün özəl sektor bu səviyyədə inkişaf edə bilməzdi. Biz həm iri özəl müəssisələri dəstəkləyirik, həm də ki, kiçik müəssisələri dəstəkləməliyik.
Çünki həm dünya praktikası, həm keçən ilin iqtisadi və maliyyə böhranı göstərdi ki, kiçik bizneslə zəngin olan, yəni kiçik biznesin inkişaf etdiyi ölkələrin iqtisadiyyatı daha da dayanıqlı olur. Əlbəttə ki, biz həm kiçik sahibkarlığı dəstəkləyəcəyik, eyni zamanda, iri, böyük beynəlxalq, transmilli şirkətlərin, özəl şirkətlərin yaradılması üçün Azərbaycan dövləti səylərini göstərəcəkdir. Bu gün Azərbaycan şirkətləri xarici bazarlarda uğurla fəaliyyət göstərir".
Dövlət başçısı qeyd edib ki, regionlarda işlər müsbət istiqamətdə gedir. "Bütün şəhərlərimiz abadlaşır, gözəlləşir, müasirləşir və bu, çox sevindirici haldır. Əlbəttə ki, Bakı- bizim paytaxtımız, sevimli şəhərimiz dünyanın ən gözəl şəhərləri sırasındadır. Bunu təkcə biz yox, Bakıya gələn hər bir insan görür və qeyd edir. Ancaq mən istəyirəm ki, bütün şəhərlərimiz gözəl, abad olsun və orada yaşamaq üçün bütün şərait olsun. Regional inkişaf proqramı da məhz bu məqsədlə qəbul olunmuşdur. Bu gün regionlarda həm təhsil, həm səhiyyə, həm infrastruktur, həm də bütün başqa sahələrdə işlər yüksək səviyyədə aparılır".
Qeyd etmək lazımdır ki, bu ilin doqquz ayında sosial sahə ilə bağlı bütün məsələlər həllini tapıb. Sosial infrastrukturun yaradılmasına böyük investisiyalar qoyulub. Bu il 23 səhiyyə müəssisəsi təmir olunub, 59 məktəb və əlavə korpus, 3 regional olimpiya idman mərkəzi tikilib və "Kür" Olimpiya Tədris-İdman Mərkəzi bu yaxınlarda istifadəyə verilib. Bu proses davam etdirilir və dövlət başçısının sözlərinə görə, gələn ilin büdcəsində sosial infrastrukturun möhkəmlənməsi üçün əlavə tədbirlər görüləcək.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası da daim nəzarətdə saxlanılır. Hazırda ölkə regionlarında 211, o cümlədən, 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi davam etdirilir.
Dövlət Taxıl Fonduna 2010-2011-ci illər üçün tədarük olunan ərzaq buğdasının həcminin əlavə olaraq 250 min ton artırılmasına dair dövlət başçısının verdiyi tapşırığın icrası ilə əlaqədar dövlət büdcəsinin Ehtiyat Fondundan 50 milyon manat vəsait ayrılıb. Bu da, öz növbəsində, ölkənin daxili bazarında taxıl və ərzaq məhsullarının qiymətlərinin sabit qalması üçün zəmin yaradıb.
Eyni zamanda, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 2010-cu ilin doqquz ayında 102 milyon manat, o cümlədən, kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının dəyərinin orta hesabla 50 faizinin ödənilməsinə 55,5 milyon manat, buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə 23 milyon manat, taxıl elevatorlarının tikintisi və ərzaq buğdası tədarükünün nəqliyyat xərclərinə 11 milyon manat vəsait yönəldilib.
Cari ilin doqquz ayında kənd təsərrüfatı istehsalında xüsusi əhəmiyyət kəsb edən mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin ödənilməsi ilə bağlı 12,5 milyon manat, o cümlədən, dövlət büdcəsinin Ehtiyat Fondundan əlavə olaraq, 5,9 milyon manat vəsait ayrılıb.
Hesabat dövründə sahibkarlara maliyyə dəstəyinin artırılması, onların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilmiş, bu məqsədə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1016 sahibkarlıq subyektinə 81 milyon manat məbləğində güzəştli kreditlər verilib.
Ayrılmış vəsaitin 62 milyon manatı və ya 76,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalını stimullaşdıran infrastruktur layihələrinə, 16 milyon manatı və ya 20,4 faizi sənaye məhsullarının istehsalı və emalı layihələrinə, 3 milyon manatı və ya 3,5 faizi turizm infrastrukturunun inkişafı layihələrinə yönəldilib. Bütövlükdə, fond tərəfindən ayrılmış kreditlərin 44 milyon manatı və ya 54 faizi dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fondu üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilib.
Cari ilin doqquz ayında dövlət büdcəsindən "Aqrolizinq" Səhmdar Cəmiyyətinə 38,4 milyon manat, o cümlədən, Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılıb. Bu dövrdə "Naxçıvan Aqrolizinq" Şirkətinə 4,5 milyon manat, o cümlədən, Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait yönəldilib, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə güzəştli kreditlərin verilməsi üçün Dövlət Kənd Kreditləri üzrə Agentliyə 10 milyon manat vəsait isə tam maliyyələşdirilib.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası da daim nəzarətdə saxlanılır. Hazırda ölkə regionlarında 211, o cümlədən, 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi davam etdirilir.
Göründüyü kimi, 2010-cu ilin 9 ayı ölkənin sosial-iqtisadi inkişaf tempinin davam etməsi ilə yadda qalıb. Bu prosesin getdikcə daha çox bölgələrə sirayət etməsi ölkənin tarazlı və davamlı inkişafına təkan verir. Regionların inkişafı, qeyri-neft sektoruna, xüsusilə də, özəl sektora dövlət dəstəyinin artırılması Azərbaycanın perspektiv inkişaf imkanlarının da artmasına səbəb olur. Prezident İlham Əliyevin əsas istəyi də budur- indiki inkişafın gələcəkdə daha sürətlə davam etməsi.

Digər xəbərlər