Biləcəri seçiciləri iqtisadi uğurların davamlılığına səs verəcək
Dünən 10 saylı Binəqədi 3-cü seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülən Madər Musayevin vəkillərinin Biləcəri qəsəbəsində yaşayan seçicilərlə görüşü keçirildi.
Görüşü giriş sözü ilə açan Milli Məclisə deputatlığa namizədin vəkili Niyaz Niftiyev qeyd etdi ki, 7 noyabr parlament seçkiləri ilə bağlı keçirilən təbliğat-təşviqat kampaniyası seçici fəallığı ilə davam etdirilir: "Bu demokratik mühit seçicilərə azad və sərbəst seçim imkanını yaratmışdır. Birmənalı şəkildə, demək olar ki, Azərbaycanda iqtisadi, siyasi və sosial islahatlar aparılmış, ölkənin hərtərəfli inkişafına nail olunmuşdur. Azərbaycanın qısa bir zaman ərzində qazandığı nailiyyətlər, əldə olunan uğurlar, həyata keçirilən layihələrin nəticəsi hər kəsə bəllidir. Ölkəmizin beynəlxalq aləmdə sabit, dinamik iqtisadi inkişafa malik demokratik ölkə kimi tanınmasında iqtisadi və siyasi sahələrdəki uğurların böyük rolu olub".
N.Niftiyev çıxışında onuda bildirdi ki, Biləcəri qəsəbəsində yaşayan insanlar ərazidə aparılan quruculuq-abadlıq işlərindən, sosial-iqtisadi uğurlardan kifayət qədər məlumatlıdırlar. Qısa müddətdə qəsəbədə yaşıllıq işləri hayata keçirilib, sakinlərin istirahətinin təmin edilməsi üçün müasir tələblərə cavab verən istirahət parkları salınıb.
Deputatlığa namizədin vəkili ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlərə də toxundu. Azərbaycanın dinamik inkişafını diqqətçəkən natiq parlament seçkilərində seçicilərin düzgün seçim edərək, layiqli namizədlərə səs verəcəklərinə inandığını bildirdi. O, çıxışında bir daha seçiciləri düzgün seçim etməyə və M.Musayevə səs verməyə çağırdı.
Görüşdə çıxış edən M.Musayevin vəkili Ağabala Musayev bir dairədən 5-ci dəfə namizədliyi irəli sürülən M.Musayevin seçicilər arasında olan nüfuzuna diqqəti yönəltdi. O, Milli Məclisin deputatı M.Musayevin Biləcəri qəsəbəsində bir sıra işlərin görülməsi üçün dövlət qurumları qarşısında məsələ qaldırdığını və buna nail olduğunu bildirdi. O, seçiciləri fəal və obyektiv olmağa, layiqli namizəd olan M.Musayevə səs verməyə çağırdı. O, hər bir seçicini bayram əhvali-ruhiyyəsi ilə məntəqələrə gəlib demokratiyanın və müstəqilliyimizin bizə verdiyi imkandan yararlanaraq, öz düzgün seçimlərini etməyə çağırdı.
Görüşdə Bakı şəhəri 11 saylı uşaq poliklinikasının baş həkimi Məlahət İbrahimova çıxış edərək, M.Musayevin təbliğinə heç bir ehtiyacın olmadığını bildirdi: "O, dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasəti əməli fəaliyyətində doğruldub. Madər Musayev bu ölkənin həyatında, inkişafında öz rolunun öhdəsindən layiqincə gəlir. 1993-cü ilə qədər bu qəsəbədə poliklinikanın olmadığını, M.Musayevin belə bir tibbi müəssisənin açılmasında təşəbbüskar və tibbi avadanlıqlarla təchizində yardımçı olduğunu bildirdi. Madər Musayevin Biləcəri qəsəbəsində gördüyü işləri də müsbət qarşılanır. Onun təhsil və səhiyyə sahəsində də gördüyü işlər qeyd olunmalıdır. O, orta məktəbdə təhsili ilə fərqlənən əlaçı şagirdlərə mükafatlar təqdim edib, universitetlərdə təhsil alan 20 gəncin təhsil ödənişlərini həyata keçrir."
Görüşdə çıxış edən seçicilər M.Musayevi, birmənalı olaraq, dəstəklədiklərini vurğulamış və 7 noyabr tarixində məntəqələrə gedərək, ona səs verəcəklərini bildirdilər.