Yeni Suraxanı qəsəbəsinin seçiciləri YAP-ın namizədinə səs verəcək
Dünən Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsinin "8 mart" adına mədəniyyət sarayında parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Qulam oğlu Abıyevin seçicilərlə növbəti görüşü keçirildi.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı aparat rəhbəri Fərman Rəsulov 7 noyabr parlament seçkiləri ilə bağlı məlumat verdi və seçiciləri, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də fəal olmağa və seçimdə məntiqə söykənməyə səslədi. F.Rəsulov Azərbaycanın ictimai-siyasi həyatında önəmli dövr olduğunu söyləyərək bildirdi ki, YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, quruculuq və abadlıq işləri, ölkənin dünya dövlətlərinə inteqrasiyası Azərbaycanın güclənməsinə, sivil dövlətlər sırasında yüksək imicə malik olmasına gətirib çıxardığını vurğuladı: "Bu reallıqlar, dövlət başçısına olan inam hissi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Sədri olduğu Yeni Azərbaycan Partiyasına qarşı birmənalı münasibət formalaşdırmışdır. Bunun bariz nümunəsinə ötən seçkilərdə şahid olmuşuq. Odur ki, həmişə olduğu kimi, yaxın günlərdə keçiriləcək parlament seçkilərində seçicilər seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə tam əminik. Çünki YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır".
Deputatlığa namizəd Ağacan Qulam oğlu Abıyev rayonunun Yeni Suraxanı qəsbəsinin sakinləri ilə keçirilən görüşdə geniş çıxış etdi. Deputatlığa namizəd Ağacan Qulam oğlu Abıyev Yeni Azərbaycan Partiyasının namizədi kimi, seçicilərin etibarını, inamını, səsini qazanmağa çalışdığını, millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını doğrultmağa var qüvvəsi ilə səy göstərəcəyini bildirdi. Milli Məclis üzvlüyünə namizəd seçicilərlə görüşdə geniş, məzmunlu çıxış edib, Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və ikinci dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə dolğun, ətraflı məlumat verdi. Ağacan Abıyev Milli Məclis üzvlüyünə namizəd kimi, ona yenidən etimad göstərdiyinə görə, Yeni Azərbaycan Partiyasına minnətdarlıq etdi, bu dəfə də seçicilərin etimadını qazanacağına əmin olduğunu bildirdi.
A.Abıyev, həmçinin, Milli Məclis üzvlüyünə namizəd kimi ona yenidən etimad göstərdiyinə görə, Yeni Azərbaycan Partiyasına minnətdarlıq edərək, bu dəfə də seçicilərin ona etimad göstərəcəklərinə və onların etimadını qazanacağına inandığını bildirdi. Qeyd etdi ki, Azərbaycanın dünyaya inteqrasiyası prosesində fəallıq nümayiş etdirəcək, seçicilərinə problemlərinin həllində yardımçı olacaq və əməli fəaliyyətini daha geniş dairədə davam etdirəcəkdir.
Tədbirdə çıxış edən seçicilərdən Suraxanı Maşınqayırma Zavodunun direktoru Arif Babayev, namizədin vəkilləri Almaz Əhmədova, Tünzalə Süleymanova, Sona Əliağaqızı və Sevda Tahirova seçkilərdə seçicilərin fəallığının şahidi olduqlarını bildirərək, parlament seçkilərində də bir yumruq kimi birləşəcəklərini söylədilər. Seçicilər millət vəkili kimi Ağacan Abıyevin beşillik fəaliyyətindən razı olduqlarını da vurğuladılar və millət vəkili kimi, uğurlu fəaliyyətinə görə, namizədə təşəkkür etdilər. Çıxış edənlər 7 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi, məhz Ağacan Abıyevi dəstəkləyəcəklərini bildirdilər.