"Güclü dövlət, yüksək rifah"
Güclü dövlət, yüksək rifahf
7 noyabr 2010-cu il parlament seçkiləri ilə əlaqədar Suraxanı rayonunda Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Dünən Yeni Azərbaycan Partiyasının 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədi Sevinc Həbib qızı Fətəliyeva Suraxanı rayonu Hövsan qəsəbəsi, 12/13 məhəllə, 24 saylı binanın həyətində seçicilərilə görüşü keçirib. YAP tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən namizədi Sevinc Həbib qızı Fətəliyeva sakinlərin evlərinə gedərək onlarla görüşdü, problemləri ilə maraqlandı. Namizəıdlə görüşən sakinlər bir daha bildirdilər ki, bir partiya - Yeni Azərbaycan Partiyasını tanıyır və bu partiyanın namizədlərinə inanırlar. Ona görə də, noyabrın 7-də keçiriləcək seçkilərdə ancaq və ancaq Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Sonra namizədlə görüş açıq havada oldu. Görüşdə YAP Suraxanı təşkilatı aparat rəhbəri Fərman Rəsulov çıxış edərək, noyabrın 7-də səsvermə günü seçiciləri düzgün seçim etməyə səslədi: "İnanıram ki, bu gün Azərbaycanımızın uğurlu gələcəyini düşünən hər bir seçici Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməklə, düzgün seçim etmiş olacaq. Çünki bu seçim uğurlu, xeyirli və faydalı bir seçimdir".
Seçkilərdə müxtəlif partiyalar və fərdi namizədlərin iştirak etdiyini söyləyən F.Rəsulov parlament seçkiləri ilə bağlı öz namizədlərini irəli sürdüyünü vurğuladı. Bildirdi ki, YAP hər bir seçkidə iştirak edərkən, həmişə daha layiqli namizədləri irəli sürüb. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən F.Rəsulov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından ətraflı bəhs etdi. Onun sözlərinə görə, 2005-ci ildən indiyə qədər Azərbaycan böyük inkişaf yolu keçib və bu, hər birimizin gözü qarşısında baş verib: "Bu müddət ərzində iqtisadiyyatımızın yüksəlməsi nəticəsində insanların əməkhaqları, pensiyalar artıb, regionlarımızda böyük yeniliklər baş verib. Bu gün xalqımızın yaşayış səviyyəsi xeyli dəyişib. Bütün bu görülən işlərin hamısı insanların rifahının yüksəlməsinə xidmət edir".
F.Rəsulov Yeni Azərbaycan Partiyasının 30 saylı Suraxanı birinci seçki dairəsindən Milli Məclisə namizədi Sevinc Həbib qızı Fətəliyevanın həyat və fəaliyyəti barədə seçicilərə məlumat verdi. YAP Suraxanı rayon təşkilatının sədri, eyni zamanda, seçiciləri 7 noyabrda keçiriləcək parlament seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verməyə çağırdı.
Görüşdə iştirak edən seçicilərdən Hətəm Zeynalov, Rəşid Sadıqov, İbrahim Qasımov, Tünzalə Süleymanova və başqaları çıxış edərək, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının bu gün xeyli güclənərək, ətrafında 500 mindən çox üzvü birləşdirdiyini söylədilər. Bildirdilər ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə partiyamız inkişafının yeni mərhələsinə qədəm qoyub: "Bu inkişaf gələcəkdə daha böyük vüsət alacaq. İnkişaf prosesində partiyamızın fəalları da yaxından iştirak edir. Çünki YAP xalqın partiyasıdır. Həmçinin, Suraxanı rayonunun sakinləri öz dövlətini sevən, ona sadiq olan insanlardır. Ona görə də, rayonumuzun seçiciləri seçki günü elliklə seçkilərdə iştirak edəcək və partiyamızın irəli sürdüyü namizədi dəstəkləyəcəklər".
Sonra namizəd Sevinc Fətəliyeva seçiciləri qarşısında geniş çıxış etdi. Deputatlığa namizəd YAP-ın siyasi nüfuzundan, partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasından, sosial rifah siyasətinin uğurlarından ətraflı danışdı. S.Fətəliyeva YAP-ın bu seçkilərə hansı iqtisadi-siyasi platforma ilə getdiyindən ətraflı danışaraq, bildirdi ki, "Yeni Azərbaycan Partiyası vəd vermir, YAP real iş görür. Bunu bizim partiyanın 19 illik tarixi sübut edir".
Daha sonra seçicilər onları maraqlandıran məsələlərlə bağlı deputatlığa namizəd Sevinc Fətəliyevaya müraciətlər edib, suallar verdilər.