Binəqədi seçiciləri arzuları reallığa çevirən namizədə səs verəcəklər
Dünən 9 saylı Binəqədi 2-ci seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülən Rafael Cəbrayılovun rayonun Xutor qəsəbəsində yaşayan seçiciləri ilə növbəti görüşü keçirildi.
Görüşü giriş sözü ilə YAP Siyasi Şurasının üzvü Həsən Mirzəyev açaraq, ağsaqqal kimi xeyir-duasını verib bu ərazidə yaşayan seçicilərin siyasi cəhətdən hazırlıqlı olduqlarını diqqətə çatdırdı. Ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu bildirən H.Mirzəyev Binəqədi rayon seçicilərinin bu günə qədər ölkəmizdə keçirilən bütün seçkilərdə fəal olduğunu və 7 noyabr növbəti parlament seçkilərində aktivlikləri ilə seçiləcəklərinə əmin olduğunu qeyd etdi. Seçicilərin Rafael Cəbrayılovun fəaliyyəti ilə yaxından tanış olduqlarını bildirən H.Mirzəyev görüş iştirakçılarını 7 noyabr parlament seçkilərində ona səs verməyə çağırdı:" R.Cəbrayılov siyasəti, hüququ yaxşı bilən və hər zaman Binəqədi rayon seçicilərinin hüququnun müdafiəsində dura biləcək, eləcə də, mövcud problemlərinin həll edilməsi üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldıra biləcək namizəddir. Qısası R.Cəbrayılovda bu istiqamətdə potensial mövcuddur. Sizləri fəal olmağa və parlament seçkilərində seçki məntəqələrinə gedərək, Rafael Cəbrayılova səs verməyə çağırırıq."
Görüşdə çıxış edən deputatlığa namizəd R.Cəbrayılov ilk növbədə kütləvi şəkildə görüşə gəldiklərinə görə, seçicilərə minnətdarlığını bildirdi. Qeyd etdi ki, 7 noyabrda keçiriləcək parlament seçkiləri demokratik şəraitdə baş tutacaq və ictimaiyyətlə təşkil olunan görüşlər seçki prosesinin şəffaflığına yeni imkanlar yaratmış olacaq:"Namizədlərlə yaxından tanışlıq seçicilərin düzgün seçim etməsinə təsirini göstərir. Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasət seçkilərin şəffaflığına şərait yaradır və hər bir seçicinin seçmək huququ olduğundan, seçimində də azad və müstəqildir. R.Cəbrayılov seçki ərəfəsində olduqlarını və seçicilərin öz seçimlərində fəal olacaqlarına, düzgün mövqe nümayiş etdirəcəklərinə inandığını söylədi: "Sizləri layiqli və problemlərinizin həllində yardımçı ola biləcək namizədlərə səs verməyə çağırıram. Azərbaycanın bugünkü inkişafı, onun regionun qüdrətli dövlət olaraq, adının hallanması və dünyada aparıcı imicinin qorunub, saxlanması naminə xalqın layiqli övladları Milli Məclisin üzvüləri seçilməlidir."
Deputatlığa namizəd xutorluların da müəyyən problemlərinin olduğunu və tədricən problemlərin dövlət səviyyəsində həllinə nail olacaqlarını bildirdi: "Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər də məhz dövlətin məqsədyönlü siyasətinin məntiqi nəticəsidir. Həyata keçirilən islahatlar, quruculuq və abadlıq işləri, Azərbaycanı dünya dövlətlərinə inteqrasiyasına, güclənməsinə, sivil dövlətlər sırasına yüksəlməsinə gətirib çıxarmışdır. Bu uğurların davamlılığını istəyən hər kəsi 7 noyabr parlament seçkilərində ən real namizədlərə səs verməyə çağırıram".
Görüşdə çıxış edən seçicilər R.Cəbrayılovu yaxşı tanıdıqlarını və seçki günü məntəqələrə gedərək, ona səs verəcəklərini bildirdilər.