Yeni Azərbaycanla inamlı qələbəyə doğru
Milli Məclisə 7 noyabr 2010-cu il tarixində keçiriləcək növbəti seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası Azərbaycanın bütün bölgələrində uğurla davam edir. Bununla əlaqədar, Siyəzəndə Yeni Azərbaycan Partiyasının seçki siyahısı ilə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi irəli sürülən Tahir Süleyman oğlu Süleymanovun təbliğat-təşviqat kampaniyası müvəffəqiyyətlə həyata keçirilir.
Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı YAP namizədi Tahir Süleyman oğlu Süleymanovun təşviqatı ilə əlaqədar oktyabrın 19-da Siyəzən rayonunda Məşrif, Qozağacı, Sədan, Eynibulaq kəndlərinin əhalisi ilə görüş keçirib. 500 nəfərdən çox yerli sakinin qatıldığı görüşlərdə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov, Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov, namizədin vəkilləri və səlahiyyətli nümayəndəsi iştirak ediblər.
Bu görüşlərdə giriş sözü ilə çıxış edən YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov seçicilərə deputatlığa namizəd Tahir Süleymanovun fəaliyyəti barədə ətraflı məlumat verib. YAP Siyəzən rayon təşkilatının sədri 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının uğurla həyata keçirildiyini vurğulayıb. Etibar Heydərov seçicilərin Tahir Süleymanovun millət vəkili kimi, son beşillik fəaliyyətindən razı qaldıqlarını qeyd edib. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, Tahir Süleymanov göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu bildirib.
YAP Siyəzən rayon təşkilatının sədri xüsusi olaraq vurğulayıb ki, Yeni Azərbaycan Partiyası indiyədək iştirak etdiyi bütün parlament seçkilərində böyük, inamlı qələbə qazanıb. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu bu partiyanın ölkədə keçirilən bütün seçkilərin - prezident, parlament, bələdiyyə seçkilərinin favoritinə çevrilməsi heç də təsadüfi deyil. Bu, partiyanın ideya-siyasi xətti, nüfuzu, populyarlığı, siyasi qüvvə kimi xalqın, dövlətin maraqlarını dolğun şəkildə ifadə etməsi ilə sıx bağlıdır: "Bu gün yarım milyondan çox üzvü olan Yeni Azərbaycan Partiyası Azərbaycanın ən nüfuzlu, sayılıb-seçilən ziyalılarını, alimləri, ictimai-siyasi xadimləri, elm və incəsənət xadimlərini, vətənpərvər gəncləri özündə birləşdirir. Odur ki, YAP bu seçkiyə böyük qələbəyə layiq, mütəşəkkil siyasi qüvvə kimi gedir: "Partiyamız dəfələrlə azad, şəffaf, demokratik rəqabət şəraitində seçkilərdə böyük səs çoxluğu qələbə qazanmağa qadir olduğunu sübut edib. Qazanılan ardıcıl qələbələr seçicilərin Yeni Azərbaycan Partiyasına olan böyük etimadından xəbər verir. Bu onu göstərir ki, Yeni Azərbaycan Partiyası xalqa güvənən, qüdrətli siyasi təşkilat kimi xalqın böyük etibarını, rəğbətini qazanıb, ona bəslənilən ümidləri hər zaman yüksək səviyyədə doğruldub. Partiyanın namizədləri və fəalları da bununla bağlı üzərlərinə düşən məsuliyyəti çox yaxşı dərk edirlər. Onlar partiyanın ideya-siyasi xəttini cəsarətlə, böyük təşəbbüskarlıqla, yorulmadan, əməli fəaliyyətlərində həyata keçiriblər. Bütün bunlar Yeni Azərbaycan Partiyasının nüfuzunun, populyarlığının daha da artmasına səbəb olub, partiyanın sıralarının daha da genişlənməsinə zəmin yaradıb". E.Heydərov vurğulayıb ki, bir partiya fəalı kimi, YAP-ın 7 noyabr 2010-cu il parlament seçkilərində inamlı qələbə qazanacağına əmindir və partiyanın seçkidə qalib gələcək əksər namizədləri sırasında Tahir Süleymanovun da olacağına inanır.
Məşrif, Qozağacı, Sədan, Eynibulaq kəndlərində keçirilən görüşlərdə Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov yerli sakinlər tərəfindən səmimiyyətlə, xoş münasibətlə qarşılanıb. Seçicilər söhbət əsnasında Tahir Süleymanova öz arzu və istəklərini çatdırıblar, onu yenidən millət vəkili kimi görmək istədiklərini bildiriblər. Onlar son beş ildə millət vəkili kimi, uğurlu fəaliyyət göstərdiyinə görə Tahir Süleymanova təşəkkür ediblər. Onları maraqlandıran məsələlərə diqqət və qayğı ilə yanaşdığına görə, yerli sakinlər ona öz minnətdarlıqlarını çatdırıblar.
Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov Milli Məclisin üzvü kimi fəaliyyətinin yüksək dəyərləndirilməsinə görə, seçicilərinə təşəkkür edib. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə hər bir seçicinin etimadını layiqincə doğrultmağa çalışacağını bildirib.
Kənd sakinləri qarşısında geniş, məzmunlu çıxış edən Tahir Süleymanov ölkədə regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılması nəticəsində Azərbaycanın hər bir yaşayış məntəqəsinin sürətlə inkişaf etdiyini vurğulayıb. Ölkəmizdə neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunun, aqrar sahənin inkişafına böyük diqqət göstərildiyini vurğulayan deputatlığa namizəd bunun ölkəmizin hərtərəfli tərəqqisinə yol açdığını deyib. Tahir Süleymanov ölkənin bütün regionlarında yeni müəssisələrin, müasir olimpiya komplekslərinin qurulmasının, yüksək dünya standartlarına cavab verən səhiyyə müəssisələrinin və sağlamlıq ocaqlarının tikilib istifadəyə verilməsinin əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sağlamlığının qorunması və möhkəmləndirilməsi baxımından, böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
Tahir Süleymanov bu seçkidə namizədi olduğu partiyanın amalının "Güclü dövlət, yüksək rifah" olduğunu qeyd edib, təbliğat-təşviqat kampaniyasında belə bir şüarın başlıca hədəf kimi seçilməsinin partiyanın ali məramı, ülvi məqsədləri ilə bağlı olduğunu bildirib: "Yeni Azərbaycan Partiyası yarandığı gündən müstəqil, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın yüksək sosial rifahı naminə fəaliyyət göstərir. Bizi tərəqqiyə, inkişafa aparan siyasi təşkilat məhz Yeni Azərbaycan Partiyasıdır. Biz Yeni Azərbaycan Partiyası ilə yüksək rifaha doğru irəliləyirik".
Tahir Süleymanov daha sonra vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində böyük, inamlı qələbə qazanacağına əmindir. O, qeyd edib ki, yenidən millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını layiqincə doğrultmağa çalışacaq. Milli Məclis deputatlığına namizəd çıxışı əsnasında yenidən millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə seçicilərə dolğun, ətraflı məlumat verib. Görüşdə çıxış edənlər Tahir Süleymanovun yenidən millət vəkili seçilməyə layiqli namizəd olduğunu bildiriblər. Görüşdə seçicilərdən Əlipaşa Abdullayev, İsabala Rzayev, Xuraman Əliyeva, Balamirzə Mirzəyev, Mübariz Bayramov, Hüseynağa Mirzəyev çıxış ediblər. Çıxış edənlər 54 saylı Şabran-Siyəzən seçki dairəsinin seçicilərini məhz Yeni Azərbaycan Partiyasının namizədinə - Tahir Süleymanova səs verməyə çağırıblar.