PDF Oxu

Sosial

  • 7

Amalımız yüksək rifahdır

Amalımız yüksək rifahdır
Digər bölgələrdə olduğu kimi, Qusarda da seçicilər Yeni Azərbaycan Partiyasının namizədləri ilə görüşlərə böyük maraq göstərir, partiyanın namizədlərinin keçirdiyi görüşlərə fəal şəkildə qatılırlar. Bu, Yeni Azərbaycan Partiyasına bəslənilən böyük inamın, göstərilən yüksək etimadın göstəricisidir.
Görüşlərdə seçicilərlə səmimi ünsiyyət quran YAP namizədləri partiyanın seçki platformasını onların diqqətinə çatdırır, millət vəkili seçiləcəkləri təqdirdə, qanunvericilik sahəsində fəal təşəbbüskarlıq göstərəcəklərini, Milli Məclisdə xalqın bütün təbəqələrinin maraqlarını ifadə edən mütərəqqi qanunların hazırlanması, qəbul olunması və həyata keçirilməsi baxımından, böyük səylə çalışacaqlarını vurğulayırlar.
Oktyabrın 19-da Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatı 51 saylı Qusar seçki dairəsindən YAP namizədi Azər Camal oğlu Badamovun təşviqatı ilə əlaqədar növbəti görüşlər keçirib. Qusarın Kirig, Həzrə, Ləcət, Yuxarı Zeyxur kəndlərində keçirilən bu görüşlər kütləviliyi ilə fərqlənib. Müvafiq görüşlərdə, ümumilikdə, 720 seçici iştirak edib. Milli Məclis deputatlığına namizəd Azər Badamov Qusarın digər yaşayış məntələrində olduğu kimi, bu kəndlərdə də səmimiyyətlə, xoş münasibətlə, gülər üzlə qarşılanıb.
Bu görüşlərdə giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov seçicilərə deputatlığa namizəd Azər Badamovun həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verib. David İbrahimxəlilov qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkənin ən güclü, aparıcı siyasi təşkilatı kimi, hər zaman ölkənin tərəqqisi, inkişafı, xalqın rifahı, firavanlığı naminə fəaliyyət göstərir: "Bəlli olduğu kimi, Yeni Azərbaycan Partiyası 7 noyabr parlament seçkilərində məhz "güclü dövlət, yüksək rifah" şüarı ilə iştirak edir. Milli dövlətçiliyimizin möhkəmlənməsi, ölkənin sosial-iqtisadi qüdrətinin artması Yeni Azərbaycan Partiyasının başlıca amalı, əsas hədəfidir. Ən mütərəqqi, humanist qanunların qəbulunda, parlamentdə çoxluq təşkil edən partiya kimi, həyati əhəmiyyət kəsb edən çoxsaylı qanunların qəbul edilməsində, milli qanunvericiliyimizin təkmilləşdirilməsində və inkişaf etdirilməsində Yeni Azərbaycan Partiyasının rolu çox böyükdür".
D.İbrahimxəlilov yerli sakinlərin Azər Badamovu yaxşı tanıdığını qeyd edib. O, bildirib ki, Yeni Azərbaycan Partiyasından Milli Məclis üzvlüyünə namizəd olan elin, camaatın hörmətini, rəğbətini qazanmış, ləyaqətli bir insandır: "O, bir ziyalı və Yeni Azərbaycan Partiyasının üzvü kimi böyük fəallıq, təşəbbüskarlıq göstərir, ona yanaşan, müraciət edən hər bir insana böyük həssaslıqla yanaşır, öz diqqətini əsirgəmir. Azər Badamov Yeni Azərbaycan Partiyasının namizədi kimi, üzərinə düşən məsuliyyəti hiss edir, azad, demokratik seçki kampaniyasında layiqli qələbə qazanmağa çalışır. İnanırıq ki, seçkidə qələbə qazanacaq əksər Yeni Azərbaycan Partiyası namizədləri sırasında Azər Badamov da olacaq".
Milli Məclis üzvlüyünə namizəd Azər Badamov görüşdə çıxış edərək, seçicilərə təbliğat-təşviqat kampaniyasında onu səmimi qarşıladıqlarına, fəal şəkildə dəstəklədiklərinə görə öz minnətdarlığını bildirib. Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən namizədi A.Badamov keçirdiyi görüşlərdə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə danışıb, partiyanın seçki platforması barədə dolğun, ətraflı məlumat verib. Azər Badamov millət vəkili seçiləcəyi təqdirdə ona göstərilən etimadı layiqincə doğrultmağa səy göstərəcəyini vurğulayıb.

Digər xəbərlər