PDF Oxu

Sosial

  • 12

Ən layiqlilərə səs verək

Ən layiqlilərə səs verək
Güclü dövlət, yüksək rifah
Milli Məclisə növbəti seçkilərlə əlaqədar Qubada Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı partiyanın "Güclü dövlət, yüksək rifah" şüarını rəhbər tutaraq namizədlərin təbliğatını fəal şəkildə həyata keçirir.
Partiyanın 53 saylı Quba-Qusar seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədi Yevda Sasunoviç Abramovun təşviqatı seçicilərin fəal iştirakı ilə keçir. Belə ki, Yevda Abramov indiyədək minlərlə seçici ilə görüşüb, müvafiq dairədə 15-dən artıq yaşayış məntəqəsində seçicilərlə geniş tərkibli görüşlər keçirib, öz seçki platformasını yerli sakinlərin diqqətinə çatdırıb.
19 oktyabr 2010-cu il tarixində bir nəçə kənddə - Mirzəməmmədkənd, Aşağı-Atuc, Susayqışlaq və Zərdabidə keçirilən görüşlərdə 1300 nəfər iştirak edib. Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev açıb. O, qeyd edib ki, partiyanın rayon təşkilatı hər seçkiyə çox ciddi, qələbə əzmi ilə hazırlaşır: "Çoxillik təcrübəmiz deməyə imkan verir ki, biz bu seçkidə də mütləq çoxluqla qələbə qazanacağıq. Ona görə ki, 7 noyabr parlament seçkilərinə yeni texnologiya ilə, layiqli namizədlərlə, ən başlıcası isə Ümummilli Lider Heydər Əliyev ideyaları ilə gedirik".
Görüşdə deputatlığa namizəd Yevda Sasunoviç Abramov çıxış edərək qeyd edib ki, bu gün özünü doğma insanlar arasında çox yaxşı hiss edir, artıq ikinci dəfə Qubanı Milli Məclisdə təmsil etməsi üçün seçicilərinə, onların uzaqgörən siyasətinə inanır: "Onu da qeyd etmək istəyirəm ki, bu illər ərzində Quba öz simasını dəyişib, insanların yaşayış tərzində irəliləyiş baş verib. Fəaliyyətim dövründə müxtəlif beynəlxalq qurumlarda təmsil olunmaqla dünyanın bir çox ölkələrində Azərbaycan həqiqətləri barəsində çıxışlar etmişəm. Seçicilərimi bir daha əmin edirəm ki, bundan sonra da fəaliyyətimi Azərbaycan və Azərbaycançılıq amallarına həsr edəcəyəm".
Tədbirdə namizədin vəkilləri B.İlyasov, M.Səlimov çıxış etdilər.
Daha sonra çıxış edən seçicilər Babakişi Quliyev, Pirəli Bayramov, Beybud Məlikov, Gülpəri Əliyeva, Bayram Əliyev və digərləri YAP-ın və ölkə rəhbərliyinin yürütdüyü siyasəti dəstəklədiklərini və YAP-ın namizədi Yevda Sasunoviç Abramova səs verəcəklərini bildiriblər.
Görüşlərdə seçicilər öz qayğılarını, arzularını dilə gətiriblər, bir deputat kimi Yevda Abramovun ötən beşillik fəaliyyətindən razı qaldıqlarını və yenidən millət vəkili seçiləcəyi təqdirdə, ondan hər zaman olduğu kimi, səmərəli, uğurlu fəaliyyət gözlədiklərini dilə gətiriblər. Yevda Abramovu çox yaxından tanıdıqlarını bildirən seçicilər ümumilikdə onun fəaliyyətinə çox müsbət yvanaşdıqlarını qeyd ediblər.
Namizəd Yevda Sasunoviç Abramov Yeni Azərbaycan Partiyasının namizədi kimi, seçicilərin etibarını, inamını, səsini qazanmağa çalışdığını, millət vəkili seçiləcəyi təqdirdə seçicilərin etimadını doğrultmağa var qüvvəsi ilə səy göstərəcəyini bildirib.
19 oktyabr 2010-cu il tarixində Quba 52 saylı seçki dairəsindən namizədliyi irəli sürülmüş Hüseyn Kərimov Əlik, Qırız kəndlərində seçicilərlə görüş keçirib. Görüşdə 320 nəfər seçici iştirak edib.
Tədbirdə çıxış edən deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Yeni Azərbaycan Partiyasının namizədi Hüseyn Kərimovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə deputatlığa namizədin vəkilləri Ş.Paşayev, A. Teymurxanlı, B. Kərimov çıxış edərək seçiciləri Hüseyn Kərimovun namizədliyini dəstəkləməyə dəvət ediblər. Burada çıxış edən kənd sakinləri isə seçiciləri bu mühüm siyasi kampaniyada Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədi dəstəkləyəcəklərini bildiriblər.
Görüşlərdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının fəalı kimi Hüseyn Kərimov haqqında çox müsbət fikirdə olduqlarını söyləyiblər, Hüseyn Kərimovun sadə insanların qayğılarını çox yaxşı bildiyini, ona müraciət edənlərə hər zaman böyük diqqətlə yanaşdığını və millət vəkili seçilməyə layiq olduğunu vurğulayıblar. Çıxış edənlər Hüseyn Kərimova inandıqlarını söyləyərək, 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərin namizəd Kərimov Hüseyn Ağahüseyn oğlunu dəstəkləyəcəklərini bildiriblər.
Deputatlığa namizəd H.Kərimov öz platforması barədə seçicilərə açıqlama verərək, seçkilərdə qalib gələcəyi təqdirdə, seçicilərinin etimadını doğrultmağa çalışacağını söyləyib. Hüseyn Kərimov müvafiq dairədə hər bir seçicinin səsini qazanmaq üçün çalışdığını qeyd edib. O, seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağına inandığını və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib.

Digər xəbərlər