Bu il noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edən bəzi müxalifət təmsilçiləri deputatlığa namizədliklərini irəli sürsələr də, yerlərdə də özlərinə dəstək qazana bilmirlər. 107 saylı Qazax seçki dairəsində seçicilərlə apardığımız söhbətlər zamanı bir daha bu fakt öz təsdiqini, tapmış oldu. Sorğuda iştirak edən seçicilər noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərində yalnız YAP - ın 107 saylı Qazax seçki dairəsi üzrə namizədi Əhməd Vəliyevi dəstəkləyəcəklərini bildiriblər.
Məmmədova Əsmət: (müəllimə)
- Noyabrın 7-də keçiriləcək parlament seçkilərində ailəlikcə YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyevi dəstəkləyəcəyik. Çünki ölkə Prezidenti İlham Əliyevin Sədri olduğu YAP bu gün Azərbaycan xalqı tərəfindən dəstəklənən yeganə partiyadır. Əhməd Vəliyev Azərbaycanın tanınmış ziyalılarındandır. Biz çox şadıq ki, Yeni Azərbaycan Partiyası 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizəd kimi məhz Əhməd Vəliyevin namizədliyini irəli sürüb. İnanıram ki, noyabrın 7-də bütün seçicilər səsvermədə iştirak edəcək və YAP-ın deputatlığa namizədi, professor Əhməd Vəliyevə səs verəcəklər.
Hüseynov Ələddin (təqaüdçü):
- İlk növbədə, onu deməliyəm ki, biz Azərbaycanda gedən inkişafa görə, Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq. İkincisi, cənab Prezidentə ona görə minnətdarıq ki, Onun Sədri olduğu partiya 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizəd kimi bizim öz eloğlumuz, professor Əhməd Vəliyevin namizədliyini irəli sürüb. Bu gün təkcə Qazaxda deyil, bütün Azərbaycanda xalqın inandığı, dəstəklədiyi və etibar etdiyi bir partiya var, o da, Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasıdır. Noyabrın 7-də keçirilən parlament seçkilərində biz hamımız - qazaxlılar YAP-ın deputatlığa namizədi, professor Əhməd Vəliyevə səs verəcəyik.
Həsənov Alı (müəllim):
- Hər bir kəs öz tanıdığına səs verir. Yeni Azərbaycan Partiyasının 107 saylı Qazax seçki dairəsindən namizədliyi irəli sürülmüş Əhməd Vəliyev Qazaxda hər kəsin tanıdığı və hörmət etdiyi bir insandır. Biz Qazaxdan onun namizədliyinin irəli sürülməsinə şadıq və noyabrın 7-də mən özüm də, ailə üzvlərim də məhz YAP-ın deputatlığa namizədi Əhməd Vəliyevə səs verəcəyik. Bu gün Qazağın Əhməd Vəliyev kimi ziyalı bir deputata ehtiyacı var.
Məmmədova Suqra (Fərəhli kənd feldşer məntəqəsinin müdiri):
- Doğrudur, eşitmişik ki, bu seçkilərdə başqa adamlar da namizədlər də var. Biz o adamları tanımırıq. Qazaxda, ümumiyyətlə, müxalifət yoxdur. Hansısa müxalifət partiyasının nümayəndəsi bura gəlsə belə, ona heç kim səs verən deyil. Qazax seçicilərinin tanıdığı bir partiya var. O da Prezidentimizin Sədri olduğu Yeni Azərbaycan Partiyasıdır. Mən heç bir partiyanın üzvü deyiləm. Amma bu seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəyik. Bilirik ki, 107 saylı Qazax seçki dairəsindən YAP-ın deputatlığa namizədi Əhməd Vəliyevdir. Əhməd Vəliyevin namizədliyinin məhz Qazaxdan irəli sürülməsinə görə, YAP rəhbərliyinə minnətdarıq. Əminik ki, o, deputat seçildikdən sonra bizim ümidlərimizi doğruldacaq.
Məmmədova Əzizə (tibb bacısı):
- Noyabrın 7-də biz hamımız YAP-ın deputatlığa namizədi Əhməd Vəliyevə səs verəcəyik. Çünki öz eloğlumuzdur, bizim dərdimizi-sərimizi də hamıdan yaxşı o bilir. Eyni zamanda, o, YAP-ın nümayəndəsidir. Yeni Azərbaycan Partiyası isə bizim dəstəklədiyimiz yeganə partiyadır. Çünki bugünkü Azərbaycan məhz bizim Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu-yaratdığı Azərbaycandır. YAP isə Ulu Öndərin qurub-yaratdığı partiyadır və bu gün onun qoyduğu xətti cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Prezidentin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edir. Hər şey göz qabağındadır. Ona görə də, mən inanıram ki, noyabrın 7-də təkcə Qazaxda deyil, bütövlükdə, Azərbaycanın, hər yerində seçicilər YAP-ın deputatlığa namizədlərinə səs verməklə öz dəstəklərini bir daha nümayiş etdirəcəklər.