Amalımız güclü dövlət, yüksək rifahdır
Yeni Azərbaycan Partiyası namizədlərinin "Güclü dövlət, yüksək rifah" şüarı altında keçirilən təbliğat-təşviqat kampaniyası bölgələrdə uğurla davam edir.
Müvafiq görüşlərdə seçicilərlə səmimi ünsiyyət quran YAP namizədləri partiyanın seçki platformasını onların diqqətinə çatdırır, millət vəkili seçiləcəkləri təqdirdə, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəal təşəbbüskarlıq göstərəcəklərini, Milli Məclisdə əhalinin bütün təbəqələrinin maraqlarını ifadə edən mütərəqqi qanunların hazırlanması və qəbul olunması baxımından, böyük səylə çalışacaqlarını vurğulayırlar. Partiyanın yerlərdə tədbirləri mütəşəkkil, kütləvi qaydada keçir. Seçicilər Yeni Azərbaycan Partiyasının namizədləri ilə görüşlərə böyük maraq göstərir, YAP namizədlərinin keçirdiyi görüşlərə aktiv şəkildə qatılırlar. Bu, ümumilikdə, ölkənin aparıcı, mütəşəkkil, kütləvi partiyası kimi Yeni Azərbaycan Partiyasına bəslənilən böyük inamın, göstərilən etimadın göstəricisidir.
Digər bölgələrdə olduğu kimi, Qusarda da Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası müvəffəqiyyətlə gerçəkləşdirilir. Bununla əlaqədar Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatı 51 saylı Qusar seçki dairəsindən YAP namizədi Azər Camal oğlu Badamovun təşviqatı ilə əlaqədar növbəti görüşləri keçirib. Qusarın Ukur, Əcəxur, Mucuq kəndlərində keçirilən bu tədbirlər kütləviliyi və mütəşəkkilliyi ilə fərqlənib, seçicilər bu görüşlərdə böyük fəallıq göstəriblər. Milli Məclis üzvlüyünə namizəd Azər Badamov, Qusarın digər yaşayış məntələrində olduğu kimi, bu kəndlərdə də səmimiyyətlə, xoş münasibətlə, gülərüzlə qarşılanıb. Bu kəndlərdə görüşlərdə, ümumilikdə, 650-dən çox seçici iştirak edib. Keçirilən görüşlər Milli Məclis üzvlüyünə namizədin vəkilləri və seçki qərargahının nümayəndələri də qatılıblar.
Təbliğat-təşviqat kampaniyası ilə bağlı keçirilən bu görüşlərdə giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov seçicilərə deputatlığa namizəd Azər Badamovun fəaliyyəti haqqında ətraflı məlumat verib. O, vurğulayıb ki, ölkənin ən güclü, aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası hər zaman ölkənin tərəqqisi, inkişafı, xalqın rifahı, firavanlığı naminə fəaliyyət göstərir və bu səbəbdən, 7 noyabr 2010-cu il parlament seçkilərində məhz "Güclü dövlət, yüksək rifah" şüarı ilə iştirak edir: "Bu, hər zaman milli dövlətçiliyimizin daha da möhkəmlənməsi, ölkənin sosial-iqtisadi qüdrətinin artması üçün böyük səy göstərən Yeni Azərbaycan Partiyasının başlıca amalı, əsas hədəfidir. Azərbaycanda bütün dünyada qibtə hissi doğuracaq ən mütərəqqi, humanist qanunların qəbulunda, parlamentdə çoxluq təşkil edən partiya kimi, həyati əhəmiyyət kəsb edən çoxsaylı qanunların qəbul edilməsində, milli qanunvericiliyimizin təkmilləşdirilməsində və inkişaf etdirilməsində Yeni Azərbaycan Partiyasının böyük rolu var".
Milli Məclis üzvlüyünə namizəd Azər Badamovun tərcümeyi-halı və fəaliyyəti barədə məlumat verən D.İbrahimxəlilov yerli sakinlərin onu yaxşı tanıdığını qeyd edib. O bildirib ki, Yeni Azərbaycan Partiyasından Milli Məclis üzvlüyünə namizəd olan A.Badamov bir ziyalı kimi, əqidəli, təmiz, vicdanlı, təşəbbüskar, elin, camaatın hörmətini, rəğbətini qazanmış, ləyaqətli bir insandır: "Azər Badamov bir ziyalı və Yeni Azərbaycan Partiyasının üzvü kimi böyük fəallıq, təşəbbüskarlıq göstərir, yerli sakinlərin qayğıları ilə yaxından maraqlanır, ona yanaşan, müraciət edən hər bir insana böyük həssaslıqla yanaşır, öz diqqətini əsirgəmir". D.İbrahimxəlilov Azər Badamovun deputatlığa namizəd kimi, bu müsbət keyfiyyətlərinin seçicilər tərəfindən çox yüksək qiymətləndirildiyini, bu səbəbdən, onun qusarlıların etimadını qazanacağına əmin olduğunu bildirib.
YAP Qusar rayon təşkilatının sədri xüsusi olaraq, vurğulayıb ki, 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası Qusarda çox uğurla həyata keçirilir: "Yeni Azərbaycan Partiyasının namizədləri də bununla bağlı üzərlərinə düşən məsuliyyəti hiss edir, azad, demokratik seçki kampaniyasında layiqli qələbə qazanmağa çalışırlar. Yeni Azərbaycan Partiyasının xalqın partiyası kimi seçkilərdə növbəti dəfə böyük, inamlı qələbə qazanacağına əminik. Seçicilərin partiyaya qarşı böyük rəğbəti və etimadı belə söyləməyə əsas verir".
Milli Məclis üzvlüyünə namizəd Azər Badamov görüşdə çıxış edərək, seçicilərinə təbliğat-təşviqat kampaniyasında onu fəal şəkildə dəstəklədiklərinə görə öz minnətdarlığını bildirib. Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən namizədi A.Badamov keçirdiyi son görüşlərdə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə ətraflı məlumat verib. O, bir namizəd kimi, millət vəkili seçiləcəyi təqdirdə, ona göstərilən etimadı layiqincə doğruldacağını bildirib.