Ən böyük qələbəyə layiq partiya
Yeni Azərbaycan Partiyası namizədləri Qubada təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Bu baxımdan, partiyanın 53 saylı Quba-Qusar seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədi Yevda Sasunoviç Abramovun təşviqatı seçicilərin fəal iştirakı ilə keçir. Belə ki, Yevda Abramov indiyədək 10-dan artıq yaşayış məntəqəsində seçicilərlə geniş tərkibli görüşlər keçirib, öz seçki platformalarını yerli sakinlərin diqqətinə çatdırıb.
Yeni Azərbaycan Partiyasının bütün namizədləri kimi, Yevda Abramov da təbliğat-təşviqat kampaniyası başladığı gündən öz seçiciləri ilə sıx ünsiyyət qurur, millət vəkili seçiləcəyi təqdirdə, seçicilərinin və xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının etimadını tam doğrultmağa çalışacağını bildirir. O, millət vəkili seçiləcək hər bir namizədin başlıca qayəsinin xalqa xidmət olduğunu vurğulayır.
Bu baxımdan, 53 saylı Quba-Qusar seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi verilmiş Yevda Sasunoviç Abramovun Ərməki, Alıc-Digah və Vladimirovka kəndlərində seçicilərlə görüşü diqqətiçəkən və yaddaqalan olub. Geniş fikir mübadiləsi səmimi söhbət əsnasında keçən görüşlərdə seçicilər öz qayğılarını, arzularını dilə gətiriblər, bir deputat kimi onun ötən beşillik fəaliyyətindən razı qaldıqlarını və yenidən millət vəkili seçiləcəyi təqdirdə, ondan hər zaman olduğu kimi, səmərəli, uğurlu fəaliyyət gözlədiklərini dilə gətiriblər.
Görüşdə 350 nəfərdən çox seçici iştirak edib. Namizəd seçicilər tərəfindən xoş münasibətlə, səmimiyyətlə qarşılanıb. Yevda Abramovu çox yaxından tanıdıqlarını bildirən seçicilər, ümumilikdə, onun fəaliyyətinə çox müsbət yanaşdıqlarını qeyd ediblər. Bu görüşlərdə namizədin səlahiyyətli nümayəndəsi və vəkilləri də iştirak edib.
Oktyabrın 18-də isə Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı YAP namizədi Yevda Sasunoviç Abramovun təşviqatı ilə əlaqədar Amsar, Əlibeyqışlaq, Ağbil, Dəlləkli kənd sakinləri ilə görüş keçirib. Görüşdə 1000 nəfərə yaxın seçici iştirak edib.
Tədbiri giriş sözü ilə açan namizədin səlahiyyətli nümayəndəsi Ə.Nəbiyev Milli Məclisə namizəd Yevda Sasunoviç Abramovun həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Yevda Sosunoviç Abramovun 53 saylı Quba-Qusar seçki dairəsindən namizədliyinin dəstəklənməsi sadə insanları maraqlandıran bir çox məsələlərin Milli Məclisdə qaldırılmasına və onun həllinə imkan yaratmış olacaq.
Namizədin səlahiyyətli nümayəndəsi Ə.Nəbiyev görüş iştirakçılarını seçkilərdə fəal olmağa və Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Yevda Sasunoviç Abramova səs verməyə çağırıb. Görüşdə çıxış edən seçicilər və vəkillər M.Səlimov, E.Məmmədov və digərləri Yeni Azərbaycan Partiyasının namizədi Yevda Sasunoviç Abramovu yaxından tanıdıqlarını, ona səs verəcəklərini bildirərək, seçicilərin hər birini bu kampaniyada fəal olmağa dəvət ediblər.
Namizəd Yevda Sasunoviç Abramov görüşdə çıxış edərək, Yeni Azərbaycan Partiyasının namizədi kimi, seçicilərin etibarını, inamını, səsini qazanmağa çalışdığını, millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını doğrultmağa var qüvvəsi ilə səy göstərəcəyini bildirib. Milli Məclis üzvlüyünə namizəd seçicilərlə görüşdə geniş, məzmunlu çıxış edib, Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və ikinci dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə dolğun, ətraflı məlumat verib. Y.Abramov Milli Məclis üzvlüyünə namizəd kimi, ona yenidən etimad göstərdiyinə görə, Yeni Azərbaycan Partiyasına minnətdarlıq edib, bu dəfə də seçicilərin etimadını qazanacağına əmin olduğunu bildirib.
Yevda Abramov yenidən millət vəkili seçiləcəyi təqdirdə, göstərilən etimadı axıradək yüksək səviyyədə doğruldacağını bildirib. Seçicilər millət vəkili kimi Yevda Abramovun beşillik fəaliyyətindən razı olduqlarını vurğulayıblar. Millət vəkili kimi, uğurlu fəaliyyətinə görə, namizədə təşəkkür ediblər. Çıxış edənlər 7 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi, məhz Yevda Abramovu dəstəkləyəcəklərini bildiriblər. Görüşdə namizədin səlahiyyətli nümayəndəsi və vəkilləri iştirak ediblər.
52 saylı Quba seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Kərimov Hüseyn Ağahüseyn oğlu isə Quba rayonunun Şuduq, Novdün kəndlərində seçiciləri ilə görüşüb. 200 nəfərdən artıq seçicinin iştirak etdiyi görüşdə deputatlığa namizəd Hüseyn Kərimov, onun səlahiyyətli nümayyəndəsi və vəkilləri Ş.Paşayev, A.Teymurxanlı, B.Kərimov iştirak ediblər.
YAP tərəfindən namizədliyi irəli sürülmüş H.Kərimov müvafiq dairədə hər bir seçicinin səsini qazanmaq üçün çalışdığını söyləyib. H.Kərimov seçiciləri ona etimad göstərərək, səs verməyə çağırdı və seçicilərinin ona səs verəcəklərinə inandığını və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib.
Görüşlərdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının fəalı kimi onun fəaliyyəti haqqında çox müsbət fikirdə olduqlarını söyləyiblər. Hüseyn Kərimovun sadə insanların problemlərini çox yaxşı bildiyini, hər kəslə səmimi ünsiyyət qurmaq bacarığını, ona müraciət edənlərə hər zaman böyük diqqətlə yanaşdığını və bu səbəbdən, millət vəkili seçilməyə layiq olduğunu qeyd ediblər. Çıxış edənlər Hüseyn Kərimova inandıqlarını söyləyərək, 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərinin namizədi Kərimov Hüseyn Ağahüseyn oğlunu dəstəkləyəcəklərini bildiriblər.