Yeni Azərbaycan Partiyası ilə həmrəyik
ÖDƏNİŞLİ TƏŞVİQAT
Yeni Azərbaycan Partiyasının namizədləri, Azərbaycanın digər bölgələrində olduğu kimi, Xaçmazda da təbliğat-təşviqat kampaniyasını böyük uğurla davam etdirirlər. Keçirilən görüşlərə YAP namizədləri seçicilər tərəfindən böyük diqqət və rəğbətlə qarşılanırlar. Namizədlər bu görüşlərdə öz seçki platformalarını yerli ictimaiyyətin diqqətinə çatdırır, millət vəkili seçiləcəkləri təqdirdə, görəcəkləri işlər, deputatlığa namizəd kimi fəaliyyət proqramları barədə ətraflı məlumat verirlər. Təbliğat-təşviqat kampaniyası çərçivəsində ardıcıl görüşlərə başlayan YAP namizədləri seçicilərlə fəal ünsiyyət qurur, onları maraqlandıran məsələləri dolğun, ətraflı şəkildə cavablandırırlar.
Belə görüşlərdən biri dünən 56 saylı Xaçmaz kənd dairəsindən Yeni Azərbaycan Partiyasının seçki siyahısı ilə namizədliyi qeydə alınmış İlham Əli Səftər oğlu Əliyevlə, Dədəli İƏV-də keçirilib.
Xaçmaz seçicilərinin yüksək fəallığı ilə keçən bu görüşdə 300 nəfərdən çox yerli sakin iştirak edib. Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açıb. N.Ağayev Milli Məclis üzvlüyünə namizəd İ.Əliyevin fəaliyyəti barədə seçicilərə məlumat verib, Xaçmaz sakinlərinin ictimai fəallığı ilə seçilən bu namizədi çox yaxşı tanıdıqlarını və onun barəsində çox yüksək fikirdə olduqlarını bildirib. Çıxış edənlərdən Abdulrəhim Yaqubov, Rəhilə Buliyeva, Nasib Hacıəhmədov, Mövlud Şahbazov, Mehyəddin Mahmudov və başqaları deputatlığa namizəd kimi İ.Əliyevin müsbət şəxsi keyfiyyətlərinin olduğunu vurğulayıblar. Onlar namizədin böyük dünyagörüşünə, geniş həyat təcrübəsinə, yüksək intellektə malik olduğunu bildiriblər, səmimi, ünsiyyətcil, fəal, təşəbbüskar insan kimi fərqləndiyini qeyd ediblər.
Görüşdə ətraflı çıxış edən deputatlığa namizəd İlham Əli Səftər oğlu Əliyev seçkidə Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərdən biri kimi üzərinə düşən məsuliyyəti dərk etdiyini, millət vəkili seçiləcəyi təqdirdə, partiyanın seçki platformasında nəzərdə tutulan hədəflərə çatmaq üçün ləyaqətlə çalışacağını söyləyib. Seçicilərin yüksək fəallığından razı qaldığını vurğulayan deputatlığa namizəd, indiki mərhələdə seçicilərlə hər bir namizəd arasında fəal ünsiyyətin, ciddi müzakirələrin çox vacib olduğunu qeyd edib. O, seçicilərin namizədlə fəal dialoq qurmasından məmnunluğunu bildirib. Seçicilərin qaldırdığı məsələlərə geniş münasibət bildirən Milli Məclis üzvlüyünə namizəd İ.Əliyev millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını doğrultmağa səy göstərəcəyini söyləyib. O, xüsusi olaraq, qeyd edib ki, millət vəkili seçilərsə, Milli Məclisdə ölkəmizin qanunvericiliyi sahəsində mühüm əhəmiyyət kəsb edən qanunların qəbul olunmasında yaxından iştirak edəcək.
Namizədin çıxışı seçicilər tərəfindən böyük maraqla və rəğbətlə qarşılanıb. Onlar Milli Məclis üzvlüyünə namizəd İ.Əliyevin ona bəslənilən ümidləri doğruldacağına əmin olduqlarını və bu səbəbdən, 56 saylı Xaçmaz kənd seçki dairəsində məhz Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.