Britaniya səfirliyindən viza almaq problemə çevrilib
Böyük Britaniya Azərbaycanın Avropada və dünyada sıx siyasi və iqtisadi əməkdaşlıq etdiyi ölkələrdən biridir. Bu iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaşlıq, geniş işgüzar əlaqələr mövcuddur. Qarşılıqlı münasibətlər inkişaf etdikcə, Azərbaycan vətəndaşları daha çox bu ölkəyə səfər edir, Şimali İrlandiya və Böyük Britaniya Birləşmiş Krallığının vətəndaşları isə Azərbaycana gəlirlər. Böyük Britaniyanın bir çox şirkətləri bu gün Azərbaycanda sərbəst şəkildə öz biznes fəaliyyətini qurur.
Bununla yanaşı, minlərlə Britaniya vətəndaşı ölkəmizdə heç bir məhdudiyyətlə üzləşmədən çalışır, azad şəkildə fəaliyyət göstərir. Lakin Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin bu ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına qarşı laqeyd və qərəzli münasibət göstərməsi barədə yayılan məlumat bir qədər narahatlıq doğurur.
Bu baxımdan, ingilisdilli "news.az" saytında dərc edilmiş "Britaniya səfirliyi nəyə görə viza verməkdən imtina edir?" başlıqlı materialda qeyd edilir ki, Britaniya səfirliyinin Azərbaycan vətəndaşlarına viza verməkdən imtina etməsi hallarının sayı artıb və bu, artıq tendensiyaya çevrilməkdədir: "Bəzi hallarda, hətta Britaniya standartlarına görə, belə kifayət qədər yüksək maaş alan şəxslərin iş yerindən tövsiyə məktubu, bankdakı vəsaiti və əmlakı barədə arayış gətirmələrinə baxmayaraq, onlara viza verilməsindən imtina edilir". "News.az"ın yazdığına görə, səfirlik Azərbaycan vətəndaşlarının viza almasını həddən artıq çətinləşdirib. Bəzən bununla bağlı çox lüzumsuz, heç bir çərçivəyə sığmayacaq tələblər irəli sürülür: "Bir dəfədən çox Şengen vizası almış və Bakıya geri qayıdış bileti olan şəxslərə də viza verilmir. Beləliklə, Britaniyaya səfər edən şəxslərin yuxarıda göstərilən lazımi sənəd və arayışları təqdim etməsi, səyahətlərinin xərcini çəkmək üçün vəsaitlərinin olduğunu və Azərbaycana qayıdacaqlarını sübuta yetirməsi kifayət deyil". Lakin problem təkcə bürokratik əngəllərin həddən artıq çox olmasında deyil. Məqalədə xüsusi olaraq vurğulanır ki, Britaniya səfirliyindən viza almaq istəyən Azərbaycan vətəndaşlarına səfirlikdə olan münasibət də ciddi narahatlıq doğurur: "Viza üçün müraciət edənlərin hamısına alçaldıcı suallar verilir və onlar səfirlik işçilərinin təkəbbürlü davranışı ilə üzləşməli olurlar". Vətəndaşlarımız isə viza almaq xatirinə bütün bunlara dözmək məcburiyyətində qalırlar: "Hər kəsə məlumdur ki, kəskin tərzdə söylənmiş istənilən bir söz səfirliyin qərarına təsir edə bilər. Lakin nəzakətli olmaq da viza alacağınıza təminat vermir".
Məqalədə bildirilir ki, səfirliyin Azərbaycan vətəndaşlarına belə problemlər yaratması Böyük Britaniyanın xarici siyasətinin ruhuna qətiyyən uyğun deyil. Bəlli olduğu kimi, britaniyalıların ölkəmizə gəlib-getməsi ilə bağlı viza şərtləri çox sadədir. Onlara Azərbaycanın Britaniyadakı səfirliyi tərəfindən hər hansı problem, bürokratik əngəllər yaradılmayıb. Bununla bağlı "Britaniyanın Baş naziri olmuş Ser Uinston Çörçil 1946-cı ildə Fultonda çıxışını xatırladan "news.az" yazır ki, o, Böyük Britaniya ilə ayrı-ayrı ölkələr arasında "dəmir pərdə" qurmaq, hətta qüdrətli ölkələrin vətəndaşlarının gəliş-gedişinə problem yaratmaq cəhdlərinin yolverilməz olduğunu vurğulamışdı: "Çörçilin ilk dəfə "dəmir pərdə" terminindən istifadə etdiyi həmin məşhur çıxışından altmış dörd il keçib. Baltik dənizindəki Şesin (Stettin) şəhərindən Adriatik dənizindəki Triest şəhərinə qədər bütün qitə boyunca "dəmir pərdə" aradan qaldırılıb".
Saytda gedən müvafiq məqalədə daha sonra bildirilir ki, keçmiş SSRİ çoxdan dağılsa da, postsovet ölkələrinə münasibətdə bu "dəmir pərdə" hələ aradan qaldırılmayıb. Bu, təkcə keçmiş sovet respublikalarına deyil, bir çox keçmiş sosialist ölkələrinə də aiddir: "Həmin xətt boyunca Mərkəzi və Şərqi Avropanın bütün qədim paytaxtları yerləşir: Varşava, Berlin, Praqa, Budapeşt, Belqrad, Buxarest və Sofiya. Bütün bu məşhur şəhərlər və orada yaşayan əhali, belə desək, keçmiş sovet zonasında yerləşir və bu və ya digər şəkildə sovet təsirinə məruz qalmış, eyni zamanda, Moskva tərəfindən çox ciddi və getdikcə artan şəkildə nəzarətdə saxlanmışlar. Lakin Sovet İttifaqı dağılsa da, "dəmir pərdə" yerində qalmaqda davam edir. Bu dəfə o, ümumiyyətlə, inkişaf etmiş ölkələr və xüsusilə, Böyük Britaniya tərəfindən çəkilib. Britaniya isə, o ölkələrdəndir ki, insan hüquqları və demokratiya haqqında həddindən çox danışırlar. "Dəmir pərdə" Azərbaycan da daxil olmaqla, keçmiş sovet respublikalarının əksəriyyətinin vətəndaşlarının Böyük Britaniyaya səfərini məhdudlaşdırır". Burada diqqəti çəkən başlıca Azərbaycanla geniş əlaqələrə malik Britaniyanın ölkəmizdəki diplomatik elçiliyi vətəndaşlarımıza qarşı bu mənfi tendensiyanı aşkar şəkildə nümayiş etdirilməsidir: "Böyük Britaniya Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından sayılır. Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmur, onlar tərəfindən yatırılan investisiyalara dövlət zəmanəti verilir. Bu günə kimi Britaniya vətəndaşlarının Azərbaycana səfəri ilə bağlı hər hansı mənfi fakt, formal və ya qeyri-formal məhdudiyyət nəzərə çarpmayıb". Belə olan halda, Böyük Britaniya səfirliyi hansı səbəblərdən vətəndaşlarımıza belə ayrı-seçkiliyə yol verir? Məqalədə vurğulandığı kimi, "Britaniya səfirliyi əməkdaşlarının davranışı həm Birləşmiş Krallığa, həm də, ümumilikdə, Qərb ölkələrinin dəyərlər sisteminə qarşı mənfi münasibət oyadır". Bu səbəbdən, Britaniya səfirliyi məsələyə ciddi münasibət bildirməli, əməkdaşlarının müəyyənləşdirdiyi bu xoşagəlməz qaydaları aradan qaldırmalıdır.