Mətbuat seçki kampaniyasını obyektiv və qərəzsiz işıqlandırmalıdır
Hazırda Azərbaycan mətbuatı parlament seçkiləri kampaniyasının gedişatını hansı səviyyədə işıqlandırır və bu, sizi qane edirmi? Seçki prosesinin obyektiv, qərəzsiz və operativ şəkildə işıqlandırılması baxımından mətbuatın rolunu necə dəyərləndirirsiniz? Bu suallara aydınlıq gətirmək üçün mətbuat nümayəndələrinə müraciət etdik.
Rəşad Məcid, "525-ci" qəzetin baş redaktoru:
- Bildiyiniz kimi, artıq parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başlanmaq üzrədir. Hesab edirəm ki, bu təbliğat-təşviqat zamanı xeyli müraciətlər olacaq. Burada ödənişli əsaslarla deputatlığa namizəd olan şəxlər haqqında məlumatları dərc edəcəyik. Hiss olunur ki, bununla bağlı müraciət etmək niyyətində olanlarla müqavilə bağlamaq istəyən şəxslər var. Bu baxımdan, normal təbliğat prosesi gedəcək. Dövri mətbuatda seçki prosesindəki vəziyyət barədə, mütəmadi olaraq, məlumatlar dərc olunur. Hesab edirəm ki, bu proses normal şəkildə davam edir.
Mətbuat, şübhəsiz ki, namizədlərin seçicilərlə ünsiyyət qurması, öz fikirlərini seçicilərə çatdırması üçün bir vasitədir. Bu baxımdan, hər bir deputatlığa namizəd istəyər ki, seçki prosesi zamanı mətbuata, KİV-ə müraciət etsin və KİV-də də onun haqqında gedən məlumatlar da obyektiv, qərəzsiz olsun. Eyni zamanda, şübhəsiz ki, seçki prosesinin işıqlandırılmasında da mətbuatın boynuna böyük məsuliyyət düşür. Mətbuat bu prosesin şəffaf, demokratik şəkildə həyata keçirilməsində mühüm rola malikdir.
Yunus Oğuz, "Olaylar" qəzetinin baş redaktoru:
- Əslində, Azərbaycanda parlament seçkilərinin gedişatının dolğun şəkildə işıqlandırılması daha çox namizədlərdən asılıdır. Parlament seçkilərinin daha şəffaf və demokratik keçirilməsində üzərimizə düşən vəzifələri layiqincə həyata keçirməkdən ötrü əlimizdən gələni əsirgəməyəcəyik.
Burada təbliğat-təşviqat müqavilə əsasında həyata keçiriləcək. Yəni, seçki gününə qədər kim müvafiq müqavilə bağlayacaqsa, onlar təbliğ olunacaq. Seçki qanunvericiliyində müəyyənləşdirilən prosedurlara uyğun olaraq, seçkilərin gedişatı ilə bağlı olan xəbərləri, gələn rəsmi məlumatları dərc edəcəyik. Bir sözlə, çalışacağıq ki, parlament seçkilərinin şəffaf və obyektiv, ədalətli şəkildə həyata keçirilməsinə öz töhfəmizi verə bilək.