Səlim Müslümov: “Azərbaycanda özəl pensiya fondlarının yaradılması lazımdır"
"Azərbaycanın pensiya-sığorta bazarında özəl pensiya fondlarının yaradılması zəruridir". Milli.Az xəbər portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Fondun Almaniyanın Pensiya Sığorta İdarəsi ilə birgə keçirdiyi "Pensiyaların ortamüddətli və uzunmüddətli maliyyələşdirilməsi" mövzusunda təqdimatda deyib: "Özəl pensiya fondlarının yaradılması üçün, ilk növbədə, müvafiq qanunvericilik bazası yaratmaq lazımdır. Bundan sonra Maliyyə Nazirliyindən lisenziya almaq lazımdır. 2011-ci il üçün DSMF-nin büdcə layihəsində ölkənin 2009-2015-ci illər üçün pensiya-sığorta sisteminin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində tədbirlərin icrası üçün vəsaitlər nəzərdə tutulub. Belə tədbirlərdən biri özəl pensiya fondları üçün qanunvericilik bazasının yaradılması üzrə məsələlərin həllindən ibarətdir".
Onun sözlərinə görə, yeni pensiya-sığorta sistemi üç mərhələdən ibarətdir: "Bu üçpilləli sistemdir. Birincə pilləyə dövlətin həyata keçirdiyi icbari pensiya sığortası daxildir. İkinci pilləyə real investisiyalarla məşğul olan icbari pensiya sığorta sisteminin bir hissəsi daxildir ki, bu da bank hesablarına sosial-sığorta haqlarının bir qisminin qoyulmasını, müxtəlif maliyyə alətlərinə yerləşdirməni və əldə olunan gəlirlər sayəsində pensiyaların artırılmasını nəzərdə tutur. Üçüncü pillə özəl pensiya fondlarının yaradılmasını, bu fondların fəaliyyəti nəticəsində pensiyaçılar tərəfindən əlavə pensiyaların alınmasını nəzərdə tutur".