PDF Oxu

Sosial

  • 13

Ortaq türk əlifbası yaradılır

Ortaq türk əlifbası yaradılır
Ortaq türk əlifbasının yaradılması ətrafındakı müzakirələr yenidən aktuallaşıb. Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən Zirvə Sammitində ortaq türk dili və türk əlifbasının yaradılması ideyası ətrafında müzakirələrin aparılması uzun illərdən bəridir ki, müzakirə olunan məsələ ilə bağlı konkret addımların atılması ilə müşayiət olundu. Qeyd edək ki, hələlik, ortaq türk əlifbasının yaradılması prosesi başa çatmasa da, bu istiqamətdə birinci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Bu barədə "Səs" qəzetinə açıqlama verən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov bildirib ki, ortaq türk dili və ortaq türk əlifbasının yaradılması ideyası uzun müddətdir ki, müzakirə edilsə də, bu istiqamətdə konkret nəticəyə gəlinməsi o qədər də asan məsələ deyil. "Bu məsələnin bir tərəfi bizim romantik istəyimizlə bağlıdır. Hamımız istəyirik ki, ortaq türk əlifbası olsun. Əlifbanın hazırlanması texniki məsələ olsa da, eyni zamanda, bu əlifbanı hazırlayarkən, ona ümumi şəkildə türk ədəbi dillərinin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Doğrudur, bu gün doğma olmayan dillər üçün də vahid əlifba hazırlamaq mümkündür. Amma biz istəyirik ki, ortaq əlifbanı yaradanda, bunun fondunu elə yaradaq ki, orada bütün dillərdə olan hər bir səsin işarəsi eyni olsun". N. Cəfərov bildirib ki, ortaq əlifba hazırlanmasında digər məsələ bütün türk xalqlarının eyni əlifbadan istifadə etməməsidir. "Məsələn, bu gün Türkiyədə latın əlifbasının ənənəsi var. Azərbaycanda bu ənənə olub, sındırılıb, amma sonradan yenidən bərpa olunub. Özbəkistanda da bu istiqamətdə işlər gedir. Amma Qazaxıstanda vəziyyət bir qədər fərqlidir. Orada əhalinin böyük əksəriyyətini ruslar təşkil etdiyindən rus əlifbası orada əsas əlifba kimi işlədilir. Burada, həmçinin, psixoloji amil də var. Düşünürəm ki, Qazaxıstan da, Qırğızıstan da tədricən latın əlifbasına keçəcəklər". N.Cəfərov ortaq türk əlifbasının yaradılması üzrə prosesin iki mərhələni əhatə etdiyini deyib. Bildirdiyinə görə birinci mərhələdə işlərin davam etdirilir. İkinci mərhələ isə yeni yaradılacaq əlifbanın unifikasiyası (uyğunlaşdırılması) mərhələsidir ki, burada türk dillərində olan hər bir səsin öz işarəsinin müəyyənləşdirilməsi nəzərdə tutulur. N.Cəfərov hazırda türk dillərində olan səslərin əksəriyyətinin eyni olduğunu desə də, bəzi dillərdə əvvəldən mövcud olan, hazırda bəzi dillərdə işlədilən səslərin yenidən bərpası məsələsinin də aktual olduğunu deyib. "Məsələ burasındadır ki, türk dillərində bəzi səslər işlənilir, amma işarəsi yoxdur. Götürək, Türkiyənin əlifbasını. Onlarda danışıqda "ə" səsi var, amma yazılışda "ə" hərfini "e" kimi yazırlar. Əslində, Türkiyədə əlifbaya "ə" hərfi əlavə edilməlidir. Amma türklər deyir ki, bu əlifbanı Atatürk yaradıb və ona toxunmaq olmaz. Ancaq bir məsələ də var ki, Atatürk ərəb əlifbasından latına keçməklə türk əlifbasını yeniləşdirdi. Amma bu gün Atatürkün nəvələri bunu etmək istəmirlər". Millət vəkili bu kimi problemlərin digər türk dillərinin əlifbaları ilə bağlı da ortaya çıxdığını deyir. Hazırda bu istiqamətdə müzakirələr getdiyini bildirən dilçi alim ortaq əlifba yaradılarkən, orada bütün türk dillərində olan səslərin işarələrinin olacağını bildirib. N.Cəfərov, həmçinin, onu da deyib ki, hələlik, ortaq türk əlifbasında neçə hərfin olacağı bilinmir. "İndi bu istiqamətdə araşdırmalar gedir. Bütün türk dillərində olan neçə səs varsa, o qədər də işarə olacaq. Amma tutaq ki, Azərbaycan əlifbasında 32 hərf var. Biz fonddan 32 səsi götürəcəyik. Özbəkistanda məsələ üçün 25 səs varsa, 25-ni götürəcək. Amma işarə hamıda eyni olacaq". Millət vəkili ortaq türk əlifbasının yaradılmasının türk xalqları arasında inteqrasiyanı və mədəni əlaqələri daha da yaxınlaşdıracağını deyib.

Digər xəbərlər