"Tvininq layihəsinin Azərbaycanda keyfiyyət infrastrukturu üzrə yeni yanaşmanın qəbul edilməsinə töhfəsi" adlı konfrans keçirilib
Dünən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təşkilatçılığı ilə "Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrinin gücləndirilməsi" üzrə Tvininq layihəsi çərçivəsində "Tvininq layihəsinin Azərbaycanda keyfiyyət infrastrukturu üzrə yeni yanaşmanın qəbul edilməsinə töhfəsi" adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Avropa İttifaqı missiyasının rəhbəri səfir Roland Kobya, Avstriyanın ölkəmizdəki səfiri Silviya Mayer-Kaybic, Almaniya səfirliyinin nümayəndəsi Peter Ziqler və layihənin rəhbəri Qizela Bişof iştirak ediblər.
İlk öncə SMPDK- nın sədri Ramiz Həsənov iştirakçıları salamlayaraq, Tvining layihəsinin nəticələri və mahiyyəti barədə qonaqları məlumatlandırıb. Bu kimi layihələrin Azərbaycan iqtisadiyyatının inkişafındakı rolundan bəhs edib.
Daha sonra Avropa İttifaqı missiyasının rəhbəri Roland Kobya çıxış edib. Qonaq Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrə toxunaraq bu kimi layihələrin əlaqələri daha da inkişaf etdirəcəyini vurğulayıb. Qonaq Azərbaycanın ÜTT- yə üzv olduqdan sonra bu imkanların daha geniş olacağını bildirib: "Bu qəbildən olan layihələrin sayı artacaq. Çünki biz uğur qazanacağıq. Azərbaycanda Tvininq layihələrə biz 2003- cü ildən başlamışıq. Bir daha Avropa İttifaqı nümayəndəsi olaraq hər kəsi bu layihə münasibəti ilə təbrik edirəm".
Daha sonra Avstriyanın səfiri Silviya Mayer-Kaybic çıxış edib. Xanım Silviya bu Tvininq layihəsində Avstriyanın ilk dəfə iştirak etdiyini və layihənin təmsil etdiyi ölkə üçün çox əhəmiyyətli olduğunu vurğulayıb: "Mən Azərbaycanda çox yeniyəm. Ancaq onu deyə bilərəm ki, burada olmaq mənim üçün çox sevindirici haldır. Yeni əməkdaşlıq alətimiz olan bu Tvininq layihəsi fikrimcə çox uğurlu alınacaq". Tvininq rəhbəri Qizela Bişof da öz növbəsində iştirakçıları salamlayıb və layihə haqqında iştirakçılara açıqlama verib. O bildirib ki, bu layihə Almaniya və Avstriyanın Konsorsiumu çərçivəsində ilk layihədir: "Mən inanıram ki, biz fikir mübadiləsi, o cümlədən təcrübə mübadiləsi apara biləcəyik. Bu barədə bir çox texniki ekspertlərimiz var. Onlar bu barədə bir çox araşdırmalar aparırlar". Qeyd edək ki, konfrans sabah da davam edəcək.