PDF Oxu

Sosial

  • 12

Azərbaycan rəqabətə davamlılıq indeksinə görə MDB ölkələri arasında birinci yerdədir

Azərbaycan rəqabətə davamlılıq indeksinə görə MDB ölkələri arasında birinci yerdədir
Bu ilin ötən dövrü ərzində həyata keçirilən məqsədyönlü sosial-iqtisadi tədbirlər nəticəsində Azərbaycan MDB-də ən rəqabətədavamlı ölkələr siyahısında lider mövqeyini qoruyub saxlamağa müvəffəq olubdur. Bunu Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanan ən son hesabatı da təsdiq edir. Belə ki, adıçəkilən qurumun on dörd minə yaxın iş adamının iştirakı ilə hazırladığı hesabatda Azərbaycan infrastruktur, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət və maliyyə bazarının inkişafına görə MDB ölkələri arasında birinci yerdə olduğu bildirilib.
ÜİF-in hesabatında Azərbaycan rəqabətədavamlı ölkə kimi üçüncü yerdə göstərilibdir. Xatırladaq ki, məlumatda keçmiş SSRİ dövlətləri arasında birinci yerdə Estoniya, ikinci yerdə isə Litvadır. Dünya dövlətləri üzrə siyahıda həmin ölkələr müvafiq olaraq 33-cü və 47-ci, Azərbaycan isə 57-ci sırada qərarlaşıbdır. Bütün bunlar onu göstərir ki, son illər həyata keçirilən düzgün sosial-iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, konservativ xarici borclanma strategiyası həyata keçirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşdırılıbdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi proqramlar təsdiq edilmiş və uğurla icra olunmaqdadır.
Bu gün xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Bu siyasətin nəticəsidir ki, 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 4,8 dəfə, ölkə üzrə orta aylıq əmək haqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, onun adambaşına düşən həcmi isə 3,2 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əmək haqqı 6,3 dəfə artırılıbdır. Göstərilmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi son 5 ildə 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizə çatıbdır. Son 6 ildə 840 min yeni iş yeri yaradılıb. Bütün bu uğurlar dəfələrlə nüfuzlu beynəlxalq təşikilatların hesabatlarında da öz əksini tapıb. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business - 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doing Business - 2010" hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. Eləcə də, 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlibdir.
2010-cu ilin ötən aylarının yekunlarından aydın olur ki, Azərbaycanda bütövlükdə bu il də, keçən illərdə olduğu kimi, uğurlu iqtisadi inkişaf davam etmişdir. Ötən il bütün dünyada daha çox maliyyə və iqtisadi böhran dövrü kimi yadda qalsa da, ölkəmizdə istər 2009-cu ildə, istərsə də, 2010-cu ilin ilk yarısında iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ilin ilk altı ayında iqtisadi inkişaf 3,7 faiz təşkil etmişdir ki, bu da bir daha islahatların düzgün istiqamətdə həyata keçirildiyini sübut edir.
Hər bir ölkənin sosial-iqtisadi inkişafının əsasını təşkil edən sənaye potensialından istifadədə də müsbət meyillər davam etmişdir. Neft və qeyri-neft sektorları üzrə nəzərə alsaq, aydın olar ki, 2010-cu ilin ilk altı ayında neft sektorunda 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz artım təmin olunmuşdur. Bütün bunlar Azərbaycan hökuməti tərəfindən görülən işlərin, ardıcıl surətdə həyata keçirilən layihə və tədbirlərin bariz nümunəsidir. Ölkə başçısının da, dəfələrlə qeyd etdiyi kimi, başlıca məqsəd neft ehtiyatlarından maksimum səmərəliliklə istifadə etməklə əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına nail olmaqdır. 2010-cu ilin altı ayında inflyasiya 4,9 faiz təşkil etmiş və əhalinin pul gəlirləri isə 9 faiz artmışdır ki, bu da məhz yuxarıda qeyd edilən istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir. Bütün bunların əsas səbəblərindən biri də ötən illər ərzində ölkədə yaradılmış güclü valyuta ehtiyatları ilə bağlıdır. Hökumətin uğurlu neft siyasəti nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirmiş və bu, 2010-cu ildə də davam etdirilmişdir. Belə ki, 2010-cu ilin ilk yarısında da Azərbaycanın valyuta ehtiyatları artaraq, 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır. Son altı ay ərzində, bütövlükdə, ölkə iqtisadiyyatına 3,8 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da, yalnız 21,1 faizi xarici investisiyaların payına düşür. Mütəxəssislər göstərirlər ki, Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə regionda ən qabaqcıl ölkədir. Eyni zamanda, artıq formalaşdırılmış milli gəlir və valyuta ehtiyatları, güclü milli iqtisadiyyat daxili investisiyaların həcmini ildən-ilə artırmağa imkan verir. Bunun nəticəsidir ki, 2007-ci ildən etibarən investisiyaların ümumi həcmində daxili investisiyalar üstünlük təşkil edir. 2010-cu ilin ilk yarısında da bu temp saxlanılmış və 3,8 milyard dolların 3 milyard dollarını daxili sərmayələr təşkil edibdir.
Həyata keçirilən uğurlu tədbirlərin və səmərəli tənzimləmənin nəticəsidir ki, milli iqtisadiyyatın digər sahələrində də inkişaf tendensiyası hiss edilməkdədir və Azərbaycanın iqtisadiyyatı dayanıqlı, stabil və davamlı inkişaf edən iqtisadiyyatdır. Beləliklə də, 2010-cu ilin ötən aylarının yekunlarından aydın olur ki, Azərbaycanda bütövlükdə bu il də, keçən illərdə olduğu kimi, uğurlu iqtisadi inkişaf davam edir.

Digər xəbərlər