BMT Baş Assambleyasında "erməni həyasızlığı"
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sülh prosesini canlandırmaq və danışıqlarda yaranmış fasiləni ortadan qaldırmaq üçün səylər göstərdiyi bir vaxtda Ermənistan problemin həllinə maraqlı olmadığını bir daha ortaya qoydu.
Bu günlərdə öz işinə başlayan BMT Baş Assambleyasının 65 - ci sessiyası zamanı "Minilliyin çağırışı" proqramı çərçivəsində "BMT-yə üzv olan ölkələrin götürdüyü öhdəliklərin yerinə yetirilməsi və inkişaf məsələlərinə dair" keçirilən müzakirələrdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib. Onun ölkəmizin BMT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi və bununla bağlı aparılan islahatlar, eləcə də, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini davam etdirməsi nəticəsində ortaya çıxan problemlərə dair səsləndirdiyi fikirlər digər təşkilata üzv olan ölkələr tərəfindən müsbət qarşılanıb.
Nazir bildirib ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycan üçün ərazi itkisi ilə yanaşı, humanitar fəlakət də yaradıb və bu gün də münaqişə nəticəsində bir milyon insan qaçqın və məcburi köçkün kimi yaşamağa məcburdur. E.Məmmədyarovun səsləndirdiyi fikirlər Ermənistan nümayəndə heyəti tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycanın xarici siyasət idarəsinin rəhbərinin çıxışından sonra Ermənistanın apardığı işğalçılıq və təcavüzkar siyasətini sığortalamaq üçün heç bir əsas tapa bilməyən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış yolunu ölkəmizi ittiham etməkdə "tapıb".
Ermənistanın xarici işlər naziri öz çıxışında Azərbaycanın son illər hərbi potensialını artırmasını önə çəkərək, bunun təkcə Ermənistan deyil, bütövlükdə, region üçün təhlükə yaratdığını iddia edib. E.Nalbandyan çıxışı zamanı o qədər radikal və emosional olub ki, hətta müzakirələrin başqa məsələlərlə bağlı aparıldığını da unudub. Başqa sözlə desək, E.Nalbandyan müzakirələrdə əsl "erməni həyasızlığı" nümayiş etdirməklə, Ermənistanın guya problemin həllinə maraqlı olduğuna dair bu vaxta qədər səsləndirdiyi fikirləri elə özü sual altında qoyub.
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov "Səs" qəzetinə açıqlamasında bildirib ki, əslində, "Minilliyin çağırışı" proqramı çərçivəsində keçirilən müzakirələrin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmayıb. "Bu tədbir öhdəliklərin yerinə yetirilməsi ilə bağlı idi. Azərbaycanın xarici işlər naziri də öz çıxışında öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülən işlər, təhsil, səhiyyə və digər sahələrin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar barədə danışıb. Nazir bildirib ki, Ermənistanın 20% Azərbaycan ərazisini işğal etməsi ölkəmiz üçün çoxsaylı problemlər yaratsa da, Azərbaycan BMT qarşısında götürdüyü öhdəliklərini yerinə yetirir" - deyən E.Poluxov Ermənistanın xarici işlər nazirinin çıxışının cavab xarakterli olduğunu deyib: "Əslində, Edvard Nalbandyan orada öz ölkəsinin götürdüyü öhdəliklərin yerinə yetirilməsindən danışmalı idi. Amma Ermənistan öhdəliklərini yerinə yetirmir. Bu ölkədə nə təhsil, nə səhiyyə, nə də başqa bir sahədə heç bir yenilik yoxdur. Nalbaldyan Ermənistanın öhdəliklərindən danışmaq əvəzinə, Azərbaycanı ittiham etməklə, əslində, müzakirə olunan mövzu ilə bağlı heç bir nəticələrinin olmadığını nümayiş etdirdi. Azərbaycanın hərbi potensialını artırmasının region ölkələri üçün hər hansı bir təhlükə yaratmasını iddia etmək absurddu. Bu gün regionda təhlükəsizliyin təmin olunmasına problem yaradan bir ölkə varsa, o da Ermənistandır. Bunu elə bu ölkənin bu gün də işğalçılıq siyasətini davam etdirməsi də sübut edir".
E.Nalbandyanın BMT Baş Assambleyasında səsləndirdiyi fikirlərin Ermənistanın DQ münaqişəsinin nizamlanması prosesindəki iştirakı baxımından da ziyanlı olduğunu bildirən siyasi ekspertlər isə hesab edir ki, nazirin Azərbaycana qarşı ittihamlar irəli sürməsi yenilik olmasa da, bir ölkənin baş diplomatının məsələlərə diplomatik çərçivədən kənara çıxmaqla münasibət bildirməsi artıq Ermənistanın DQ münaqişəsinin həlli məsələsində dalana dirənməsini göstərir. Ekspertlərə görə, dünya birliyi bu vaxta qədər münaqişənin nizamlanmasında Azərbaycana lazımi dəstək verməsə də, Ermənistan rəsmilərinin bu cür "bəyanatları" və beynəlxalq səviyyəli müzakirələrdə belə davranışlar nümayiş etdirməsi, BMT Baş Assambleyasının sessiyaları çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsi müzakirəyə çıxarılarkən Azərbaycanı dəstəkləyən ölkələrin sırasını genişləndirə bilər.