PDF Oxu

Sosial

  • 12

NATO sülhməramlıları Qarabağa gəlirmi?

NATO sülhməramlıları Qarabağa gəlirmi?
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini davam etdirməsinə və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqların, hələlik, heç bir nəticə verməməsinə baxmayaraq, münaqişə bölgəsinə sülhməramlıların gəlməsi ilə bağlı məsələlər yenidən gündəmdədir.
Bu yaxınlarda Ermənistanda səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons Azərbaycan tərəfi razılıq verərsə, NATO sülhməramlılarının münaqişə bölgəsinə gətirilməsinin mümkünlüyünə dair bəyanat verib.
Onu da qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasından sonra regionda təhlükəsizliyin təmin olunması ilə bağlı əraziyə sülhməramlı missiyanın yerləşdirilməsinə dair məsələlər danışıqlarda hər dəfə qaldırılsa da, hələlik, bundan əvvəl zəruri olan addımlar atılmadığına görə bu məsələnin hansı şəkildə həll olunacağı bəlli deyil.
Bununla belə, bu vaxta qədər münaqişə bölgəsinə ATƏT - in və Rusiyanın sülhməramlı missiyasının gətirilməsinin mümkünlüyünə dair müxtəlif təkliflər və fikirlər səsləndirilib. Hətta bir müddət öncə GUAM - ın sülhməramlı missiyasının yaradılması barədə quruma üzv olan ölkələr tərəfindən təkliflər irəli sürülərkən burada da əsas məqsədin həmin sülhməramlıların təşkilata üzv olan ölkələrin ərazisindəki münaqişə bölgələrinə - Dnestryanı, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya ərazisində yerləşdirilməsi olduğu bildirilirdi. Lakin siyasi proseslərin gedişatı nəinki GUAM ölkələrinə belə bir missiyanı yaratmağa imkan verdi, əksinə olaraq, təşkilatın özünün də son illər fəaliyyətində zəifləmə müşahidə edildi. Bu baxımdan da, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması ilə bağlı "Böyük sülh" planı baş tutduğu təqdirdə, regiona ATƏT yoxsa, NATO sülhməramlılarının gətiriləcəyi ilə bağlı məsələlər indi daha çox müzakirə olunur.
Onu da qeyd edək ki, sülhməramlı adı altında Abxaziya və Cənubi Osetiyanı işğal edərək, orada öz hərbi bazalarını yerləşdirən Rusiya tərəfi DQ - dakı sülhməramlı missiyada iştirak etmək niyyətini ortaya qoysa da, ATƏT rəhbərliyi Minsk Qrupuna həmsədrlik edən ölkələrin hərbi qüvvələrinin Qarabağ münaqişəsi ilə bağlı sülhyaratma missiyasının tərkibində iştirakının nəzərdə tutulmadığını bəyan etdikdən sonra irəli sürülən ehtimallarda daha çox NATO sülhməramlılarının adı çəkilir.
Hərbi ekspert Azad İsazadə isə deyir ki, sülhyaratma missiyası sözü ilk baxışdan insanda xoş təsəvvür yaratsa da, əslində, bu barədə hansısa qərarın verilməsinin özü olduqca çətin və mürəkkəbdir. Ekspert "Səs"ə açıqlamasında bildirib ki, hansısa hərbi missiyanın bir regiona gəlməsi üçün onun hansı şərtlərlə gəlməsi məsələsi başlıca şərtdir. Həmçinin, burada missiyanın fəaliyyətinin hansı əraziləri əhatə etməsi də vacibdir. "Çünki şərtlər əvvəlcədən razılaşdırılmasa bu sonradan problemlərə yol aça bilər" - deyən A. İsazadəyə görə, NATO sülhməramlılarının Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi istənilən halda həmin ərazilərin güc yolu ilə boşaldılmasını çətinləşdirir. "Çünki NATO qoşunları indiki şəraitdə regiona gəlsə, Azərbaycana verilən vədlər özünü doğrultmasa, sonradan bu missiya bizə ərazilərimizi hərb yolu ilə azad etməyə imkan verməyəcək. Ona görə də Azərbaycan hətta sonradan belə bir missiyanın gəlməsinə razılıq versə belə, əvvəlcədən tərəflər arasında şərtlər və missiyanın hansı məqsədlə gəldiyi razılaşdırılmalıdır". Bu baxımdan da, A. İsazadə indiki şəraitdə münaqişə regionuna sülhməramlı missiyanın gətirilməsi ilə bağlı danışıqları tez sayır. Onun fikrincə, bu məsələ yalnız problemin sülh yolu ilə nizamlanması prosesi başladıqdan sonra müəyyən bir mərhələdə gündəmə gələ bilər.

Digər xəbərlər