Yoxsulluğun azaldılması davamlı xarakter alıb
Ölkəmizin iqtisadi və sosial həyatındakı müsbət meyillərin, əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq olunmuşdur.
Dövlət Proqramı özündə əsas 9 strateji məqsədi əks etdirir. Makroiqtisadi sabitliyi saxlamaq və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması bura daxildir. Həmçinin, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi Dövlət Proqramının əsas strateji istiqamətlərindəndir. Bu sahədə həyata keçiriləcək məqsədyönlü tədbirlər nəticəsində 2008-2015-ci illərdə ölkədə işsizlik səviyyəsinin 3-4 faizədək, yoxsulluğun səviyyəsinin isə 2 dəfə azaldılması nəzərdə tutulur.
Qeyd edək ki, 2009-cu ildə Dövlət Proqramı çərçivəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində ÜDM-in həcmi əvvəlki illə müqayisədə 9,3 faiz artaraq, onun adambaşına düşən həcmi 3917,3 manat təşkil etməklə, əhalinin nominal pul gəlirləri 8 faiz çoxalmışdır. Son 6 ildə isə 840 mindən çox iş yeri, 33 minə qədər müəssisə yaradılmışdır. Ölkədə davamlı iqtisadi artım təmin edilmiş, yoxsulluğun səviyyəsi 11 faizə enmişdir.
Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, onların məşğulluq səviyyəsinin ölkə üzrə orta məşğulluq səviyyəsinə çatdırılması "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın əsas hədəflərindəndir. 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 195 məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 569,5 min manat güzəştli kredit ayrılmışdır. Maliyyələşdirilmiş layihələr hesabına 223 məcburi köçkünün işlə təmin olunması nəzərdə tutulur. Ümumiyyətlə, 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 55 şəhər və rayonu üzrə 2101 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 130 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 8500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İnvestisiya layihələrinin 99,2 faizi, yeni yaradılacaq iş yerlərinin isə 94,7 faizi regionların payına düşür.
Bundan başqa, təhsil, səhiyyə, infrastruktur və ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası, eləcə də, həyata keçirilən digər tədbirlər ölkədə yoxsulluğun azaldılmasında mühüm rol oynayır.
İqtisadi tərəqqinin sürətlənməsi xalqın həyat səviyyəsinin yüksəlməsi, sosial müdafiə sisteminin qabaqcıl dünya ənənələri əsasında təkmilləşdirilərək yenidən qurulması üçün möhkəm bünövrə formalaşdırıb. Davamlı iqtisadi inkişaf həm də yoxsulluqla ardıcıl mübarizəyə geniş imkan yaradıb. Ölkəmizdə sosial məsələlərin həllinin daim ölkə rəhbərinin diqqət mərkəzində olması, sosialyönümlü layihələrin gerçəkləşdirilməsinin iqtidarın fəaliyyətində prioritet təşkil etməsi bu sahədə böyük nailiyyətlərə yol açıb. Bir tərəfdən yeni yaradılan iş yerləri işsizliyin aradan qaldırılması prosesini sürətləndirir, digər tərəfdən dövlət büdcəsindən sosial sahəyə ayrılan xərclərin xüsusi çəkisi ilbəil artır. Bu yolla əmək qabiliyyətlilər işlə təmin olunur, obyektiv səbəblərdən işləyə bilməyənlərə ünvanlı sosial yardımlar verilir.
Bir sözlə, ölkəmiz artan iqtisadi gücünü məhz yoxsulluqla mübarizəyə yönəldib. Bu məsələ Prezident İlham Əliyevin də fəaliyyətinin prioritetləri sırasındadır. Dövlətimizin başçısı 7 il öncə, bu postda fəaliyyətə başlayarkən əhalinin bir qisminin yoxsulluq səviyyəsində yaşamasının yolverilməz olduğunu söyləyərək, bu məsələnin həlli üçün bütün müvafiq tədbirlərin görüləcəyini söyləmişdi: "Şübhə etmirəm ki, biz qısa müddət ərzində Azərbaycanda yoxsulluğun aradan qaldırılmasına nail olacağıq. Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır və olmayacaqdır".
Beləliklə, 2003-2005-ci illəri əhatə edən "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın icrası nəticəsində ölkədə yoxsulluq səviyyəsi 29 faizə endi. Sonrakı mərhələdə - həmin proqramın davamı olan "Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramının (2006-2015-ci illər)" icrası nəticəsində bu göstərici 16 faizə düşdü.
Hökumət sonrakı mərhələdə də yoxsulluqla mübarizə istiqamətində işlərini tədbirləri davam etdirdi. Nəticədə, iqtisadiyyatın inkişafına təkan verən bütün layihələrə dəstək verməklə yanaşı, yoxsul təbəqəyə də yardımlar ayrıldı. Büdcədən maksimum səmərəli istifadə və iqtisadi gəlirlərin düzgün istiqamətə yönləndirilməsi prinisipini əsas tutaraq vacib sahələr müəyyənləşdirildi. Əhalinin bir çox təbəqələrinə tətbiq edilən bir sıra güzəştlər ləğv edildi. Əvəzində yardımlarda ünvanlılıq prinsipi tətbiq edildi. Əhalinin müəyyən qismi üçün qazanmaq şəraiti yaradılır, sosial yardımlarla isə əmək qabiliyyətli olmayan ailələrə aylıq sosial yardımlar edilir. 20-dən çox sosial layihələr hazırlanıb ki, onların tətbiqi bir çox aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.
Prezidentin aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə atdığı addımlardan biri də ötən il qaz borclarının silinməsi haqqında Fərmanı oldu. Prezident İlham Əliyevin "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə" həmin Fərmanına görə əhalinin dövlətə olan 320 milyon manat borcu ləğv edildi. Bunu böyük minnətdarlıqla qarşılayan aztəminatlı ailələr Prezidentin bu addımını dövlətin qayğısı kimi qiymətləndirdi.
Amma görülən bütün tədbirlərə baxmayaraq, çox təəssüf ki, əhalinin bir qismi hələ də yoxsulluq həddində yaşayır. Prezident İlham Əliyev Salyan rayonunda ictimaiyyət qarşısında çıxışı zamanı bu məqamı xüsusi vurğulayıb: "Azərbaycanda, əlbəttə ki, yoxsul təbəqə də vardır. Onların sayı ildən-ilə azalır. Bu gün yoxsulluq şəraitində yaşayanlar 11 faizdir. Yəni bu, demək olar ki, inkişaf etmiş ölkələrin səviyyəsinə yaxındır. Ancaq o da çoxdur. Baxmayaraq ki, biz bu göstəricini 49 faizdən 11 faizə endirə bilmişik, 11 faiz də çoxdur. Mən istəyirəm ki, ümumiyyətlə, Azərbaycanda yoxsul və işsiz olmasın. İndi biz işsizliyin böyük hissəsini böyük şəhərlərdə həll etmişik. İndi xaricdən böyük şəhərlərə iş dalınca gəlirlər. Ancaq bölgələrdə, hələ ki, işsizlik problemləri vardır. Əvvəlki illərdə bölgələrdən başqa ölkələrə işləmək üçün gedirdilər, bu gün Bakıya gəlirlər. Bu, əlbəttə ki, böyük bir addımdır. Amma elə etməliyik ki, ölkədə kifayət qədər iş yerləri olsun, insanlar bölgələrdə işləsinlər".
Son illər, xüsusən də, 2009-cu ilin və 2010-cu ilin altı ayının nəticələri tam qətiyyətlə deməyə əsas verir ki, qazanılmış möhtəşəm nailiyyətlər möhkəm təmələ və iqtisadi potensiala söykənir. Aparılan geniş quruculuq və abadlıq işləri ölkəmizin hərtərəfli tərəqqisinə, dünyada lider səviyyəyə yüksəlməsinə səbəb olub. Qarşıda duran-istər iqtisadi-sosial sahədə, istərsə də digər istiqamətlərdə bütün vəzifələr öz həllini tapır. Son 7 ildə Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada lider ölkədir. Bu liderliyi əldə etmək və onu qoruyub saxlamaq çətin məsələdir. İldən-ilə iqtisadi potensialın artımına nail olmaq, onu yüksək səviyyədə saxlamaq çox böyük fədakarlıq tələb edir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu inkişaf bizim üçün çox böyük imkanlar açıb. Azərbaycan xalqı bu gözəl imkanlardan artıq bəhrələnir.