Bildiyiniz kimi, qarşıdan parlament seçkiləri gəlir. Parlament seçkilərinin geniş işıqlandırılmasında mətbuat imkanları necə qiymətləndirilir? Təbliğat-təşviqat işinin aparılmasında qəzetlər reklam imkanlarından yararlana biləcəklərmi? Bu suallara aydınlıq gətirmək üçün mətbuat nümayəndələrinə müraciət etdik.
Aydın Quliyev,
"Bakı Xəbər" qəzetinin baş redaktoru:
- Parlament seçkilərinin bütün dairələr üzrə informasiya təminatının verilməsi qəzetlər üçün hazırda həm asan, həm də çətindir. Burada asanlıq bundan ibarətdir ki, mərkəzdəki, eləcə də, Bakıya yaxın seçki dairələrində baş verən hadisələrlə bağlı mətbuatın müəyyən zaman çərçivəsində informasiyalar ala bilmək imkanları az da olsa var. Buna görə, Bakıya yaxın seçki dairələrindən informasiya dəstəyi sistemi qurmaq qəzetlər üçün o qədər çətin olmayacaq. Düşünürəm ki, bir qədər uzaq kənd rayonlarında olan seçki dairələrindəki məlumatları çox qısa müddətdə almaq və onu qəzetlərdə yaymaq bir qədər çətinlik törədəcək. Çünki bu gün hətta televiziyaları götürəndə, rayonların hamısında müxbir postları yoxdur. Ən yaxşı halda, bir neçə rayonda bir müxbir postu fəaliyyət göstərir.
Ölkəmizdə, fəaliyyət göstərən qəzetlərin əksəriyyətinin bölgələrdə müxbir postları və müxbirləri fəaliyyət göstərmir. Belə şəraitdə, sözsüz ki, kənd royonlarından və uzaq seçki dairələrində məlumat almaq bir qədər çətin olacaq, burada mümkündür ki, qəzetlər müəyyən seçki dairələrində həvəskar adamlar və fəal oxucularla əlaqələr, iş birliyi qursun, oxucuları vasitəsi ilə seçki dairələrindən məlumat alsın. Bir sözlə, mətbuatın imkanları parlament seçkilərini işıqlandırmaq baxımından, obyektiv olaraq, həm müsbət, həm də mənfi dəyərləndirmək olar.
Öz təcrübəmə əsasən, deyə bilərəm ki, indiyə qədər olan seçki kampaniyalarından və reklam büdcəsindən bəhrələnməkdə qəzetlər ən sonuncu yerdə dayanıblar. Bu işi əsasən indiyə qədər televiziyalar həyata keçirdirlər. Lakin bu il bir qədər fərqli nüanslar var. Ümid edirik ki, bu il qəzetlərə reklamla bağlı daha geniş yer ayrılacaq və qəzetlərdə reklam prosesində iştirak edə biləcəklər. Bu məsələ ilə bağlı qəzetlərin özlərində heç bir problem yoxdur. Sadəcə, namizədlər özləri bunu arzulamalı və qəzetlərlə sıx əməkdaşlıq etməkdə maraqlı olmalıdırlar.
Elçin Mirzəbəyli, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:
- Mətbuatın parlament seçkilərinin işıqlandırılması ilə bağlı imkanları, hesab edirəm ki, yetərlidir. Qəzetlərin ümumi tirajı o qədər də çox olmasa da, parlament seçkilərinin obyektiv və ədalətli işıqlandırılması üçün mətbuatın kifayət qədər imkanları var. Burada həm Mərkəzi Seçki Komissiyası, həm müvafiq dairə və məntəqə seçki komissiyaları, həm də namizədlərlə əlaqələrin qurulması baxımından hər hansı problem yoxdur.
İndiki məqamda bu barədə birmənalı fikir söyləmək çox çətindir. Bildiyiniz kimi, reklam və təbliğat materialları ilə bağlı, mətbuat orqanları yalnız namizədlərin qeydiyyat prosesi başa çatdıqdan sonra müraciət edəcəklər. Bu, oktyabrın 8-nə təsadüf edir. Təbliğat kampaniyası başlamamış, yəni rəsmən buna start verilməmiş hər hansı bir namizədin mətbu orqana müraciət etməsi Seçki Məcəlləsinə ziddir. Bu baxımdan, hesab edirəm ki, zamanı gözləmək lazımdır.