PDF Oxu

Sosial

  • 20

Nyu-Yorkda ABŞ və Azərbaycan prezidentlərinin görüşü olacaq

Nyu-Yorkda ABŞ və Azərbaycan prezidentlərinin görüşü olacaq
BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ prezidenti Barak Obamanın görüşü olacaq. Ağ Evin dünən yaydığı açıqlamada bildirilib ki, görüşün sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində baş tutması gözlənilir. ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rodes Vaşinqtonda jurnalistlərə görüşlə bağlı məlumat verərkən Azərbaycanın Əfqanıstanla bağlı məsələlərdə ABŞ-ın yaxın tərəfdaşı olduğunu bildirib.
Onu da qeyd edək ki, Azərbaycan və ABŞ prezidentlərinin görüşü ilə bağlı gözləntilər xeyli vaxtdan bəri var idi. Çünki ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəlməsindən sonra Barak Obama administrasiyasının bir sıra yüksək səviyyəli rəsmiləri, ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfərlər edib.
ABŞ-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı xeyli müzakirə ediləsi məsələ olduğunu bildirən ekspertlərə görə, Azərbaycan və ABŞ prezidentlərinin görüşü həmin məsələlərin müzakirə edilməsi və ortaya çıxan bəzi problemlərin aradan qaldırılması üçün şərait yaradacaq.
Azərbaycanın İraq və Əfqanıstanda aparılan sülhməramlı əməliyyatlarda ABŞ-ın yaxın tərəfdaşlarından olduğunu bildirən BDU-nun beynəlxalq hüquq kafedrasının müdiri, politoloq Rüstəm Məmmədov "Səs" qəzetinə açıqlamasında bildirib ki, prezidentlərin görüşündə əsas müzakirələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacağını gözləyir. Münaqişənin nizamlanması ilə bağlı Birləşmiş Ştatların dəstəyinin yetərli səviyyədə olmadığını bildirən politoloqa görə, Amerikanın münaqişənin həllinə ciddi yanaşmaması iki səbəblə bağlıdır. "Birincisi, beynəlxalq maliyyə böhranı Amerikanı çətin vəziyyətə salıb. Artıq iki ildir ki, Amerika bu problemdən çıxmaq üçün yollar axtarır, amma çıxa bilmir. Ona görə də son illər ABŞ təkcə Azərbaycanla bağlı deyil, bütün ölkələrlə münasibətləri, sanki bir qədər dondurulub"- deyən politoloqun fikrincə, ikinci əsas səbəb Birləşmiş Ştatların region siyasəti ilə bağlıdır. ABŞ-ın Azərbaycanla münasibətləri yaxınlaşdırmaqla Ermənistanı itirmək istəmədiyini deyən R.Məmmədova görə, rəsmi Vaşinqtonun Ermənistana diqqəti bir tərəfdən bölgəyə olan marağı ilə bağlı olsa da, burada erməni diasporunun ABŞ rəsmilərinin fəaliyyətinə müəyyən qədər təsirlərinin olması da rol oynayır: "Eyni zamanda, ortada olan başqa bir reallıq da var. Məsələ ondadır ki, Amerika problemin yarandığı birinci gündən bu günə qədər Ermənistanı müdafiə edən mövqe tutub. Yəni onlar çalışırlar ki, Qarabağın Azərbaycandan qoparılıb Ermənistana verilməsinə nail olsunlar. Odur ki, mən Barak Obamanın da problemin həlli ilə bağlı hansısa yeni təşəbbüslərlə çıxış etməsini gözləmirəm". Politoloq deyir ki, son vaxtlar istər Rusiya, istərsə də, ABŞ-ın münaqişənin nizamlanmasına dair müəyyən təşəbbüslərinin olmasına dair fikirlər səslənsə də, burada əslində hansısa təşəbbüslərə yer yoxdur: "Mənim fikrimcə, burada heç kimə qaranlıq heç bir məsələ yoxdur. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20% ərazisi işğal olunub və həmin ərazilər işğaldan azad olunmalıdır. Burada başqa məsələ yoxdur ki? Azərbaycanın da tələbi budur ki, Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır. ABŞ - ın bu məsələ ilə bağlı mövqeyi iki cür ola bilər. Ya Ermənistana deyilməlidir ki, işğal etdiyin əraziləri boşalt, ya da bizə Qarabağı Ermənistana verməyi təklif edə bilərlər. Təbii ki, Azərbaycan Qarabağı verəsi deyil. Amerika da Azərbaycana görə Ermənistanı itirmək niyyətində deyil. Odur ki, mən Obama administrasiyasından problemin nizamlanmasında dəyişikliklərə nail olmaq üçün ciddi təşəbbüslər gözləmirəm. Məncə, bu məsələyə münasibətdə hər hansı dəyişiklik olmayacaq".
Bununla belə, politoloq Azərbaycanın ABŞ üçün regionda strateji əhəmiyyət daşıyan ölkə olduğunu xatırladıb. ABŞ-ın İraq və Əfqanıstandakı sülhməramlı əməliyyatlarında da Azərbaycanın iştirak etdiyini xatırladan R.Məmmədov "bütün hallarda dövlət başçılarının arasında görüşün keçirilməsi təqdir olunmalıdır. Çünki hər görüşdən sonra ölkələrin münasibətləri daha da yaxşılaşır. Bu mənada, Əliyev-Obama görüşü də ikitərəfli münasibətlərin inkişafına təkan verə bilər" deyə bildirmişdir.

Digər xəbərlər