PDF Oxu

Sosial

  • 15

Həmsədrlər "yeni ideyalar" irəli sürürlər

Həmsədrlər "yeni ideyalar" irəli sürürlər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri bu ayın sonunda yenidən regiona səfər edəcəklərini bildiriblər. Münaqişənin nizamlanması ilə bağlı gedən prosesləri nəzərə alsaq, demək olar ki, həmsədrlərin bu səfərinin daha əhəmiyyətli olacağı gözlənilir. Onlar özləri də bu qənaətdədirlər. Səfərin əsas məqsədinin isə faktaraşdırıcı missiyanın keçirilməsi olacağı gözlənilir. BMT Baş Assambleyasına Azərbaycan tərəfindən təqdim olunmuş qətnamə layihəsinin geri götürülməsini alqışlayan həmsədrlər bunun danışıqların uğurla nəticələnməsini şərtləndirən bir amil olduğunu qeyd edirlər. Əlbəttə, Azərbaycan tərəfi bu qətnamə layihəsini geri götürməsini məhz Minsk Qrupu ilə ciddi məsləhətləşmələrin aparılması ilə əlaqələndirmişdi. Son səfər zamanı həmsədrlərin təmas xəttində monitorinq aparması və təmas xəttini Azərbaycan tərəfindən keçərək işğal olunmuş ərazilərə getməsi onlar tərəfindən böyük uğur kimi qiymətləndirilir. Bundan ruhlanan həmsədrlər danışıqların gələcək perspektivdə də irəliyə doğru gedəcəyini bildiriblər. Onların növbəti səfərlərinin isə faktaraşdırıcı missiyanın yerinə yetirilməsi ilə bağlı olduğunu demək olar. Elə amerikalı həmsədr R.Bradtke də son müsahibəsi zamanı əsas bu məsələyə diqqəti yönəldib və bu missiyanın tərəflər və həmsədrlər üçün vacib olduğunu bildirib. Tərəflər üçün bunun nə qədər vacib olduğu açıqlanmasa da yeni həmsədrlərin məsələ ilə daha da yaxından tanış olması üçün əhəmiyyətli olacağı bildirilir. Əvvəlcədən də bilinirdi ki, yeni həmsədrlərin cəlb olunması danışıqların aparılmasında müəyyən əngəllər törədəcək. Belə ki, artıq illərdir məsələ ilə yaxından tanış olan diplomatların yeniləri ilə əvəz olunması onların münaqişəyə nabələd olan yeni həmsədrlərlə əvəz olunmasına gətirib çıxarıb ki, indi də onlar müəyyən missiyalar keçirməklə məsələ ilə yaxından tanış olmağa çalışırlar. Bu isə artıq vaxt itkisinə səbəb olur. Həmsədrlər növbəti səfərləri zamanı Azərbaycanın BMT Baş Assambleyasında göstərdiyi konstruktiv mövqeyi nəzərə almalı və Ermənistan tərəfini də buna adekvat cavab verməyə təhrik etməlidir. Yəni Ermənistan Azərbaycanın göstərdiyi konstruktiv mövqedən ibrət götürərək, öz qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir. Həmsədrlərin fəaliyyətindən danışarkən R.Bradtkenin son müsahibəsi zamanı səsləndirdiyi fikirləri də diqqətdə saxlamaq lazımdır. Belə ki, R.Bradtke həmsədrlərin yeni ideyalarının olduğunu bildirib. O, bu yeni ideyaların nədən ibarət olduğunu deməsə də, onların artıq tərəflərə təqdim olunduğunu qeyd edib. Bu barədə əsas müzakirələrin isə gələn həftə Nyu-Yorkda aparılması gözlənilir. Qeyd edək ki, bu müzakirələrdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və həmsədrlərin iştirakı gözlənilir. O ki qaldı bu yeni ideyaların nədən ibarət ola biləcəyinə, bunu da təxmin etmək çətin deyil. Mütəmadi olaraq həmsədrlərin bu tipli bəyanatlarla çıxış etmələrinə baxmayaraq, son nəticədə bunun heç də qəti bir qərar olmadığı və heç bir irəliləyişə nail olunmaq üçün şərait yaratmadığı aydın olub. Müəyyən, hətta nəzərə çarpmayacaq dərəcədə kiçik dəyişikliklərin olmasını yeni ideya adlandıran həmsədrlərin budəfəki yeni ideyalarının nədən ibarət olacağı, hələ ki, bizim üçün qeyri-müəyyən qalır. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri E.Məmmədyarov da bu bəyanatın heç də böyük əhəmiyyət daşımadığını və danışıqların dayandırılmadığı təəssüratını yaratmağa xidmət etdiyini bildirib. Bir sözlə, həmsədrlərin budəfəki səfəri daha çox diqqət mərkəzində olacaq. Onlar bu səfər zamanı atacaqları addımlar və aparacaqları danışıqlarda daha diqqətli olmalı və prosesə uyğun hərəkət etməlidirlər. Daha çox gözləntilər ondan ibarətdir ki, həmsədrlər Azərbaycanın BMT-dəki konstruktiv mövqeyinə uyğun olaraq ehtimalları doğruldacaq və danışıqların daha ciddi müstəviyə keçirilməsinə nail olacaqlar. Əsas məsələ isə ondan ibarətdir ki, Ermənistan öz qeyri-konstruktiv mövqeyindən geri çəkilməyə məcbur edilsin. Ən azından həmsədrlər öz fəaliyyətlərini bu istiqamətdə qurmaqla Azərbaycanın atdığı konstruktiv addıma adekvat cavab verə bilərlər.

Digər xəbərlər