PDF Oxu

Sosial

  • 16

Bakı-Tbilisi-Qars dəmir yolu xətti gələn il istifadəyə veriləcək

Bakı-Tbilisi-Qars dəmir yolu xətti gələn il istifadəyə veriləcək
Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq layihələrin sayı artdıqca ölkəmizin beynəlxalq aləmdə çəkisi və nüfuzu da artır. Azərbaycan enerji resurslarının Avropa bazarlarına ixracında ən əlverişli strateji məkan rolunu oynamaqla yanaşı, həm də Qərb ölkələri üçün zəngin ehtiyatlara malik etibarlı tərəfdaş ölkədir. Bu baxımdan da Azərbaycanın təşəbbüsü ilə Azərbaycan - Gürcüstan və Türkiyəni birləşdirən Bakı - Tbilisi - Qars dəmir yolu xəttinin çəkilməsi təkcə region ölkələri üçün deyil, Avropa və Asiya regionu ölkələri üçün də böyük əhəmiyyət kəsb edir.
Bakı - Tbilisi - Qars dəmir yolu xəttinin reallaşdırılması siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu dəmir yolu xətti üç tərəfdaş ölkə arasında strateji əməkdaşlığı daha da möhkəmləndirəcək. Azərbaycan, Gürcüstan və Türkiyənin yaxınlaşması bu ölkələr arasında siyasi əlaqələri də möhkəmləndirəcək. Bu gün beynəlxalq təşkilatlarda qaldırılan əksər məsələlərlə bağlı eyni mövqedən çıxış edən Azərbaycan - Türkiyə - Gürcüstan üçlüyü gələcəkdə region ölkələrinin birliyinin yaradılması prosesinin aktiv oyunçularına çevrilə bilərlər.
Onu da qeyd edək ki, Bakı - Tbilisi - Qars dəmir yolu xəttinin çəkilməsi iqtisadi baxımdan Ermənistan istisna olmaqla, region ölkələri üçün böyük perspektiv vəd edir. Belə ki, Bakı - Tbilisi - Qars xətti ilə Azərbaycan, Gürcüstan və Türkiyə yalnız öz aralarında yüklərin daşınmasını həyata keçirməyəcəklər. Bu dəmir yolundan, həmçinin, Çindən başlayaraq Avropanın mərkəzinə qədər bütün ölkələr yararlanmaq imkanı əldə edəcəklər. Nəzərə alsaq ki, dəmir yolu ilə yüklərin daşınması digər nəqliyyat vasitələri ilə müqayisədə daha ucuz başa gəlir, bəribaşdan bu dəmir yolu xətti keçən ölkələrin elə daşınma xərclərindən də xeyli qazanc əldə edəcəklərini söyləmək olar. Yüklərin daşınma xərclərinin aşağı düşməsi isə, öz növbəsində, region ölkələrində Avropa və Asiya ölkələrinin istehsalı olan məhsulların satış qiymətinə də öz təsirini göstərəcək.
Bakı - Tbilisi - Qars dəmir yolu xəttinin işə düşməsi region ölkələri arasında inteqrasiyanı da sürətləndirəcək. Çünki dəmir yolundan yalnız yüklərin deyil, eyni zamanda, sərnişin daşınması məqsədi ilə də istifadə olunması nəzərdə tutulur ki, bu həm region ölkələri arasında vətəndaşların gediş-gəlişini artıracaq, həm də dəmir yolu xəttinin işləməsi Azərbaycandan Gürcüstana və Türkiyəyə, və ya əksinə, istiqamətdə gediş-gəlişlə bağlı qiymətlərə xeyli dərəcədə təsir edəcək ki, bunun da sayəsində əhalinin bütün təbəqələri bu ölkələrə gedib gəlmək imkanı əldə edə biləcəklər.
Odur ki, iqtisadçı ekspertlər də Bakı-Tiblisi-Qars dəmir yolu layihəsinin perspektivli olduğunu bildirirlər. Ekspertlərin fikrincə, layihənin həyata keçirilməsi Azərbaycanın iqtisadi imkanlarını daha da artıracaq. Bütün bunlar isə Azərbaycanı qarşıda uğurlu perspektiv gözlədiyini deməyə əsas verir.

Digər xəbərlər