Sel daşqınları nəticəsində yaranan problemlər aradan qaldırılır
Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakətin aradan qaldırılması istiqamətində dövlətin kompleks tədbirləri davam edir. Təkcə Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində bir sıra rayonların ərazisində subasma hallarının geniş miqyas alması nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətə düşüb, 50 min hektardan artıq əkin və örüş sahələri məhv olub. Amma qabaqlayıcı tədbirlər insan itkisinin qarşısını alıb. Məhz bu məqam Azərbaycanın üzləşdiyi təbii fəlakət sınağının öhdəsindən uğurla gəldiyini göstərən əsas amildir. Baş verən təbii fəlakətə dövlətin operativ reaksiyası nəticəsində sel basmış ərazilərdən, belə təhlükənin baş verə biləcəyi yerlərdən insanlar qısa müddət ərzində evakuasiya olundu, müvafiq yaşayış məskənlərində yerləşdirildi, qida ehtiyatı və digər zəruri ləvazimatlarla təmin edildi.
İlk subasma halları qeydə alındıqdan dərhal sonra, mayın 7-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirə təbii fəlakət zonasında görülən işlərin bir daha dövlət başçısının xüsusi nəzarətində olduğunu təsdiqlədi. Məhz həmin müşavirədə bir daha aydın oldu ki, dövlət həmişə olduğu kimi, öz vətəndaşlarının yanındadır, insanların üzləşdiyi problemin həllini, onlara dəymiş zərərin kompensasiya edilməsini ölkə hakimiyyəti öz üzərinə götürəcək.
Prezident İlham Əliyev təbii fəlakət zonası ilə bağlı sədrliyi ilə keçirilən müşavirədə qarşıya konkret vəzifələr qoyaraq, məsələnin kompleks şəkildə həll olunması haqqında tədbirlər planının hazırlanmasını, tezliklə təkliflərin verilməsini və lazım olarsa, dövlət büdcəsində düzəlişlər edilməsini diqqətə çatdırdı. Bu müşavirədən az sonra Prezident İlham Əliyevin fəlakət zonasına gəlməsi, Şirvan şəhərində Kür çayında daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşməsi və təbii fəlakətlə bağlı yenidən səyyar müşavirə keçirməsi ölkə başçısının insanlara göstərdiyi qayğının təzahürü idi. Prezidentin çadır düşərgəsində müvəqqəti məskunlaşan sakinlərlə görüşərək onların problemlərilə yerindəcə tanış olması, daşqından zərər çəkənlərin bütün problemlərinin həllinin bundan sonra da diqqətdə saxlanılacağını bildirməsi vətəndaşların öz dövlətlərinə güvəncini bir daha təsdiqlədi. "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında" ölkə başçısının 19 may 2010-cu il tarixli məlum Sərəncamında vurğulanır ki, yaranmış vəziyyətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən bütün aidiyyəti qurumlarla birlikdə operativ qaydada görülmüş zəruri tədbirlər nəticəsində təbii fəlakətin daha böyük fəsadlarının qarşısı alınmış, zərər çəkmiş insanlar öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülmüş, onlara müxtəlif kommunal, iaşə, səhiyyə və digər xidmətlərin göstərilməsi təşkil olunmuşdur. Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması məqsədi ilə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyası yaradılmışdır. Hökumət Komissiyasının yaradılması təbii fəlakətlə bağlı məsələnin birbaşa Prezident İlham Əliyevin nəzarətində olması, müxtəlif dövlət strukturlarının vahid, koordinasiya olunmuş şəkildə əlaqəli fəaliyyəti yaranan problemin miqyasının genişlənməsinin qarşısını ala bildi. Bu fəaliyyət nəticəsində insanların təhlükəsizliyinin təminatı sahəsində müvafiq tədbirlər görülməsi istiqamətində davam etdirilən tədbirlər çərçivəsində Kür çayının səviyyəsinin qalxması ilə əlaqədar sel təhlükəsi ilə üzləşə biləcək kəndlərin əhalisinin evakuasiyası təmin oldu. Bir sıra dövlət qurumlarının sahilbərkitmə işlərinə səfərbər edilməsi, Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər nazirliklərinin şəxsi heyəti yaxından iştirak etmişdir. Kürün deltasında lildən təmizlənmə işinin sürətlə aparılması, ARDNŞ-in gəmilərinin yaxından iştirakı fəlakət bölgəsində hökm sürən təhlükəli vəziyyəti tamamilə aradan qaldırdı.