PDF Oxu

Sosial

  • 9

Azərbaycanın strateji önəmi artır

Azərbaycanın strateji önəmi artır
Avropanın enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı müzakirələrin getdiyi bir vaxtda yenidən Azərbaycanın enerji resurslarından istifadə edilməsi ilə bağlı məsələlər gündəmə gətirilir. Baxmayaraq ki, Azərbaycan artıq regionda böyük enerji layihələrinə imza atıb. Bu gün Bakı - Tbilisi - Ceyhan neft əsas ixrac boru kəməri və Bakı - Tbilisi - Ərzurum qaz kəməri Avropa və region ölkələrinin enerji təminatında mühüm rol oynayır. Bunun nəticəsidir ki, bu gün Rusiyadan qaz asılılığına son qoymaq istəyən Şərqi Avropa ölkələri "NABUCCO" layihəsinin həyata keçirilməsində Azərbaycanın mövqeyinin əsas olduğunu bildirirlər.
Bu günlərdə nüfuzlu "Vaşinqiton Tayms" qəzetində bu məsələyə dair məqalə dərc edilib. Məqalədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında önəmi xüsusi olaraq önə çəkilib. Məqalədə qeyd edilib ki, bu gün Azərbaycan təkcə Avropa ölkələri üçün enerji təminatçısı rolunda çıxış etmir. Bu ölkənin əlverişli coğrafi məkanda yerləşməsi və strateji mövqeyi də Şərqlə Qərb arasında istər ticari əlaqələrin inkişafı, istərsə də, sivilizasiyalararası dialoqun təşkili baxımından Avropa üçün mühüm əhəmiyyət kəsb edir.
Məqalədə diqqət çəkən məqamlardan biri isə Ermənistanın perspektivsiz ölkə olması ilə bağlı əksini tapan fikirlərdir. Qeyd edək ki, Ermənistanın regionda həyata keçirilən qlobal enerji layihələrindən kənarda qalması bu ölkənin gələcək perspektivini də sual altında qoyur. Bu vaxta qədər xarici maliyyə yardımları ilə yaşayan Ermənistana son illər bu yardımlar azaldığından xarici ekspertlər bu ölkənin iqtisadiyyatının qarşıdakı perspektivdə daha da pis vəziyyətdə olacağını proqnozlaşdırırlar. Hesab olunur ki, heç bir təbii ehtiyatlara malik olmayan Ermənistan iqtisadiyyatının çöküşünü sürətləndirən başqa bir amil isə Ermənistanın, nəinki regionda həyata keçirilən qlobal enerji layihələrindən, ümumiyyətlə, Azərbaycanın iştirakı ilə regionda həyata keçirilən bütün iqtisadi layihələrdən kənarda qalmasıdır. Buna səbəb isə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı və təcavüzkar siyasətdir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, nə qədər ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyib, bu ölkə regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən heç bir layihədə iştirak edə bilməyəcək.
Məlumat üçün onu da deyək ki, bir müddət əvvəl, Azərbaycanın təşəbbüsü ilə regionda Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən dəmir yolu xəttinin - Bakı-Tbilisi-Qars xəttinin çəkilməsi gündəmə gətirilərəkən, bəzi Qərb ölkələri Ermənistanı bu layihəyə qoşmaq üçün ölkəmizə müxtəlif vasitələrlə təzyiq etməyə çalışırdılar. Hətta Avropanın beynəlxalq maliyyə qurumları Ermənistan bu layihədən kənarda saxlanıldığına görə, dəmir yolu xəttinin çəkilməsi üçün tələb olunan vəsaiti ayırmaqdan da imtina etdilər. Bununla belə, Azərbaycan rəhbərliyinin ortaya qoyduğu siyasi iradə bu məsələdə öz sözünü dedi. Artıq tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verildikdən sonra, təkcə bu üç ölkəni deyil, Asiyadan Avropaya qədər böyük bir ticarət yolu olacaq ki, bu da həmin layihənin iştirakçıları olan ölkələrin iqtisadi baxımdan gəlirlərini daha da artıracaq. Ermənistanın isə bu layihədən yararlanmaq şansı sıfıra bərabərdir. Artıq bu reallıq Qərb dairələrində də qəbul edilir. Azərbaycanın həyata keçirdiyi qlobal layihələrin təkcə Cənubi Qafqaz ölkələrinin deyil, bütünlükdə, Avropa və Asiya üçün də əhəmiyyəti önə çəkilməklə yanaşı, ölkəmizin iqtisadi inkişaf tempinə görə, birinci olduğuda etiraf edilir. Hesab olunur ki, bu gün iqtisadi inkişaf tempinə görə, MDB ölkələri arasında liderlik edən Azərbaycan artıq dünyada əsas söz və nüfuz sahibi olan ölkələr sırasında öz yerini tutub. Siyasi baxımdan Rusiyadan asılı olan, iqtisadiyyatı isə xarici ölkələrdən alınan "dilənçi payı"ndan ibarət olan Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi bu ölkəyə qaranlıq gələcək vəd edir.

Digər xəbərlər