PDF Oxu

Sosial

  • 10

Qəbələ RLS ilə bağlı icarə müqaviləsinin vaxtı gələn il bitir

Qəbələ RLS ilə bağlı icarə müqaviləsinin vaxtı gələn il bitir
Cənubi Qafqaz regionunda geosiyasi balansın dəyişməsi region ölkələriiin vəziyyətinə öz təsirini göstərməyə başlayıb. Regionda proseslərin gərginləşməsinin əsas katalizatoru rolunda yenə də Rusiya çıxış edərək Ermənistanın silahlandırılması və öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməsinə açıq və dolayı yollarla dəstək verir. Moskvanın siyasətində son vaxtlar bölgənin hərbiləşdirilməsi məsələsi də daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Abxaziyada və Cənubi Osetiyadakı separatçı rejimi dəstəkləyərək, həmin ərazilərdə öz hərbi bazalarını quran rəsmi Moskvanın Abxaziyada "S-300" raket komplekslərini yerləşdirməsi barədə xəbərlərin üstündən ötməmiş, Ermənistanla da hərbi müttəfiqlik sazişi imzalayaraq, bu ölkənin müdafiəsini öz üzərinə götürməklə bir növ Rusiyanın yenidən Qafqazı zəbt etmək niyyətinin olduğu barədə fikirləri təsdiqləmiş oldu.
Siyasi ekspertlər isə Rusiyanın Cənubi Qafqaz ölkələrinə qarşı imperialist siyasətinin arxasında böyük maraqların dayandığını bildirirlər. Hesab edilir ki, Moskvanı narahat edən əsas məsələ regionda Qərbin nüfuz dairəsinin artması və region ölkələrinin öz siyasətlərində Moskvanın maraqlarını o qədər də nəzərə almamasıdır. Rusiyanı narahat edən başqa bir məqam isə Xəzər hövzəsinin enerji resurslarının Qərbə ixracı ilə bağlı məsələlərdir.
Rusiyanın, Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsinə daha böyük marağı var. Rusiya bu gün Azərbaycana təkcə özünün cənub qonşusu kimi baxmır. Azərbaycanın enerji ehtiyatları başqa ölkələr kimi, hər zaman Moskvanın da diqqətini cəlb edir. Digər tərəfdən isə Azərbaycan öz coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Rusiyanın Azərbaycanla bağlı marağında olan əsas məsələlərdən biri isə Qəbələ RLS-i ilə bağlıdır. Nəzərə alsaq ki, Rusiya Ermənistanda öz nəzarəti altında olan bazaları ilə bağlı müqaviləni həmin sənədin müddətinin bitməsinə on il qalmış təzələdi və bununla da Moskva da hətta öz "forpostu"nu itirmək qorxusunun olduğunu ortaya qoydu. Qəbələ RLS ilə bağlı məsələnin gündəmə gəlməsi Moskvanı daha ciddi şəkildə narahat etməyə bilməz.
Qeyd edək ki, Qəbələ RLS-nin statusunun müəyyənləşdirilməsindən sonra iki ölkə arasında imzalanmış hökumətlərarası müqaviləyə əsasən stansiya Rusiyaya icarəyə verilib. İcarə müqaviləsinin müddəti isə gələn il başa çatır. Elə Rusiyanı narahat edən də budur. Çünki Qəbələ RLS-i ilə bağlı icarə müqaviləsinin müddətinin uzadılıb-uzadılmayacağı sual altındadır. Bununla belə, artıq Rusiya rəsmilərinin açıqlamalarından da belə aydın olur ki, rəsmi Moskva Qəbələ RLS ilə bağlı icarə müqaviləsinin müddətini daha bir müddət uzatmağa maraqlıdır.
Siyasi ekspertlər isə indiki şəraitdə Qəbələ RLS-i ilə bağlı icarə müqaviləsinin müddətiin uzadılmasının olduqca çətin göründüyünü bildirirlər. Bəzi versiyalarda bu stansiyanın avadanlıqlarının həddən artıq köhnəldiyi və istismar müddətinin onsuz da başa çatdığı bildirilsə də, Rusiyanın bu stansiyadan çıxmaq istəmədiyi də istisna olunmur. Bu baxımdan da indiki şəraitdə Qəbələ RLS ilə bağlı hansı qərarın verilməsinin daha çox Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə bağlı olduğu bildirilir.

Digər xəbərlər