PDF Oxu

Sosial

  • 14

Regionların inkişafı: potensial və perspektivlər

Regionların inkişafı: potensial və perspektivlər

Dövlət Proqramı milli iqtisadiyyatın qarantı olan sahibkarlığın inkişafına böyük töhfələr verməkdədir "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılmasından il yarımdan çox müddət ötüb. Bu müddətdə ölkənin bölgələrində böyük iqtisadi və sosial layihələr həyata keçirilib, on minlərlə yeni iş yerləri açılıb, qeyri-neft sektorunda inkişaf müşahidə olunub. Bütün bunlar Azərbaycanın tarazlı inkişafını təmin edən əsas amillər hesab olunur.

Strateji inkişaf konsepsiyası

Son illərdə dünyanın ən çox inkişafda olan ölkələrindən biri də Azərbaycandır. Ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada liderdir. Azərbaycan iqtisadiyyatının dinamik inkişafında və əhalinin sosial şəraitinin önəmli dərəcədə yaxşılaşmasında 2004-cü il fevralın 11-də qəbul edilən "Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı" böyük önəm daşıyır.
Proqramın birinci hissəsinin həyata keçirildiyi müddətdə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edərək özünün indiyəqədərki ən yüksək səviyyəsinə çatıb. 5 ildir ki, Azərbaycan ümumi daxili məhsulun artım dinamikasına görə dünyada liderlik edir.
Hökumətin sosial siyasətinin ən başlıca istiqamətlərindən olan yoxsulluğun azaldılması da bilavasitə regionların sosial-iqtisadi inkişafı üzrə proqramının icrası ilə bağlıdır.
Hazırda ölkədə yoxsulluq 49 faizdən 11 faizə düşüb. Ölkə başçısının da bəyan etdiyi kimi "yoxsulluğun kəskin şəkildə azalması onu göstərir ki, Azərbaycanın təbii sərvətləri, bütün iqtisadi potensialı və dövlətin siyasəti məhz ən çətin durumda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilib".
Dövlət Proqramının 2-ci mərhələsi isə (2009-2013-cü illər) ölkənin ən ucqar kəndlərində belə müasir infrastrukturun yaradılması, yeni istehsal və xidmət obyektlərinin inşası, əhalinin sosial problemlərinin həll olunması və işsizlik probleminin tamamən aradan qaldırılması kimi böyük vəzifələri qarşıya qoyub.

Sahibkarlara Prezident dəstəyi

Prezident İlham Əliyev sahibkarlığa, özəl sektorun inkişafına diqqətin daha da artırılacağını əmin edərək ölkəmizin iş adamlarının dünya bazarına çıxmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etmək iqtidarında olduğunu söyləyir: "Azərbaycanda istehsal edilən mallar artıq yüksək keyfiyyətə malikdir, ixrac olunur, o cümlədən, Avropa Birliyi bazarına ixrac edilir. Həm ölkə tələbatını ödəyir, həm də Azərbaycanda çox güclü ixrac potensialı yaranır ki, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox önəmlidir".
Bununla yanaşı, dövlət başçısı sahibkarlara dövlətin dəstəyinin daha da gücləndirilməsinin vacib sayır: "Sahibkarlıqla məşğul olmaq üçün ilkin kapital olmalıdır. Əgər ilkin kapital yoxdursa, sahibkarlıqla məşğul olmaq mümkün deyildir. Ona görə dövlət bu funksiyanı öz üzərinə götürür. İlk növbədə, sahibkarlara siyasi dəstək verilməlidir". Bu, onu göstərir ki, Prezident sahibkarların maliyyə təminatı üçün imkanları ilbəil artırmağa qərar verib.
"Vahid pəncərə" sisteminin tətbiqindən sonra isə, sahibkarlıq subyektlərinin sayı xeyli artıb. Özəl sektorun inkişafı, o cümlədən, sahibkarlara ayrılan kreditlər Prezidentin göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub. Bu inkişaf ona gətirib çıxarıb ki, artıq insanlar gəlirlərin artımının müqabilində öz gəlirlərini müxtəlif sahələrə kapital kimi yatırmağa başlayıb.
Bu müddətdə həyata keçirilən tədbirlər nəticəsində 2004-cü ildən indiyədək əhalinin sosial durumu da önəmli dərəcədə yaxşılaşıb. Son 6 ildə maaşlar da bir neçə dəfə artırılıb. Təkcə minimum əmək haqqının məbləği 10 dəfə artıb. Bu günlərdə Azərbaycan Prezidenti ölkədə minimum əməkhaqqı və pensiyaların artırılması haqda sərəncam verib.

"Azərbaycan çətin, böhranlı illərini arxada qoyub"

Hökumətin əsas siyasəti qarşıdakı illərdə sosial və iqtisadi sahələrdə müxtəlif proqramların həyata keçirilməsinə yönəlib. İndiyədək əldə olunmuş uğurlar bu inkişaf tempinin qorunması üçün qarşıya yeni vəzifələr qoyur.
"Biz iqtisadi siyasətin aparılması ilə ölkəmizdə çox böyük və güclü iqtisadi zəmin yaradırıq. Azərbaycan çətin, böhranlı illərini arxada qoyub. Biz bundan sonra yalnız və yalnız inkişaf edəcəyik.
Bu inkişafı hərtərəfli və çoxşaxəli etmək üçün mütləq və mütləq regionların sosial-iqtisadi inkişafı proqramı davam etdirilməlidir. Elə etməliyik ki, Azərbaycan xalqını narahat edən bütün məsələlər 2009-2013-cü illərdə öz həllini tapsın"-Prezident İlham Əliyev deyir.
Beynəlxalq ekspertlər yeni dövlət proqramını öz istiqamətlərinə görə daha geniş inkişaf konsepsiyası hesab edir. Bu proqram çərçivəsində indiyədək həllini tapmamış məsələlərin həll edilməsi üçün yeni layihələr reallaşacaq. Bütün kəndlərin, ən ucqar yaşayış məntəqələrinin sosial-məişət qayğılarının həll edilməsi, kommunal xidmətlərlə fasiləsiz və keyfiyyətli təmin edilməsi, ən yeni infrastruktur obyektlərinin tikintisi bu sənədin başlıca elementlərini təşkil edir.
Azərbaycanın bütün yaşayış məntəqələrinin qazlaşdırılması 2013-cü ilə kimi başa çatdırılacaq. Eləcə də, əhalinin içməli su təminatı, suvarma sistemlərinin yaradılması, elektrik enerjisinin fasiləsiz verilməsi, yeni elektrik stansiyalarının tikilməsi, yolların təmiri, məktəb və xəstəxanaların əsaslı şəkildə təmir olunması bu sənədin əsas tərkib hissələrindən hesab olunur.
Bundan əlavə, 2013-cü ilədək vətəndaşların sosial xidmətlərdən əhatəli şəkildə istifadə etməsi üçün yeni səhiyyə müəssisələrinin, stasionar və diaqnostika mərkəzlərinin inşası, rabitə müəssisələrinin modernləşdirilməsi, məktəblərin ən yeni avadanlıqlarla təmin edilməsi, onların istilik təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.

İşğaldan azad ediləcək bölgələr abadlaşacaq

Prezident İlham Əliyev 2009-2013-cü illər ərzində proqramın əsas sahələrindən biri kimi sahibkarların maliyyə təminatının yaxşılaşdırılmasının, yeni müəssisələrin yaradılması üçün hökumətin güzəştli vergi-gömrük tarifləri tətbiq edilməsinin diqqət mərkəzində dayandığını qeyd edir. Belə ki, sahibkarlar üçün güzəştli vergi rejiminin yaradılması, ƏDV-nin azadılması və digər tədbirlər həyata keçiriləcək.
Yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi üçün sahibkarlara uzunmüddətli kreditlərin verilməsi də bu tədbirlər sırasındadır. Yeni Dövlət Proqramını səciyyələndirən əsas xüsusiyyətlərdən biri işğal olunmuş rayonlarda layihələrin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosialyönümlü obyektlərin inşa edilməsi, kommunal və infrastruktur şəbəkələrinin yaradılması nəzərdə tutulur.
Həmin rayonlar işğaldan azad edildikdən sonra burada sosial-iqtisadi inkişafla bağlı xüsusi proqram hazırlanıb həyata keçiriləcək. Həmin proqramların əsas mahiyyəti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, məktəb, səhiyyə, xəstəxana və digər sosial obyektlərin tikintisi, vətəndaşların yeni iş yerləri ilə təmin edilməsindən ibarətdir.
Prezident İlham Əliyevin bölgələrə intensiv xarakter alan səfərləri dövlət başçısının əhalinin sosial şəraiti ilə yaxından tanış olması ilə yanaşı, eyni zamanda, həm də regionların inkişafı ilə bağlı yeni proqramın icrasının vəziyyətini dərindən təhlil etməsinin əyani göstəricisi kimi dəyərləndirilə bilər.

"Proqramın II hissəsini də uğurla başa vurmalıyıq"

Bu proqramın I mərhələsi ötən müddətdə Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafına səbəb oldu. II mərhələ isə bu inkişafı davam etdirməkdən ibarətdir. "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın əsas vəzifəsi ondan ibarət olmuşdur ki, bölgələr sürətlə inkişaf etsin, bölgələrdə proseslər müsbət istiqamətdə getsin, bölgələrdə yaşayan insanların həyat səviyyəsi yaxşılaşsın, xidmət sektoru yaxşılaşsın, infrastruktur inkişaf etsin"- dövlət başçısı bəyan edib.
Prezident İlham Əliyev qeyd edib ki, "növbəti illərdə biz bu istiqamətdə siyasətimizi artıq bu gözəl əsas üzərində davam etdirəcəyik. Bütün iqtisadi, maliyyə böhranlarına baxmayaraq, biz öz siyasətimizi davam etdirəcəyik. Azərbaycanın hərtərəfli inkişafı üçün, ölkəmizin zənginləşməsi üçün, insanların rahat yaşaması üçün öz səylərimizi davam etdirəcəyik".
Beləliklə, regionların sosial-iqtisadi inkişaf proqramının 2009-2013-cü illəri əhatə edən ikinci mərhələsinin daha uğurlu olacağına şübhə yoxdur. Prezident İlham Əliyev bunu belə xarakterizə edir: "Birinci proqramın əsas məsələləri artıqlaması ilə həll olunmuşdur və növbəti mərhələdə biz bunu davam etdiririk. Beləliklə, Azərbaycanın bölgələri inkişaf edəcək, Azərbaycan dövləti inkişaf edəcək və biz müasir güclü dövlət quracağıq".
Prezident İlham Əliyevin vurğuladığı kimi hökumət vətəndaşların sosial rifahının yaxşılaşması üçün lazım olan bütün vasitələri təmin edəcək. Bir neçə il ərzində isə, ölkəmiz ən inkişaf etmiş ölkələrlə bir sırada dayanacaq.

Elçin Bayramlı

Qeyd: Yazı Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi ""Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində sahibkarlığın inkişafına informasiya dəstəyi" layihəsi çərçivəsində hazırlanıb.

Digər xəbərlər