Kəndlərin və rayonların abadlaşması artıq günün reallığıdır
"Regionların sosial-iqtisadi ikişafı müstəqil Azərbaycanın bir dövlət kimi inkişafı olaraq qiymətləndirilir. 2004 -cü il də cənab Prezidentin Sərəncamı ilə 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olundu və 2009- 2013 -cü illər isə, bu proqramın davamı olaraq ikinci bir Dövlət Proqramı qəbul olundu. Məhz bu proqramların qəbul olunması nəticəsində Azərbaycan sosial infrastrukturun inkişaf etdirilməsində, ölkənin yenidən qurulması və abadlaşdırılmasında böyük rol oynadı. 2003-cü ilə qədər görüləcək bütün işlərin hamısı qısa müddətə reallaşdı. Bu gün Azərbaycanın şəhər və rayonları tamamilə dəyişib". Bu sözləri iqtisadçı millət vəkili Musa Quliyev "Səs" qəzetinə verdiyi şərhində bildirdi.
Millət vəkilinin sözlərinə görə söhbət təkcə tikintidən, abadlaşmadan getmir. "Ümumiyyətlə, insanların həyatının, sosial rifahının yaxşılaşdırılması, xeyli iş yerlərinin açılması üçün münasib şərait var".
M. Quliyev qeyd etdi ki, regionların sosial inkişafı proqramı ilkin etapda, ilk olaraq Azərbaycanın 9 iqtisadi zonasına uyğun olaraq hazırlandı və hər bölgənin öz xüsusiyyətləri-təbiəti iqlim şəraiti, iqtisadi potensialı və daha vacib işlərin həyata keçirilməsi nəzərə alındı. İqtisadi geoinfrastrukturun yaradılması, nəqliyyat-kommunikasiya, enerji təhcizatı işinin yenidən qurulması, o cümlədən, elektrik enerjisi, daimi təbii qaz, yanacaq ilə təminat, yolların, artezian quyularının, boruların çəkilməsi istiqamətində dövlətimiz xeyli iş gördü. Görülən işlərin nəticəsi olaraq, Azərbaycanın rayonlarında əhalinin demoqrafik tərkibi də dəyişdi. Sovet hökuməti dövründə Azərbaycanda kəndlərin boşalması prosesi gedirdi. 1990-cı illərdə, xüsusilə də, müharibə ilə əlaqədar qaçqınlıq, məcburi köçkünlük problemi bu işi daha da şiddətləndirdi və ölkəmizdən xarici ölkələrə işləmək üçün gedən insanların sayı çoxalırdı. Amma 2003-cü ildə görülən bütün uğurlu işlər sayəsində insanlar Bakıdan, xarici ölkələrdən rayonlara, kəndlərə qayıtmağa başladılar və artıq Azərbaycanda əhalinin məskunlaşmasının yeni bir dövrü başladı. Bunların hamısı görülən işlərin əyani nəticəsidir. Eyni zamanda, kəndlərin kasıblaşmasının qarşısı alındı və kəndlərdə həyat canlanmağa, dirçəlməyə başladı.
Millət vəkili vurğuladı ki, özəlləşdirilmiş torpaq sahələrindən səmərəli istifadə etmək üçün görülən işlər, dövlətin ayırdığı dotasiyalar, güzəştli şərtlərlə yanacağın, kreditlərin verilməsi, kənd təsərrüfatının vergilərdən azad olunması bütün bunlar aqrar sektorun canlanmasına səbəb oldu. Digər tərəfdən turizm, sanatoriya işinin yenidən qurulması və Azərbaycanda turizm üçün çox gərəkli olan təbii iqlim şəraitindən daha səmərli istifadə etmək məsələsi regionların sosial inkişafı proqramı vasitəsilə həyata keçirildi.
M. Quliyev onu da bildirdi ki, Azərbaycanın bütün regionlarında ən müasir tələblərə cavab verən otel kompleksləri, istirahat guşələri tikilibdir ki, bunlar da insanların istirahətini təmin edirsə, digər tərəfdən də həmin regionda yaşayan və işləyən insanların həm məşğulluğunu, həm də sosial rifahının yaxşılaşmasını təmin edir. Əgər bir neçə il əvvəl bir çox dağ rayonlarımızın abadlaşmasından, qurulmasından danışırdıqsa, indi artıq kəndlərimizin abadlaşmasından, müasir tələblərə cavab verən sosial infrastrukturun yaradılmasından danışırıq. Artıq bunlar reallığa çevrilibdir və günün reallığı kimi qəbul olunur. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin imzaladığı Dövlət Proqramının icrasının nəticəsidir. Müasir tələblərə cavab verən parkların, xəstəxanaların, məktəblərin salınması, əhalinin yaxşı yaşaması üçün cənab Prezidentimiz böyük işlər görüb.
Millət vəkili onu da söylədi ki, ikinci Dövlət Proqramı birinci Dövlət Proqramının davamıdır. Əgər birinci Proqramda ilkin baza strukturunun yaradılmasından danışılırdısa, artıq ikincidə kəndlər səviyyəsində iş yerlərinin və sənaye obyeklərinin açılmasından danışılırdı.
Son vaxtlar xarici ölkələrdən Azərbaycana pul köçürmələrinin miqdarının artdığı bildirilir. "Bu inflyasiyanın yaranmasına gətirib çıxarmaz ki" sualını cavablandıran M.Quliyevin sözlərinə görə, iqtisadi siyasətin tərkib hissəsi kimi maliyyə siyasətinin də aparılması çox önəmli təsir bağışlayır. Amma xaricdən gələn pullar büdcəmizin, maliyyə resurslarımızın qarşısında çox cüzi bir rəqəmdir və ümumiyyətlə, Azərbaycanın pul bazarına təsir edən deyil.
"2009 -cu ildə manatın məzənnəsinin stabil hesablanması üçün milli bank tərəfindən 300 milyon manata yaxın vəsait xərcləndiyi bildirilir. Bu il də belə bir təhlükənin olduğu müşahidə edilirmi" sualına cavabında M. Quliyev qeyd etdi ki, ötən il manatın məzənnəsinin stabil saxlanılması həmin böhranın ölkə daxilində təsirlərini yumşaltmaq məqsədi daşıyırdı. Bununla dövlətimiz çalışırdı ki, Azərbaycan vətəndaşı böhranı öz üzərində kəskin şəkildə hiss etməsin. İndi artıq böhran tamamilə aradan qaldırılıb. Azərbaycana həm ölkə daxili, həm də xarici ticarətlə bağlı daxil olan valyutanı tam tənzimləyə bilir və milli bankın daha belə bir imitasiyalar etməyə ehtiyacı yoxdur.