"Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması" mövzusunda konfrans keçirilib
Dünən ATƏT-in Bakı Ofisi ilə Azərbaycan Mətbuat Şurası (MŞ) "Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması" mövzusunda birgə konfrans keçirib. SİA-nın məlumatına görə, konfransda Jurnalistlərin Peşə Davranışı Qaydalarının təkmilləşdirilmiş variantı ictimaiyyətə təqdim olunub.
Konfransın giriş nitqində ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilge Cankorel ATƏT məkanında mətbuat şuralarının qəbul etdiyi peşə davranışı qaydalarının mətbuatın özünütənzimləmə işində çox mühüm vasitəyə çevrildiyini bildirib. Bu qaydalar vasitəsilə medianın öz peşəkarlığını artırmaqla yanaşı, müstəqilliyini də qoruyub saxladığını deyən B.Cankorel yeni əlavələr edilmiş Peşə Davranışı Qaydalarınının və bu standartlara dair MŞ-nin yenilənmiş öhdəliklərinin Azərbaycanda təhqir, böhtan və diffamasiyanın dekriminallaşdırılmasına təkan verəcəyinə ümid etdiyini bildirib.
MŞ tərəfindən 2010-cu ilin diffmasiya ili kimi qəbul edildiyini deyən Şura sədri Əflatun Amaşov diffamasiya haqqında qanunun qəbulu üçün israrlı olacağını bildirib. Şura sədri rəhbərlik etdiyi qurumun iki istiqamətdə ATƏT-in Bakı Ofisi ilə işbirliyi qurduğunu bildirib: "Birinci istiqamət odur ki, Jurnalistlərin Peşə Davranışı Qaydalarını təkmilləşdirək. Bunun üçün Avropa ölkələrindən mütəxəssislər dəvət etdik. Uzun müzakirələrdən sonra sözügedən qaydaların hazırlanmasına nail olduq və bu gün həmin qaydaları təqdim edirik. Ümid edirəm ki, Jurnalistlərin Peşə Davranışı Qaydalarının yeni variantı KİV təmsilçilərinin daha məsuliyyətli olmasına və ölkədə jurnalist mədəniyyətinin inkişafına kömək edəcək. İkinci istiqamət isə diffamasiya haqqında təşəbbüslərin dəstəklənməsi və qanunun Milli Məclisdə qəbuluna nail olmaqdır. Ümid edirəm ki, yaxın vaxtlarda Milli Məclisdə qanunun qəbuluna nail olacayıq".
Özünütənzimləməni təkcə bir model kimi qəbul etməyin mümkün olmadığını deyən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev özünütənzimləmənin geniş bir proses olduğunu dilə gətirib: "Özünütənzimləmə təkcə ifadə azadlığının inkişaf etdirilməsi üçün yox, eyni zamanda jurnalist məsuliyyətinin və peşəkarlığının artırılması ilə bağlı təsirli bir vasitəyə çevrilməlidir. Bu məsələyə təkcə ifadə azadlığının inkişaf etdirilməsi prizmasından yanaşmaq məhdud çərçivə demək olardı. Özünütənzimləmə haqqında danışarkən beynəlxalq praktikaya nəzər salanda ilk növbədə görərik ki, bu proses redaksiyaların və jurnalist təşkilatların vahid bir orqanda birləşərək öz fəaliyyətini tənzimləməsi, dövlətin bu istiqamətdə qanunvericilik islahatlarını həyata keçirməsi, sonrakı mərhələdə etik-davranış kodeksinin qəbul olunması məsələsi ortaya qoyulur".
Kütləvi informasiya vasitələrinin inkişafı üçün bir sıra mühüm addımların atıldığını, qanunların qəbul olunduğunu söyləyən V.Əliyevin sözlərinə görə, bütün bunlar medianın özünütənzimləməsi üçün geniş imkanlar yaradıb. Medianın özünütənzimləməsində cəmiyyətin, ölkənin reallığını nəzərə alınmasının vacib olduğunu qeyd edib: "Bilməliyik ki, indiki mərhələdə hər hansı bir addımın atılması əlavə problemlər yaratmayacaq. Azərbaycan hökuməti diffamasiya ilə bağlı beynəlxalq praktikanı qiymətləndirərkən inkişaf etmiş bir çox Avropa ölkələrində bu qanunun qəbul olunmadığını görür. Fransa, Almaniya və Danimarkada diffamasiya hallarının cinayət qanunvericiliyində saxlanmasını müşahidə edirik. Əgər bu universal bir prinsipdirsə, həmin ölkələrdə də bu qanunun qəbulu tövsiyə edilə bilər. Hesab edirəm ki, qanunvericiliyin təkmilləşdirilməsi müsbət addım olsa da bir prinsipial addım var ki, bu addımı atmamış medianın arzu elədiyimiz formada inkişafında çətinlik çəkəcəyik. İlk növbədə medianın maliyyə imkanları, maddi-texnika bazası gücləndirilməlidir".