Dünən "Hyat Regency" otelinin "Quba zalında Bakı şəhər təhsil işçilərinin 2010-cu il sentyabr konfransı keçirildi. Konfransda çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva bildirdi ki, 2010-cu ildə dövlət büdcəsində təhsil xərclərinin 11,3, yəni 1 milyard 276,8 min manat faiz təşkil etməsi, Azərbaycan təhsilinə dövlət tərəfindən göstərilən qayğı və diqqətin bariz nümunəsidir: "Ötən tədris ili çox uğurlu olub. Hazırda BŞTİ-nin tabeçiliyində 309 məktəbəqədər tədris mərkəzi fəaliyyət göstərir.
Həmin müəssisələrdə 31037 uşaq olmaqla 1394 qrup var. Yeni tədris ilində məktəbəqədər təhsilin inkişafının təmin edilməsi sahəsində əsas fəaliyyətimiz Nazirlər Kabinetinin "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi olacaq. Ötən il qəbul olunan "Təhsil haqqında" Qanuna müvafiq olaraq, 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasının zəruriliyini nəzərə alaraq bu sahədə aparılan təhlilə görə, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsində dinamika müşahidə edilib. Belə ki, əgər 2006-2007-ci tədris ilində 4380, cari tədris ilində isə 6700 uşaq təlim-tərbiyə prosesinə cəlb edilib".
N.Rzaquliyeva onu da bildirdi ki, məktəbə hazırlıq qruplarının formalaşmasına mane olan səbəblər də var. Belə ki, bağçadakı mövcud qrup otaqlarının 1009-u təyinatı üzrə istifadə olunmur. Bunun səbəbi həmin otaqlardan 38-nin təmirsiz olması, 700-də məcburi köçkünlərin məskunlaşması, 271-də təhsilə aidiyyatı olmayan təşkilatların yerləşməsidir. N. Rzaquliyevanın sözlərinə görə, əgər uşaq bağçaları tam gücü ilə işləsə belə, Bakı şəhərində yalnız 52 min uşağı məktəbəqədər təhsilə cəlb edə bilərlər. Bu da bütün bağça yaşlı uşaqların təxminən 50 faizi edir: "Bu il ali məktəbə qəbul olunan Bakı məktəblilərinin sayı artıb. Builki buraxılış imtahanlarının yekunları əsasında 20677 nəfər builki məzuna və əvvəlki illərdə attestat ala bilməyən 709 nəfər attestat verilib.
Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bir sıra problemlərə toxundu. Nazir bildirdi ki, təhsilimizi ilbəil, aybaay inkişaf etdirsək də, gözlənilən nəticəyə hələ xeyli qalıb: "Yəni, biz bu çətin, şərəfli və məsuliyyətli yolun əvvəlindəyik. Hələ təhsilimizi çox inkişaf etdirməliyik və dünyanın inkişaf etmiş ölkələrinin təhsil səviyyəsinə çatdırmaq üçün çox iş görməliyik. Bu gün ən narahatlıq doğuran məsələlərdən biri uşaq bağçaları, məktəbəqədər tərbiyə müəssisələridir. Çünki insanın formalaşmasında təhsilin bu səviyyəsinin rolu danılmazdır. Dünyanın inkişaf etmiş ölkələrində məktəbəqədər yaşlı uşaqların 80-90 faizi bağçadan gəlir. Bu, çox ciddi bir məsələdir. Müxtəlif səbəblərdən heç bir zaman Azərbaycanda bu sahədə ciddi əhatəlik olmayıb. Hətta sovet dövründə də bizim əhatə faizimiz 20 faizi keçməyib. Bu gün həmin rəqəm Bakıda 26 faizdir ki, bu da çox azdır. Burada yalnız nə qədər uşağın bağçaya getməsi deyil, bağçada onları kim və necə hazırlaması da daha vacibdir. Mən bu işdən çox narahatam. Biz bu işlə çox məşğul olmalıyıq. Bağçada kimin, hansı hazırlıq qabiliyyətinə malik insanın işləməsi önəmlidir. Araşdırma nəticəsində məlum olub ki, bağçalarda olan tərbiyəçilərin böyük bir hissəsinin heç orta təhsili yoxdur. Bu, çox ciddi bir problemdir".
M.Mərdanov onu da söylədi ki, digər problemli bir məsələ bu gün müəllimlərin böyük əksəriyyətinin qadın olmasıdır: "Müəllimin 85 faizinin qadın olması dünyada qəbul olunmayan bir haldır. Yəni heç olmasa müəllimin 30 faizinin kişi olmasına çalışmalıyıq. Xüsusilə də, Bakıda məktəb direktorlarının 95 faizi qadınlardır. Elə qadınlarımız var ki, kişilərdən dəfələrlə yaxşı işləyirlər və nəticələr göz qabağındadır. Bu problemin əsas səbəblərindən biri müəllimin və məktəb direktorunun əmək haqqının azlığı ilə bağlıdır. Ən ciddi məsələlərdən biri də odur ki, əgər biz məktəbə məbəd kimi baxırıqsa, oraya hər kəsi yaxın buraxmamılıyıq. Bu məbədi idarə edəndən başlayaraq xadiməyə kimi müəyyən səviyyəyə malik insan olmalıdır. Əks halda bizim problemlərimiz qalacaq. Təəssüf edirəm ki, biz bu məsələdə ciddi bir iş görə bilməmişik. Bu gün kifayət qədər hazırlığı, qabiliyyəti, bacarığı, biliyi, hətta tərbiyəsi olmayan adamlar da var ki, bu gün təhsilin ayrı-ayrı pillələrində çalışırlar. Ona görə də artıq iki ildir ki, məktəbə müəllim qəbulunu çox ciddi nəzarətə götürmüşük. Fikrimcə, bağça və təhsilin digər pillələrində də bunu tətbiq etmək lazımdır. Biz müəllimin müqəddəsliyini bərpa etməliyik. Bizim nə haqqımız var ki, qarşısında baş əyməyə layiq olmayan adam müəllim olsun. Hər kəs bu işə mənfi müdaxilədən çəkinməlidir".
"Bakı şəhər Təhsil İdarəsi məktəblərin vahid məktəbli geyiminin satışına müdaxiləsinə icazə vermir"
"Bakı şəhər Təhsil İdarəsi məktəblərin vahid məktəbli geyiminin satışına müdaxiləsinə icazə vermir. Valideynlər həmin geyimləri haradan alacaqlarına özləri qərar verməlidir". Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Məhəbbət Qarabağlı söylədi. Onun sözlərinə görə, bu il ibtidai siniflərdə vahid məktəbli geyimin tətbiqi məcburidir. Amma digər siniflərdə vahid məktəbli formasının tətbiqi məcburi deyil.