Bildiyiniz kimi, qarşıdan parlament seçkiləri gəlir. Yəni, bu parlament seçkiləri ərəfəsi ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Qabil Hüseynli,
Müsavat başqanının müavini:
- Fikrimcə, ölkəmizdə keçiriləcək parlament seçkilərilə bağlı ictimai-siyasi fəallığın artması nəzərə çarpır. Burada müəyyən mürəkkəb cəhətlər də özünü göstərir. Lakin baş verən pozitiv hadisə və proseslər bu mürəkkəbliyi minimuma endirir. ATƏT-in Bakı ofisinin keçirdiyi dəyirmi masalar, Mərkəzi Seçki Komissiyasının dairə və məntəqə seçki komissiyalarının təlimatlandırılması ilə bağlı keçirdiyi toplantılar, tədbirlər bütövlükdə seçkilərə hazırlıq prosesinə müsbət təsir göstərir. Bütün bunlar, zənnimcə, seçkilər ərəfəsində ictimai-siyasi proseslərə demokratik ab-hava gətirir və ictimai-siyasi mühiti qarşılıqlı anlaşma, tolerantlıq və fikir müxtəlifliyi ilə zənginləşdirir.
Tahir Kərimli,
"Vəhdət" partiyasının sədri:
- Əvvəlki seçkilərlə müqayisədə, indi fərqli situasiya yaranıb. Bu da seçki qanunvericiliyində dəyişikliklərlə bağlıdır. Bildiyiniz kimi, bir sıra dövlətlərin təcrübəsinə istinad olunaraq, Azərbaycanda şəraiti qiymətləndirərək, dövlətimiz parlament seçki qanunvericiliyinə dəyişiklik edib. Bir sözlə, hesab edirəm ki, Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Qarşıdan gələn parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb.
Bildiyiniz kimi, dövlət rəsmiləri artıq birmənalı şəkildə bəyan ediblər ki, istər polis orqanları, istərsə də hansısa aidiyyətı olmayan orqanlar bu seçkilərə müdaxilə edən deyilər. Seçki prosesində yalnız qanunun və sabitliyin müdafiəsi ilə məşğul olacaqlar. Yəni, dövlət bütün iradəsini toplayıb ki, parlament seçkiləri normal şəkildə keçirilsin. Bir sözlə, düşünürük ki, seçki qarşımızda duran iki ay müddətində normal keçiriləcək və nəticəsidə Azərbaycan üçün yaxşı olacaq.