Beynəlxalq təşkilatların Azərbaycanda seçki "dərdi"
Bu ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkilərinin vaxtı yaxınlaşdıqca ölkədə seçki əhval-ruhiyyəsi də artır. Qeyd edək ki, parlament seçkiləri də, prezident seçkiləri kimi ölkələrin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb etdiyinə görə, adətən, bu seçkilər ərəfəsindəki prosesləri normal inkişaf etmiş dövlətlərdə beynəlxalq təşkilatların nümayəndələri müşahidə edirlər.
Azərbaycanda da artıq belə bir ənənə formalaşıb. Ölkədə bu vaxta qədər keçirilən prezident və parlament seçkiləri hər dəfə bir sıra beynəlxalq təşkilatlar tərəfindən izlənilib və hər seçki ölkədə demokratiyanın inkişafı istiqamətində irəliyə doğru atılan addım kimi dəyərləndirilib.
Lakin məsələ burasındadır ki, bir çox təşkilatların "yadına" Azərbaycan yalnız seçkilər dövründə düşür. Baxmayaraq ki, Azərbaycanda təmsilçilikləri olan bəzi beynəlxalq təşkilatların mandatlarına, tək seçkilər və demokratikləşmə məsələləri deyil, eləcə də, Azərbaycanın özünün üzləşdiyi problemlərə kömək edilməsi və s. kimi missiyalar da daxildir, amma ortada olan reallıq budur ki, hələ də əksər beynəlxalq təşkilatlar Azərbaycana qarşı birtərəfli mövqe tutmaqda davam edirlər.
Məsələn, götürək elə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) ayrı-ayrı qurumlarını. ATƏT digər beynəlxalq təşkilatlarla müqayisədə Azərbaycanda daha aktiv fəaliyyət göstərir. ATƏT-in Bakıda ofisi olmaqla yanaşı, həm də bu qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olduğundan Bakıda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin ofisi də fəaliyyət göstərir. Kasprşik özü də köməkçiləri ilə bərabər (tez-tez atəşkəslə bağlı qoşunların təmas xəttində keçirilən monitorinqlərdə gözə dəyir. ATƏT-in Bakı ofisinin missiyasına ölkədəki demokratikləşmə məsələləri, hökumətlə əməkdaşlıqla yanaşı, həm də insan haqlarının qorunması və s. məsələlər daxildir. Amma problem ondadır ki, hər dəfə seçkilər yaxınlaşanda, sanki "burda mən də varam"- deyib ortaya çıxan ATƏT-in Bakı ofisi bəzi hallarda öz missiyası ilə müxalifətin missiyasını dəyişik salır. Seçkilər ərəfəsində beş-altı tədbir keçirməklə müxalifəti qızışdırmağa çalışan qurum tərəfindən bu vaxta qədər bir dəfə də olsun Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan ərazilərini işğalı nəticəsində haqları pozulan bir milyon azərbaycanlının insan hüquqlarının qorunmasının vacibliyi dilə gətirilmir. Amma hansısa müxalifət təmsilçisi və ya adını müxalifət qoyub özü isə yüz cür əməl sahibi olan kimsə, konkret olaraq, cinayət başında yaxalanan kimi ATƏT nümayəndələrinin yadına o dəqiqə "insan haqlarının pozulması" və ya "siyasi məhbus" məsələsi düşür. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin "monitoriq siyasəti" də eyni plan üzrə gedir. Kasprşik cəbhə xəttində keçirilən monitorinqlər zamanı az qala özü də bir neçə dəfə erməni gülləsinə tuş olmaq təhlükəsi ilə üz-üzə qalsa da, nədənsə Ermənistan tərəfindən açılan atəş səslərini eşitmir və görmür.
ATƏT-in Azərbaycana qarşı qeyri-obyektiv yanaşması bu gün də qalır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədinin hələ də Ermənistan tərəfindən qaytarılmamasına, Ermənistanın bütün insani dəyərləri, beynəlxalq hüquq normalarını ayaq altına atıb tapdamasına baxmayaraq, bu günə qədər problemin həlli birbaşa missiyasına daxil olan nə ATƏT rəhbərliyindən, nə Minsk Qrupu həmsədrləri tərəfindən, nə Anjey Kasprşikin dilindən bu hadisəyə dair heç bir mövqe ortaya qoyulmayıb. Bütün dünya ictimaiyyətinə məlum olan bu həqiqət qarşısında ATƏT təmsilçiləri "kar və kor"dur.
Azərbaycana qarşı ikili yanaşma təkcə ATƏT-də deyil, Avropa Şurasının mövqeyində də var. Doğrudur, Avropa Şurası ATƏT-dən fərqli olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyır. Amma bu təşkilatda da Azərbaycana qərəzli yanaşma var. Məsələn, Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçilərinin "siyasi məhbus" mövzusunda yazıb - danışmaqdan əlləri və dilləri "mazol" olsa da, Azərbaycanın işğal olunmuş ərazilərindən olan qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsində Ermənistana qarşı qaldırdıqları iddialara bu vaxta qədər baxılmaq üçün "növbə çatmayıb". Amma hansısa müxalifət nümayəndəsi və ya adını müxalifətçi qoyub özü yüz hoqqadan çıxan hansısa şəxs Avropa Məhkəməsinə bir cızmaqara göndərən kimi onunla bağlı qərar qəbul etməyə o dəqiqə vaxt tapılır. Çünki həmin şəxslər də bu təşkilatlar kimi anti-Azərbaycan yönümlüdürlər. Məsələn, Eynulla Fətullayev. Bu şəxsin Aazərbaycan dövlətinə və millətinə qarşı fəaliyyət göstərməsi, bütün dəyərləri tapdamasına baxmayaraq Avropada onu "qəhrəman" kimi təqdim etməyə çalışırlar. Çünki ermənipərəst mövqeyinə görə "qəhrəman" Azərbaycanda konkret əməllərinə görə cəzalanıb. Bu isə hər zaman ermənilərin yanında olan xristian Avropasının maraqlarına cavab vermir.
Azərbaycanda keçirilən seçkilər ərəfəsində isə dillərində seçkilərin "ədalətli və demokratik" keçirilməsinə maraqlı olduqlarını və seçkiləri bu məqsədlə müşahidə etdiklərini bildirən beynəlxalq təşkilatların təmsilçilərinin işi müxalifəti qızışdırmaq və ya ara qarışdırmaq olur. Buna misal kimi 2003-cü il seçkiləri zamanı ATƏT-in müşahidə missiyasının rəhbərinin tutduğu mövqeni göstərmək olar. O zaman missiyaya rəhbərlik edən Piter Ayker beynəlxalq təşkilat təmsilçisindən çox, seçki uğursuzluğunu həzm edə bilməyən müxalifətçi obrazında ortaya çıxmışdı.
Noyabrda keçiriləcək parlament seçkiləri də ATƏT-in müşahidə missiyası tərəfindən müşahidə ediləcək. Hələlik, qurumun Bakı ofisinin rəhbərliyi seçkiqabağı proseslərdə müxalifət və iqtidar arasında bir tərəf vasitəçi obrazında çıxış edir. Sonrakı proseslərdə bu qurumun təmsilçilərinin əvvəlki ssenariləri təkrarlayıb-təkrarlamamaq niyyətlərinin olub-olmamasından asılı olmayaraq, Azərbaycan dövləti seçkilərin demokratik və ədalətli keçirilməsini təmin edəcək.