PDF Oxu

Sosial

  • 9

"Nabucco" ətrafında yenidən problemlər yaranıb

"Nabucco" ətrafında yenidən problemlər yaranıb

"Nabucco" layihəsi ətrafında yenidən qeyri-müəyyənlik yaranıb. Qeyd edək ki, layihənin gerçəkləşdirilməsi ilə bağlı ortaq şirkətin yaradılmasına və bu ilin sonunda tikinti işlərinə başlanmasının gözlənildiyinə dair açıqlamalar verilməsinə baxmayaraq, Avropa Birliyi ölkələri arasında fikir ayrılıqları olduğu kimi qalır.
Məsələ burasındadır ki, hər ilin payız-qış mövsümündə Rusiya tərəfindən mavi qazın verilməsi ilə bağlı müxtəlif problemlərlə üzləşən Mərkəzi və Şərqi Avropa ölkələri "Nabucco"nun həyata keçirilməsini Rusiyadan xilas yolu kimi görsələr də, Rusiyadan mavi qaz idxal edən Qərbi Avropa ölkələri - xüsusilə də Almaniya və Fransa "Nabucco"nun reallaşmasına o qədər də dəstək vermirlər. Bu baxımdan da, son günlər layihənin taleyi ilə bağlı yenidən məsələlər gündəmə gəlib. Artıq "Nabucco"nun çəkilməsi ilə bağlı konsorsium keçirilib və şirkətin açıqlamasında da bəyan edilib ki, 2010-cu ilin sonuna qədər layihənin gerçəkləşməsi üçün tələb olunan vəsait tapılmasa, 2011-ci ildə artıq "Nabucco" müzakirə mövzusu olmayacaq.
Qeyd edək ki, Rusiya hər il Avropa ölkələrinə qarşı "qaz şantajı"nı işə saldığına görə, Moskvanın asılılığından xilas olmaq istəyən Avropa Birliyi ölkələrinə qurum tərəfindən dəstək verilməməsi sual doğurur. Ekspertlərin isə yaranmış problemlərə baxışı fərqlidir. Bəzi ekspertlər "Nabucco" ilə bağlı fikir ayrılıqlarının kökündə layihə üçün nəzərdə tutulan əsas qaz mənbəyinin müəyyən edilməməsinin dayandığını bildirsələr də, bunu Qərbi Avropa ölkələrinin Rusiya ilə münasibətlərinə xələl gətirmək istəməməsi ilə bağlayanlar da var.

"Nabucco" üçün pul tapılmır?

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə "Nabucco" layihəsi ilə bağlı təkliflər irəli sürülərkən, bu ideya ABŞ və Avropa Birliyi tərəfindən dəstəklənsə də, sonrakı proseslər bu dəstəyin lazımi səviyyədə olmadığını ortaya qoydu. Mərkəzi və Şərqi Avropa ölkələrindən fərqli olaraq, Qərbi Avropa ölkələrinin qazla təminatında elə də problemlərin olmadığını vurğulayan iqtisadçı deyir ki, "Nabucco"nun düyünə düşməsinin əsas səbəbini də burada axtarmaq lazımdı. Belə ki, Avropa Birliyində söz sahibi olan ölkələr - Böyük Britaniyanın tələbatını daxili mənbələr hesabına, Almaniyanın qazla bağlı tələbatının 46%-i Rusiya qazı hesabına ödənilir. Fransa isə öz təlabatını Yaxın Şərq ölkələrinin ehtiyatları hesabına ödəyir. ""Nabucco" layihəsinin reallaşması isə daha çox Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etmək üçün lazımdır. Lakin bu layihənin reallaşdırılması üçün 9 milyard avro vəsait tələb olunur. Mərkəzi və Şərqi Avropa ölkələri üçün əsas problem də bu məbləğin tapılmasıdır". İqtisadçıya görə, əgər Avropa Birliyində həlledici söz sahibi olan ölkələr bu işə dəstək verməsələr, həmin vəsaiti tapmaq mümkün olmayacaq. Layihənin nə zaman istismara veriləcəyinə dair proqnozların tez-tez dəyişdirilməsini də iqtisadçı tikinti işləri üçün tələb olunan vəsaitin tapılmaması ilə bağlayır. Onun fikrincə, əvvəllər "Nabucco"nun 2014, daha sonra 2016-cı ildə istismara veriləcəyinə dair proqnozlar səslənsə də, amma son bəyanatlardan belə aydın olur ki, bu ilin sonuna qədər tələb olunan maliyyə vəsaiti üçün mənbələr tapılmasa, "Nabucco" layihəsi, ümumiyyətlə, ləğv olunacaq.

"Nabucco" üçün əsas qaz mənbəyi də yoxdu

Vüqar Bayramlı onu da deyib ki, 31 milyard kubmetr qazın daşınması üçün nəzərdə tutulan layihə üçün əsas qaz mənbələri sırasında Türkmənistan, Azərbaycan, İran və İraq nəzərdə tutulsa da, hələlik, Azərbaycandan başqa digər ölkələrin bu məsələ ilə bağlı mövqeyi tam aydın deyil. Azərbaycanın kəmərə qaz vermək imkanlarının olduğunu bildirən ekspert deyir ki, artıq Azərbaycanda qaz hasilatı artıb. "Şahdəniz-2" istismara verildikdən sonra isə qaz hasilatı iki dəfə artacaq. Hasilatın iki dəfədən çox artması isə Azərbaycan üçün də əlavə kəmərə ehtiyac yaradacaq. Bununla belə, ekspert Azərbaycanın öz qaz ehtiyatlarının bir hissəsini yaxın qonşu ölkələrə ixrac etdiyini də xatırladıb. Bu ilin yanvarından Azərbaycanın Rusiyaya qaz satmağa başladığını xatırladan iqtisadçı 2011-ci ildən Rusiyaya satılan qazın həcminin 2 dəfə artırılacağını deyib. Eyni zamanda, Türkiyə, Gürcüstan, Yunanıstan da Azərbaycan qazının alıcıları sırasındadırlar. Hətta İrana qaz satılması da gündəmdədir. Bu baxımdan da, "Nabucco"nun həyata keçirilməsi ilə bağlı Azərbaycan tərəfdən problem yoxdu. Lakin Türkmənistan və İraqın mövqeyi tam aydın deyil. Eyni zamanda, kəmərin rentabelliyi məsələsi də sual altındadır. O baxımdan da, Avropa Birliyi layihənin maliyyələşdirilməsinə ciddi maraq göstərmir. "Nabucco" Rumıniya və Bolqarıstan kimi Şərqi Avropa ölkələrinə lazımdır. Çünki indi qaza olan tələbatının 70%-ni daxili ehtiyatlar hesabına təmin etsə də, bu ehtiyatlar azalır. 2015-ci ildən sonra isə lap azalacaq. 2018-ci ildən sonra isə Rumıniya qaza olan tələbatının 80%-ni idxal hesabına təmin edəcək. Ona görə də bu ölkələr "Nabucco"nun həyata keçirilməsini istəyirlər. Ancaq nə Rumıniya, nə də Bolqarıstan Avropa Birliyində söz sahibi olan ölkələr deyillər.

Rusiya vəziyyətdən istifadə edir

İqtisadçı onu da əlavə edib ki, "Nabucco"nun ətrafında yaranmış problemlər təkcə iqtisadi xarakterli deyil. Burada siyasi problemlərin də olduğunu qeyd edən V.Bayramlı Rusiya ilə mavi qaz sahəsində əməkdaşlıq edən Qərbi Avropa ölkələrinin digər Avropa ölkələrinin maraqlarına görə, Moskva ilə münasibətlərə xələl gətirmək istəmədiklərini deyir. Onun fikrincə, Qərbi Avropa ölkələrinin "Nabucco"ya diqqətsiz yanaşmasının əsas səbəblərindən biri də məhz bu amillə bağlıdır. İqtisadçı onu da əlavə edib ki, "Nabucco" layihəsinin reallaşması Rusiyanın maraqlarına cavab vermir. Ona görə də layihə ətrafında yaranmış qeyri-müəyyənlikdən Rusiya məharətlə istifadə etməyə çalışır. Rusiyanın qonşu ölkələrin qaz ehtiyatlarını almaq siyasətinin arxasında da bu maraqlar dayanır. Bu baxımdan da, hələlik, "Nabucco"nun taleyi sual altındadır. Əgər ilin sonuna qədər layihənin həyta keçirilməsi üçün lazımi maliyyə vəsaiti tapılmasa və AB ölkələri tərəfindən siyasi iradə ortaya qoyulmasa, 2011-ci ildə "Nabucco" layihəsi ləğv ediləcək.

Digər xəbərlər