Bəlli olduğu kimi, bir müddət əvvəl, Prezident İlham Əliyev milli mətbuatın 135 illiyi bağlı tədbirdə medianın reklam əldə etmək imkanlarının genişləndirməsi zərurətini önə çəkmiş, Mətbuat Şurasına müvafiq təklifləri hazırlayıb təqdim etməyi tövsiyə etmişdi. Bundan sonra mətbuatın reklam əldə etməsi məsələsində hansı dəyişikliklər müşahidə olunur? Prezidentin bu təşəbbüsündən sonra mətbuatın reklam bazarı sahəsində hansı yeniliklər özünü göstərir? Sizin, qəzet reklam əldə edə bilirmi? Bu suallara aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:
- Bildiyimə görə, oktyabr ayında Mətbuat Şurası sözügedən bu məsələni müzakirə edəcək və müvafiq təklifləri Prezident Administrasiyasına göndərəcəkdir. Hələ ki, reklam məsələsi ilə bağlı ciddi yenilik yoxdur. Fikirləşirəm ki, inşallah, gələcəkdə olar. Bu, elə belə iş deyil, bunu müzakirə etmək gərəkdir, hansısa qanunun qüvvəyə minməsi lazımdır. Bildiyiniz kimi, Prezident İlham Əliyev bu məsələ ilə bağlı təklifləri gözləyir. Fikrimcə, indi heç bir mətbuat orqanı, o cümlədən, bizim qəzet lazımi səviyyədə reklam əldə edə bilmir.
Tahir Rüstəmov,
"Xalq" qəzetinin baş redaktor müavini:
- Fikrimcə, bununla bağlı bir söz demək çox tezdir. 135 illik yubileydən cəmi bir ay keçir. Bildiyiniz kimi, yay aylarında qəzetlərin reklam gəlirləri azalır. Bir sözlə, bu suala payızda doğru və düzgün cavab verə bilərik. Burada əsas məsələ budur ki, mətbuatın 135 illiyi ölkə rəhbərliyinin mətbuata yüksək diqqəti ilə, qayğısı ilə əlamətdar oldu. Şübhəsiz ki, bu da özünü müsbət cəhətdən göstərəcək. Yubiley günlərində Prezident İlham Əliyevin Mətbuat Şurasının idarə heyəti üzvləri ilə görüşündə də bu məsələ qoyuldu və Prezident İlham Əliyev bu məsələnin həllinə kömək göstərəcəyini vəd edib. Yəni, Azərbaycanda öz reklamlarını, işgüzar materialları yerləşdirən xeyli sahibkarlar və qurumlar var. Şübhəsiz ki, Prezidentin xoş məramından sonra onlar mətbuata üz çevirəcəklər. Bir sözlə, mətbuatı öz işgüzar materialları ilə dəstəkləyəcəklər. Yəni, Azərbaycan mətbuatı getdikcə daha da yaxşı inkişaf edəcəkdir.
Fikrimcə, yüksək olmasa da, sabit reklam bazarı var. Qəzetimiz rəsmi qəzet olduğuna, dövlət orqanları, rəsmi qurumlarla əməkdaşlıq etdiyinə görə, dövlət qurumları öz reklamlarını, işgüzar materiallarını bizim qəzetdə yerləşdirirlər. Çünki qəzetin nisbətən etibarlı şəbəkəsi var, sabit abunəçiləri var. Bir sözlə, bizdə daha geniş reklam bazarı və reklamçıların qəzetə üz çevirməsini gözləyirik.