Azərbaycanda gerçəkləşdirilən antiböhran siyasətinin maliyyə sabitliyinin təmin olunması yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuşdur. Böhran şəraitində iqtisadi dayanıqlığın mühüm əsaslarından olan makroiqtisadi və maliyyə sabitliyinin qorunması, 2009-cu ildə Azərbaycandan fərqli olaraq, bir sıra Avropa ölkələrində hökumətlərin bazarlara müdaxiləsi artıq zəruri şərtə çevrilməyə başlandı.
Bu zaman Almaniyanın federal kansleri Angela Merkel təklif edir ki, iqtisadi təhlükənin qarşısını almaq üçün dünyanın "risqlər atlası" yaradılmalı və böhrandan birgə çıxış yolları tapılaraq, müzakirə edilməlidir. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da etiraf etdi ki, iqtisadi böhrandan hər hansı bir ölkənin ayrılıqda xilas olması olduqca çətindir. Bununla yanaşı, dünyanın bəzi ölkələrində qlobal maliyə böhranı ilə bacarmayan hökumətlərin istefaya getmək halları da özünü büruzə verdi. Qlobal iqtisadi böhranın təsirini minimal həddə hiss edən və iqtisadi inkişafda digər dünya ölkələri üçün xarakterik olan ciddi problemlərin yaşanmadığı Azərbaycanı ekspertlər nümunə kimi göstərir, böhrandan qorunmaq üçün Azərbaycan təcrübəsini önə çəkirdilər. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində əhalinin real pul gəlirləri artan xətt üzrə inkişaf etmiş, sənaye, kənd təsərrüfatı və digər sahələrdə istehsal həcmi genişlənmişdir. Ölkədə iqtisadi vəziyyətin Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Georgi Yedjeyçak təsdiqləyərək vurğulayıb ki, maliyyə problemləri ilə müşahidə olunan böhranın ilk mərhələsi dünya ölkələrinin çoxunda problem yaratsa da, Azərbaycanın maliyyə-bank sektorunda böhranın təsirləri zəif müşahidə olunub. Həmçinin, xarici bazarlarda müəssisələrin və bankların borclarının kiçik həcmdə olması ilə ciddi likvidlik problemi yaratmayıb. Bundan başqa, qlobal iqtisadi böhran vəziyyətinə baxmayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrin infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin və xalqın rifah halının daha da yüksəldilməsi istiqamətində kompleks tədbirlər davam etdirildi.
Qlobal böhrandan çıxış yolu
Azərbaycanda qlobal böhran zamanı Mərkəzi Bankın müdaxiləsi sayəsində 2009-cu ildə bir sıra postsovet və dünya ölkələrində olduğu kimi, Azərbaycanda milli pul vahidi olan manatın devalvasiyası yaşanmayıb və onun məzənnəsi ABŞ dolları ilə müqayisədə sabit saxlanıldı. Bu da inflyasiya təzyiqinin yaranmasına, büdcədən ayrılan maaşların, təqaüdlərin, digər sosial müavinətlərin verilməsində hər hansı ləngimələrə yol verilməməsi ilə nəticələnib. Aşağı inflyasiya səviyyəsi, öz növbəsində, Mərkəzi Banka təkrar maliyyələşmə dərəcələrinin 15 faizdən 2 faizə qədər aşağı salınmasına imkan verib. Bu isə kommersiya banklarının likvidlik, kredit, borc vermək imkanlarını artırıb, faiz dərəcələrini aşağa salmalarına səbəb olub. İstiqrazlarla bağlı Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasətin banklara və digər özəl şirkətlərə əlavə maliyyə dəstəyi göstərməsinə gətirib çıxardığı da hesabatda diqqət yetirilən mühüm məqamlardandır. Bu və digər tədbirlər nəticəsində bank sektoru davamlı olaraq inkişaf edən sahələr sırasında yer alıb. Böhran başlandıqdan sonra bir çox dünya ölkəsindən fərqli olaraq Azərbaycanın valyuta ehtiyatlarında, nəinki azalma baş verib, əksinə, müəyyən artım da qeydə alındı. Bütün bunlar bir daha onu göstərir ki, böhran şəritində belə Azərbaycan qüdrətli ölkəyə çevrilməkdə davam edir.
Azərbaycanın qarşıdan gələn illərdə iqtisadi sahədə indiki ilə müqayisədə daha güclü bir ölkəyə çevriləcəyi nüfuzlu beynəlxalq təşkilatlar, araşdırma institutları, ekspertlər tərəfindən də etiraf edilir. Məsələn, Dünya Bankının proqnozlarına görə, ortamüddətli perspektivdə Azərbaycan xalis xarici investora çevriləcək. Buna şərait yaradan əsas amillərdən biri ölkəmizin həm böyük valyuta ehtiyatlarına malik olması, həm də xarici investisiyaların yatırımına daha böyük diqqət yetirməsidir. Araşdırmalar göstərir ki, Azərbaycanın müxtəlif xarici ölkələrdə yatırdığı investisyaların həcmi artıq 3 milyard dollara yaxınlaşır.
Böhran şəritində ölkə iqtisadiyyatında sabit artım dinamikasına nail olundu
Böhran şəritində iqtisadi ehtiyatlardan səmərəli istifadə olunması, ölkəmizdə istənilən məsələnin müvəffəqiyyətlə həll olunmasına, böyük infrastruktur layihələrinin gerçəkləşməsinə imkan verdi. Davamlı olaraq, əsas investisiya layihələrinin icrasının davam etdirilməsi, iqtisadi inkişafı təmin etməklə yanaşı, işsizlik probleminin ləğvində də vacib rol oynadı. Valyuta ehtiyatlarının bir hissəsinin yerli banklarda yerləşdirilməsi üçün görülən tədbirlər bank sektoruna inamın artmasına gətirib çıxardı. Ayrı-ayrı sahibkarlıq subyektlərinə ayrılan kreditlər hesabına tikintidə, ticarət obyektlərində və digər sahələrdə aktivliyin yüksək səviyyədə qalmasına əsaslı zəmin oldu. Dövlət tərəfindən qlobal iqtisadi böhranın təsirinin neytrallaşdırılması istiqamətində uğurla aparılan dövlət siyasəti nəticədə Azərbaycan dünya dövlətlərinin böyük əksəriyyətindən fərqli olaraq bu problemin yaratdığı fəsadlardan kənarda qalmağı bacardı. Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, özəl sektorun ümumi iqtisadiyyatda xüsusi çəkisinin artması davamlı xarakter aldı. Rusiya, İsveçrə və Anqola banklarında Müşahidə Şurasının müstəqil üzvü olan Ernst Velteke də bildirir ki, dünya maliyyə böhranının Azərbaycandakı banklara təsiri güclü olmayıb, Azərbaycan Milli Bankı böhran şəraitində ondan tələb olunanı edərək, inflyasiyanın qarşısının alınması və azaldılması, həmçinin, yerli maliyyə sisteminin dəstəklənməsi üçün tədbirlər görüb. E.Velteke Azərbaycan hökumətinin real sektorun kreditləşməsini təmin etmək məqsədilə ölkədəki banklara Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) vəsaitlər ayırmaq planları ilə bağlı niyyətini də yüksək qiymətləndirirdi.
İqtisadi azadlıq şəraitində ümumi daxili məhsulumuzun 85 faizi özəl sektorun payına düşür. Baxmayaraq ki, əsas iqtisadi resurs olan neft dövlət tərəfindən idarə edilir. Özəlləşdirmə proqramının və bazar iqtisadiyyatı prinsiplərinin ölkədə geniş tətbiqinin nəticəsidir ki, cari ildə və ondan sonrakı dövrdə Azərbaycan iqtisadiyyatında artım səviyyəsinin dünyanın əksər ölkələri ilə müqayisədə inkişaf tempini saxlamaqdadır. Asiya İnkişaf Bankının "Asian Develorment Outlook 2010" adlı hesabatına görə, cari ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı 9,5 faizə bərabər olacaq. Növbəti ildə isə bu göstəricinin 9,7 faizə çatacağı proqnozlaşdırılır. Bank mütəxəssisləri hesab edirlər ki, qlobal maliyyə böhranı şəraitində həyata keçirilən iqtisadi inkişaf siyasəti nəticəsində bunun Azərbaycana təsirləri minimal xarakter daşıyıb. 2010-cu ilin birinci yarısında Azərbaycan Mərkəzi Bankı öz siyasətini qlobal iqtisadi artımın ləng bərpası və dünya ölkələri üzrə qeyri-bərabər getməsi, beynəlxalq maliyyə-valyuta bazarlarında qeyri-stabilliyin artması, dünya neft bazarında əlverişli konyunkturanın saxlanması, ölkə iqtisadiyyatının sabit artım dinamikası şəraitində həyata keçirib.
Ölkənin valyuta ehtiyatları investisiya imkanlarını artırır
Azərbaycanda makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin şəkildə güclənməsi, ölkənin investisiya imkanlarının artmasına zəmin yaradıb. Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu ən böyük məqsəd neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafında özünü göstərir. Ölkənin iqtisadi inkişafında neft strategiyasının səmərəli istifadə olunması, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilən dövlət proqramları dövlət siyasətinin əsasını təşkil etməkdədir.
Azərbaycanın investisiya üçün seçdiyi xarici dövlət və burada sərmayə qoyulan sahələr kifayət qədər düşünülmüş bir strategiya əsasında həyata keçirilir. Azərbaycan qonşu dövlətlərdən olan Gürcüstan və Türkiyədə enerji infrastrukturuna kifayət qədər böyük sərmayələr yatırır. Xatırladaq ki, Azərbaycanın dünya enerji bazarına çıxışının təminatı baxımından əsas tranzit ölkələr sırasında məhz adıçəkilən iki dövlət çıxış edir. Bu səbəbdən enerji məhsullarının tranzitinin davamlılığını tam təmin etmək, eyni zamanda, bundan da gəlir götürmək üçün Gürcüstan və Türkiyənin xarici investisiya sahəsində əsas ölkələr olaraq seçilməsi Azərbaycanın uğurlu enerji strategiyasının tərkib hissəsidir. Bu ölkələrə investisiaya yatırımı əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) vasitəsilə həyata keçirilməkdədir və bu proses indi də davam etdirilir. Enerji ilə yanaşı, xarici sərmayələrin qoyuluşunda Azərbaycan digər sahələrə, məsələn, qiymətli kağızlar bazarına, aktivlərə, səhmlərə də maraq göstərir. Ölkənin valyuta ehtiyatlarının durmadan artması və maliyyə imkanlarının güclənməsi isə Azərbaycanın daha böyük miqdarda xaricdə investisiyalar yatırmasına şərait yaradır ki, bu da ölkəmizin sərmayə bazarında əsas dövlətlərdən birinə çevrilməsinə gətirib çıxarır. Lakin xarici investisiya qoyuluşu həcmini gücləndirən Azərbaycan həmişəki kimi özü də əcnəbi sərmayədarlar üçün cəlbedici ölkə olaraq qalır.
Azərbaycanın iqtisadi potensialı təkcə enerji amillərindən asılı deyil
Azərbaycanın böyük iqtisadi potensialını səmərəli istifadə edən ölkə iqtidarı bu sahədə həyata keçirdiyi siyasətin yüksək effektivlik dərəcəsini müəyyən edən mexanizmlər müəyyənləşdirib. Ölkə iqtisadiyyatının qlobal böhran şəraitində inkişaf tempinin nümunəyə çevrilməsi ilə yanaşı, əhalinin gəlirlərinin çoxalması fonunda inflyasiyanın olduqca aşağı göstəricilərlə ifadə olunması, Azərbaycanı digər MDB dövlətlərindən fərqləndirən başlıca xüsusiyyətlərdən biridir. Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunan mərasimdə çıxışında Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycanın çox güclü iqtisadi potensialı vardır: "Bu iqtisadi potensial təkcə enerji amillərindən asılı deyildir. Bu il dünyada yaşanan iqtisadi və maliyyə böhranı bunu bir daha nümayiş etdirdi. Bu böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir".
Azərbaycanın iqtisadi potensialının enerji amillərindən asılı olmamasının nəticəsidir ki, ötən yarım ildə manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0,04 faiz dəyişib. Mərkəzi Bankın məlumatına görə, tədiyyə balansının əhəmiyyətli profisiti manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyinin əsas makroiqtisadi faktoru olub. Manatın məzənnəsinin sabitliyi ölkədə inflyasiyanın, iqtisadi subyektlərin xarici borc yükünün və dollarlaşmanın artmamağına, bütövlükdə əhalinin real pul gəlirlərinin qorunmasına imkan verib. İşgüzar aktivliyin və iqtisadi artımın dəstəklənməsi məqsədilə Mərkəzi Bank faiz dəhlizinin parametrlərini və məcburi ehtiyat normalarını dəyişməyib, pul kütləsinin artım mənbələrini qoruyub. Bu şəraitdə yarım il manatla geniş mənada pul kütləsi 7,5 faiz artıb, faiz dərəcələrinin azalmağa doğru meyillənməsinə şərait yaranıb. Mərkəzi Bankın pul siyasətinin əsas məqsədlərindən olan inflyasiya səviyyəsi cari ilin altı ayında ötən ilin müvafiq dövrünə nisbətən 4,9 faiz təşkil edib. Bu dövr ərzində bank sektorunda maliyyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə Mərkəzi Bank nəzarət və tənzimləmə çərçivəsini daha da təkmilləşdirib. Nəticədə bank sistemi maliyyə dayanıqlılığını qoruyaraq inkişafını davam etdirib. 2010-cu ilin ilk 6 ayında bank sisteminin aktivləri 4,4 faiz, kredit portfeli isə 5,2 faiz artıb. Əhalinin əmanətlərinin artımı 9,8 faiz olub.